Jurnalist və çətənə
Çeçenistanda böyük qalmaqal yaşanır. Jurnalist Jalaudi Qeriyev çətənə saxlamaq ittihamı ilə üç il müddətinə həbs cəzası alıb. Bu zaman onun özü, həmkarları, ailəsi, həm də bütün iri beynəlxalq jurnalist və hüquq müdafiəsi təşkilatları əmindirlər ki, narkotik onun çantasına atılıb.
“Bizim heç bir şübhəmiz yoxdur ki, bu yolla Qeriyevdən onun jurnalist fəaliyyətinə görə qisas alırlar. [Çeçenistanda] fikir ifadə etmək azadlığının boğulması ilə bağlı vəziyyət son, seçkiqabağı ildə xüsusiylə ağırlaşıb, Qeriyev də bu repressiyalar qurbanı olan çoxlu sayda insandan biridir, – Human Rights Watch-un Rusiya üzrə proqram direktoru Tatyana Lokşina bildirib.
Jalaudi Qeriyevin cəmi 23 yaşı var, bununla belə o artıq bir neçə ildir ki, jurnalistika ilə fəal məşğul olur, “Кавказский узел informasiya agentliyinin müxbiridir. Onu apreldə saxlayıblar, Moskvada keçiriləcək jurnalist seminarında iştirak etmək istəyən Qeriyevi Qroznıdakı hava limanına getdiyi marşrut avtobusundan düşürürlər.
“Başımdan zərbə endirib, maşınlarına soxdular. Sonra da iki telefonum, içində pasport və noutbukum olduğu çantanı əlimdən aldılar. Bundan sonra məni Tsosin-Yurt kəndi yaxınlığında yerləşən meşəyə gətirdilər, – həmin səhər baş verən hadisələr barədə Jalaudi dəfələrlə istintaq və məhkəmə iclaslarında danışıb.
Meşədə ona qəribə suallar veriblər: nə ilə məşğulsan? Suriyaya getməyi planlaşdırmırsan ki?
Təxminən yarım saat sonra daha bir maşın gəlir. Bu maşından düşən kişi dərhal jurnalistin başına polietilen paketi taxır. Ancaq o boğulmağa başlayandan sonra paketi çıxarır. Qeriyevin əllərini məftillə bağlamışdılar.
Sonra da həmin adam Qeriyevin çantasını götürüb gedir, özünü isə Kurçaloy kəndinin qırağında yerləşən qəbiristanlığa gətirirlər. Məhz bu yer də jurnalistin saxlandığı yer kimi qeyd olunur, bu zaman polis protokolunda bildirilir ki, çantada çətənə aşkar olunub.
İstintaqın əvvəlində Qeriyev ondan tələb olunduğu yerdə imza atır, sonradan isə özünün “etiraf ifadələrindən imtina edir. “Bu, mənəvi sarsıntı idi. İstintaq zamanı ifadələri təzyiq və təhdid altında vermişəm, indi də onlardan imtina edirəm. Günahkar olduğu qəbul etmirəm! – bu sözləri Jalaudi Qeriyev iyulun 16-dan başlayaraq, bütün məhkəmə iclaslarında deyib.
“İttiham tərəfi bildirir ki, müdafiə etdiyim şəxs hələ avqust ayında çətənə yarpaqlarını yığıb, qurudub və istifadə üçün hazırlayıb… aprelin 16-sı səhər saat 08:00-da isə nəhayət onlardan “istifadə etmək fikrinə düşür… Bunun üçün də kəndin qırağına, qəbiristanlığa gedir? – vəkil Alaudi Musayev məhkəməyə müraciətlə deyir, bu haqda “Кавказский узел yazır.
İstintaq təxminən dörd ay çəkib, Front Line Defenders, Human Rights Watch, Norveç Helsinki Komitəsi, Article 19 kimi hüquq müdafiəsi qurumları istintaqı ən azı qənaətbəxş saymır.
“Front Line Defenders Rusiya Federasiyası hakimiyyətini Jalaidu Qeriyevi dərhal azad etməyə və hökmü ləğv etməyə; onun hər hansı cinayət əməli ilə bağlı olmayan bütün müsadirə olunan əşyalarını qaytarmağa; istənilən vəziyyətdə Rusiyadakı bütün insan haqları müdafiəçilərinə repressiyalardan qorxmadan və cinayət təqibinə məruz qalmadan milli və beynəlxalq səviyyədə öz qanuni fəaliyyətlərini həyata keçirmək imkanının verilməsi ilə bağlı zəmanət verməyə çağırır, – təşkilatın bəyanatında deyilir.
“Qeriyevin dostları təşəbbüs qrupu Change.org açıq vətəndaş platformasında jurnalistin işi ilə bağlı qərəzsiz məhkəmənin keçirilməsini tələb edən petisiyanın altında imza toplamağa başlayıb. Bu ana qədər petisiyanı 473 nəfər imzalayıb.
Dərc olunub 14.09.2016