Müğənni Zara Mqoyan Rusiya XİN-in departament direktoru Mariya Zaxarovanın sözlərinə yazılmış mahnı ilə Bakıda
Bakıda Azərbaycan əsilli rusiyalı müğənni, eyni zamanda Azərbaycan prezidentinin keçmiş kürəkəni Emin Ağalarov tərəfindən təşkil olunmuş üçüncü “Jara” musiqi festivalı baş tutub.
Festivalın ilk gününə təşkilatçılar 75 ifaçının çıxışını sığışdıra bilib. Onlarn sözlərinə görə, bu dünya rekordudur.
İyulun 26-29-u aralığında keçən üçüncü “Jara”da Azərbaycan, Rusiya, Qazaxıstan və digər ölkələrdən olan artistlər iştirak edib, üstəlik Rusiya pop-musiqisi demək olar ki, tam tərkiblə təmsl olunub. Festival iştirakçıları siyahısında Filip Kirkorov, Soso Pavliaşvili, Nyuşa, Ani Lorak, Qriqori Lepts, Timati və digərləri olub. Ümumilikdə 81 nəfər artist dəvət olunub.
Bu il tədbir əvvəlki illərdən baha – 6 milyon dollara başa gəlib.
Festival Sea Breeze Hotel mehmanxanasının çimərlik hissəsində – Xəzər dənizi sahilində keçirilib. Bilet qiymətləri 50-300 dollar arası olub.
Festivalda tamaşaçı sıralarında rusiyalı məmurlar – prezidentin mətbuat katibi Dmitri Peskov və Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova da olub. Zaxarovanın sözlərinə görə, onun üçün bu, “həm ziyarət, həm ticarətdir”, o həm burdakı Xarici İşlər Nazirliyində azərbaycanlı həmkarı ilə ənənəvi olaraq görüşəcək və eyni zamanda kreativ istirahət keçirəcək.
Zaxarova sözarası qeyd edib ki, festivalda Maksim Fadeyevlə birlikdə yazdığı mahnı da səslənəcək. Bu mahnını Zara (“erməni soyadına” görə bakıya gəlişi sərt qarşılanan müğənni) ifa edəcək.
Yerli KİV festivalın necə gözəl keçməsi iıə bağlı xəbərlər hazırlayarkən sosial şəbəkələrdə əsasən mənfi reaksiyalara rast gəlmək olardı:
“Zövqün deqradasiyası. Gürcüstanda Plant iki saat yarım canlı çıxış edir, bizdə isə Uspenskaya beş dəqiqə fonoqrama ilə, üstəlik daha baha”.
“Digər festivalların qəbul etmədiyi bütün səsi olmayan və fərsiz ifaçıları toplayıblar Bakıya”.
“Yalnız əsəbləri və qulaq pərdələri möhkəm olanlar “Jara”ya gedə bilər, əks halda bu kokofoniyaya dözmək mümkün deyil”.
Mariya Zaxarovanın isə festival xoşuna gəlib:
“Çox gözəl festivaldır, çox irimiqyaslıdır, demək olar ki, bütün Rusiya estradası iştirak edir. Təşkilatçılara afərin”.