JAMnews-un mənbəyi: Cənubi Osetiyada həlak olan Gürcüstan vətəndaşının bütün daxili orqanları çıxarılıb
22 gün əvvəl Samxarauli adına Milli Ekspertiza Börosunda Arçil Tatunaşvilinin meyiti üzərində tədqiqat başlayıb. Ekspertizanın nəticələri hələ də bəlli deyil. Büroda nəticələrin nə zaman açıqlanacağı haqda da bir söz deyə bilməyiblər. JAMnews ekspertizanın hansı mərhələdə olduğunu və niyə yekun rəyin bu qədər ləngidiyini aydınlaşdırmağa çalışıb. Etibarlı gizli mənbənin bildirdiyinə görə, Tatunaşvilinin meyiti Gürcüstan tərəfinə daxili orqanları və beyni çıxarılandan sonra təhvil verilib.
“Bu, ölüm səbəbini müəyyən etməyi həddən artıq çətinləşdirir”, – mənbə bildirib.
___________________
Gizli mənbədən alınan bu informasiyanı nə Gürcüstanın Daxili İşlər Nazirliyində, nə də Samxarauli adına Milli Ekspertiza Bürosunda təsdiq etməyiblər, amma inkar da etməyiblər.
“Təəssüf ki, bu informasiyanı şərh edə bilmirəm. Ekspertiza hansı mərhələdədir – bilmirəm, ekspertiza başa çatmadan bizim ekspertlərdən heç biri bu haqda məlumat verməyəcək. Bütün detalları ekspertizanı sifariş verən qurumdan – bu halda prokurorluqdan dəqiqləşdirmək lazımdır”, – Samxarauli adına Milli Ekspertiza Bürosunun ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Eka Çumburidze deyib.
“Bu işlə Daxili İşlər Nazirliyi məşğul olur, bütün suallarla bağlı ora müraciət edin. Biz isə istintaq maraqları səbəbilə suallara cavab vermirik”, – prokurorluğun mətbuat xidmətindən bildirilib.
__________________
Gürcüstanda Arçil Tatunaşvilinin meyitinin ekspertizası ilə Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosu məşğul olur. Mərhumun meyiti Gürcüstan tərəfində təhvil veriləndən dərhal sonra onu məhz buraya gətiriblər. Həmin vaxtdan artıq 22 gün keçib, ekspertiza isə hələ də susur.
“Tibbi ekspertizanın zaman məhdudiyyəti yoxdur, çünki bu elə prosesdir ki, bu zaman yeni suallar ortaya çıxa və yeni tədqiqatlara ehtiyac yarana bilər”, – Milli Ekspertiza Bürosunun ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Eka Çumburidze deyib.
İşin detallarını prokurorluq da şərh eləmir.
JAMnews-un gizli mənbəyinin bildirdiyinə görə, Tatunaşvilinin meyiti Gücüstan tərəfinə verilənə qədər onun ürəyi də daxil olmaqla bütün daxili orqanları, o cümlədən də beyni çıxarılıb.
Ehtimal etmək olar ki, orqanlar Rusiyada ekspertiza zamanı tədqiqat üçün çıxarılmış ola bilər. Məhkəmə ekspertizası keçirilən zaman kəllə, döş qəfəsi və qarın boşluğu açılır. Prosedurlar orqanların toxumalara ayrılmasını nəzərdə tutur, nümunələr götürülür, bundan sonra isə bir qayda olaraq, orqanlar yenidən bədənin içinə yerləşdirilir. Mənbəmizin məlumatına görə, Tatunaşvilinin misalında bu baş verməyib.
“İndi ekspertiza ölüm səbəbini praktiki olaraq obyektiv təyin edə bilməyəcək”, – mənbə deyir. – “Sxinvalidən bildirirlər ki, Tatunaşvili ürək çatışmazlığından keçinib, gürcüstanlı ekspertlər isə bunu təsbit edə bilməyəcəklər, çünki bu orqan onların əlində deyil. Material o qədər azdır ki, [hələ sağ ikən] daxili orqanlarının [döyülmə nəticəsində] zədələnib-zədələnmədiyini müəyyən etmək mümkün olmayacaq. Bilmirəm ekspertiza məsələnin öhdəsindən necə gələcək”.
Arçil Tatunaşvilinin meyitinin ekspertizaya əskik “sayda materialla” təhvil verildiyini “Empatiya” İşgəncə və Zorakılıq Qurbanlarının Beynəlxalq Reabilitasiya Mərkəzində də təsdiqləyiblər. Aprelin 12-də yayılan bəyanatda deyilir:
“Bu il martın 20-də Arçil Tatunaşvilinin meyiti ekspertiza üçün əskik sayda materialla təhvil verilib, bu da ölüm səbəbini müəyyən etməyi çətinləşdirir və tam ekspertiza keçirməyin qarşısını almaqla bağlı ehtimalı ortaya çıxarır”.
“Empatiya” Arçil Tatunaşvilinin işinə prokurorluğun qərarına əsasən cəlb olunub və Milli Ekspertiza Bürosu kimi leqal əsaslarla meyiti müayinə edib.
Bu versiyaya nə rəsmi Tbilisi, nə də Tatunaşvilinin ailəsi inanır. Gürcüstan tərəfi Tatunaşvilinin ölümünün zorakıı xarakter daşıdığından şübhələnir. Şübhələr osetin tərəfinin bir aya yaxın müddətdə Tatunaşvilinin meyitini verməkdən boyun qaçırması səbəbilə dolayı yolla təsdiqlənir.
