Jurnalist Əfqan Muxtarlı doğmalarının yas mərasimində iştirak etmək üçün iki günlük azadlığa buraxılıb
Paylaşmaq
Paylaşmaq
Altı il müddətinə azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Əfqan Muxtarlı yaxınlarının yas mərasimində iştirak etmək üçün iki günlük azadlığa buraxılıb.
Qırx mərasimi Azərbaycanın Zaqatala rayonunda, Əfqan Muxtarlının doğma kəndi Aşağı Talada keçirilir. Jurnalistin bacısının, bacısı və qardaşı uşaqlarının cansız bədənləri dekabrın sonunda Zaqatalada qaldıqları mənzildə tapılmışdı. İsintaqın ilkin versiyasına görə, onlar dəm qazından zəhərləniblər.
“Dörd ildən çoxdur ata ocağında olmamışam, təəssüflər olsun ki, bu dəfəki səfərim də belə ağır günlərə təsadüf elədi. Doğmaların faciəsini yaşamaq çox ağırdır”, – Əfqan Muxtarlı “Kavkazskiy uzel”in müxbirinə bildirib.
O yenə də istintaqın ona qarşı irəli sürdüyü bütün ittihanmları yalan adlandırıb.
“Məni Tbilisidə oğurlayıb, gizincə Azərbaycana gətiriblər. Bütün cinayət işi ilk sözdən son sözə qədər saxtadır”, – Muxtarlı bildirib.
O həmçinin qeyd edib ki, onun Gürcüstanda oğurlanması ilə bağlı aparılan istintaqın gedişatından da narazıdır.
2017-ci il mayın 29-da araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2014-cü ildən bəri yaşadığı Tbilisidə yoxa çıxıb. Daha sonra o, vəkilinə bildirib ki, Gürcüstanın kriminal polis əməkdaşları tərəfindən oğurlanaraq Bakıya ötürülüb.
Yanvarın 12-də Azərbaycan məhkəməsi Muxtarlını qanunsuz yolla sərhədi keçməkdə, qaçaqmalçılıqda və hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərməkdə təqsirli bilərək altı il müddətinə azadlıqdan məhrum edib.
İyunun 15-də Avropa Parlamenti Azərbaycan hakimiyyətini “araşdırmaçı jurnalist Muxtarlını dərhal azad edib, ona qarşı bütün ittihamlara son qoymağa” çağırıb.