İsrail Gürcüstan vətəndaşlarına sığınacaq verməkdən imtina edir
Paylaşmaq
Paylaşmaq
İsrail dövləti bundan sonra Gürcüstan vətəndaşlarına siyasi sığınacaq verməyəcək, çünki Gürcüstanı təhlükəsiz ölkə hesab edir. Düzdür, sığınacaq istəklərinə bundan sonra da baxılacaq, amma sürətləndirilmiş prosedura ilə və işləmək hüququ olmadan.
28 fevralda Gürcüstanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumata əsasən İsrail Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib. Bu isə o deməkdir ki, Gürcüstanda heç kimin irqi, dini, milli əlamətinə görə və ya hansısa sosial qrupa aidiyyəti səbəbindən təqib olunması üçün “əsaslı təhlükə” yoxdur.
XİN xəbərdarlıq edir ki, Gürcüstan vətəndaşlarının İsraildə siyasi sığınacaq almaqla bağlı müraciəti təmin olunmayacaq, “əgər bunun üçün real səbəb olmayacaqsa”.
Gürcüstanın təhlükəsiz ölkə statusu həm də sığınacaqla bağlı müraciətlərə baxılması prosedurasının dəyişilməsi deməkdir – bundan sonra bu, sürətləndirilmiş rejimdə, maksimum bir ay müddətində həyata keçiriləcək. Bu müddət ərzində əvvəlkindən fərqli olaraq müraciətçinin İsraildə işləmək hüququ olmayacaq.
Gürcüstan XİN-in məlumatına görə, İsrail Belçika, Fransa, Bolqarıstan və Avstriyadan sonra Gürcüstanı təhlükəsiz ölkə hesab edən beşinci dövlətdir.
İsrail Gürcüstan vətəndaşları üçün vizasız rejimi 2014-cü ilin martından tətbiq etməyə başlayıb. 2016-cı ilin noyabrında İsrailin Haarets qəzeti yazmışdı ki, İsrail hakimiyyəti Gürcüstan və Ukrayna vətəndaşları üçün siyasi sığınacaq müraciətlərinə avtomatik rədd tətbiq etməyi planlaşdırır. Səbəb kimi sığınacaq üçün müraciət edənlərin statistikası göstərilirdi – 2016-cı ilin 10 ayı ərzində İsrailə siyasi sığınacaq üçün 3069 nəfər Gürcüstan vətəndaşı müraciət edib.