Tatunaşvilinin meyitinin ekspertizası iki dəfə – həm Rusiyada, həm də Gürcüstanda keçirilib. Hazırkı mərhələdə bu ekspertizaların heç birinin nəticələri ictimaiyyətə bəlli deyil. Bununla belə osetin tərəfi əmin edir ki, Rusiyada keçirilən ekspertiza Tatunaşvilinin ürək çatışmazlığı nəticəsində öldüyünü təsdiqləyib.
Rusiya ekspertizasının nəticələrini osetin tərəfi Tatunaşvilinin meyiti ilə birlikdə Gürcüstan tərəfinə təhvil verib. Bunu meyiti Sxinvalidən Gürcüstan tərəfinə gətirən Beynəlxalq Qırmızı Xaç Cəmiyytinin yerli nümayəndəliyi də təsdiqləyir.
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin media zabiti Sofiya Elizabaraşvilinin sözlərinə görə, Rusiya ekspertizasının nəticələri digər materiallarla birlikdə Gürcüstanın DİN-ə təhvil verilib. O deyib ki, onun təşkilatı meyit daşınmasının yalnız texniki tərəfləri ilə məşğul olub və ekspertiza nəticələrində məhz nə yazıldığı məlum deyil.
___________________
Samxarauli adına Milli Ekspertiza Bürosunun keçirdiyi ekspertizada “Empatiya”nın məhkəmə-tibbi eksperti İrakli Toidze də iştirak edib. “Empatiya” Tatunaşvili işi üzrə JAMnews-la danışmağa razılaşan ən məlumatlı yeganə qurum oldu.
Toidzenin iştirak etdiyi ekspertiza prosesində meyitə üstdən baxış keçirilib, rentgen müayinəsi edilib, laboratoriya tədqiqatı üçün nümunələr götürülüb.
Daxili orqanları olmadığı halında hansı növ tədqiqat aparıldığı bəlli deyil. Bununla bağlı “Empatiyada” heç nə demirlər, baxmayaraq ki, meyitin müayinəsi zamanı nümunələr yalnız daxili orqanlardan yox, dəridən, dişlərdən, sümük toxumalarından, dırnaqlardan, saçdan da götürülür. Hələlik heç bir nəticə məlum deyil; tədqiqat sayı və növləri haqda da heç bir informasiya yoxdur.
Martın 21-də axşam saatlarında Tatunaşvilinin meyitini görən “Empatiya” ekspertləri bildirirlər ki, xarici vizual baxış zamanı meyit üzərində işgəncə izləri müşahidə olunub. Təfərrüatlar haqda mərkəzdə heç nə demirlər.
“Empatiya” rəhbəri Mariam Cişkariani bildirir ki, onun mərkəzinin bu cür tədqiqatlarla bağlı böyük təcrübəsi var və adətən laboratoriya işinin nəticələri Tatunaşvilinin işində olduğu qədər çox zaman tələb eləmir. “Üstəlik əldə olan məlumata görə, bunun üçün material da az olub”, – Mariam Cişkariani deyir.
Onun sözlərinə görə, mərkəz Milli Bürodan Rusiya ekspertizasının nəticələrini istəyib, amma oradan cavab veriblər ki, hələlik prokurorluqdan bu sənədin gürcü dilinə tərcüməsini almayıblar.
Samxarauli adına Milli Ekspertiza Börosunda JAMnews-un məhz hansı laboratoriya tədqiqatlarının 20 gündən çox uzandığı haqda sualını cavablamayıblar. Mariam Cişkarianinin sözlərinə görə, “Empatiya” mərkəzi Milli Büro ekspertlərinin işinin nəticəsini daha bir həftə də gözləməyə hazırdır. Əgər bu müddət ərzində nəticələr ortaya çıxmazsa və ya “Empatiya” nümayəndələri onun nəticələrindən razı qalmazsa, o zaman mərkəz öz laboratoriya tədqiqatını aparmaq icazəsi istəyəcək, özü ekspertiza keçirəcək və hesabat təqdim edəcək. Onun sözlərinə görə, yekun qənaət üçün daha çox həcmdə işə ehtiyac var.
Yekun nəticənin təqdim olunması üçün yalnız tibbi ekspertizanın rəyi kifayət deyil. Bu işlə bağlı digər detallara ehtiyac var – ölümün məhz harada, nə zaman və hansı şəraitdə baş verməsi haqda məlumat; şahidlərin ifadələri və digər zəruri materiallar, hansılar ki, Mariam Cişkarianinin sözlərinə görə hələ ki, Tatunaşvili işinin içində yoxdur.
“Prokurorluqda çox az fakt və məlumat var”, – Cişkariani deyir. Onun sözlərinə görə, prokurorluğun “Empatiya” mərkəzinə təqdim etdiyi həmin matreiallarda çox şey dəqiq deyil və dumanlıdır.
Gürcüstan DİN-də JAMnews-un Tatunaşvili işi ilə bağlı suallarını cavabsız qoyublar.
“İstintaq maraqlarını nəzərə alaraq heç nə deyə bilmərik”, – Tatunaşvili işi ilə bağlı məlumat təqdim etməyə məsul olan DİN mətbuat xidmətinin əməkdaşı Anano Barabadze deyib.
Tatunaşvili işi üzrə Gürcüstan DİN-i Cinayət Məcəlləsinin azadlıqdan qanunsuz olaraq məhrum etmə və adam öldürməni nəzərdə tutan 108 və 143-cü maddələrlə istintaq aparır. Bu cinayətlər 2 ildən 4 ilə qədər və 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İstintaqda əcnəbi ekspertlər iştirak edir, onların dəvət edilib-edilməyəcəyi hazırkı mərhələdə məlum deyil.