İyunun 1-dən Gürcüstanda quru sərhədləri açılacaq, kafe və restoranlar isə istirahət günlərində işləyəcək
İyunun 1-dən Gürcüstanda ictimai iaşə obyektləri üçün istirahət günlərində məhdudiyyətlər aradan qaldırılacaq. Eyni zamanda Koordinasiya Şurasının qərarı ilə quru sərhədləri açılacaq.
İctimai iaşə müəssisələri hətta qapalı məkanlarda da müştəri qəbul edə biləcəklər, amma kütləvi tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə qalır – Koordinasiya Şurası Operativ Qərargahın rəisi Giorgi Qibradze qeyd edib.
“Vurğulayaq ki, toy, banket və digər bu kimi kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyətlər qüvvədə qalır”, – Qibradze deyib.
Quru sərhədlərinə gəlincə, vaksinasiya sertifikatı və PCR testinin mənfi nəticəsi və ya son 72 saat ərzində edilmiş PCR testinin mənfi nəticəsi ilə Gürcüstana daxil olmaq mümkün olacaq. Amma bu halda həmin şəxs növbəti 72 saatdan sonra testi təkrarlamalı olacaq.
Gürcüstanda məhdudiyyətlərin aradan qaldırılmasına ehtiyatla yanaşırlar. Ölkədə gündəlik yoluxma hallarının sayı mindən çoxdur, 30 nəfərə yaxın koronaviruslu pasiyent ölür. Amma mayın sonuna doğru vəziyyət stabilləşir – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze hesab edir. Onun sözlərinə görə, bununla əlaqədar olaraq hakimiyyət bu yaxınlarda komendant saatı rejimini yumşaldıb – mayın 17-dən komendant saatı əvvəlki kimi 21:00-dan yox, 23:00-dan başlayır.
Vaksinasiya prosesi ləng gedir. Bir çox hallarda bu, vətəndaşların təklif olunan peyvəndə etibar etməməsi, o cümlədən də prosesin pis təşkil olunması ilə bağlıdır – peyvənd vurdurmaq üçün çoxları evlərindən yüzlərlə kilometrlik məsafə getməli olur.
Gürcüstan dörd peyvənddən istifadə edir – Almaniya-Amerika istehsalı Pfizer, Britaniyanın AstraZeneka, Çinin Sinopharm və SinoVac.
Onlardan ancaq üçü – Pfizer, AstraZeneca və Sinopharm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib.