28 yaşlı Cənubi Osetiya sakininin təcridxanada işgəncə nəticəsində öldüyü ehtimal olunur
Cənubi Osetiyada İnal Cabiyevin işgəncə nəticəsində baş verdiyi ehtimal olunan ölümündən sonra hökumət istefaya gedib. Prezident ədalətli istintaq vəd edib.
Cənubi Osetiyada 28 yaşlı İnal Cabiyevin təcridxanada işgəncə nəticəsində öldüyü ehtimal olunur. O, 2020-ci il avqustun 18-də DİN rəhbəri İqor Naniyevin xidməti avtomobilinin atəşə tutulmasında şübhəli bilinərək saxlanılmışdı.
Hakimiyyət işgəncə versiyasını təsdiqləmir, amma daxili işlər naziri istefaya göndərilib, prezident istintaqı şəxsi nəzarəti altına götürəcəyini vəd edib.
Ümumilikdə yüzə yaxın insan, o cümlədən də İnal Cabiyev və hələ də həbsdə qalan əkiz qardaşı Atsamaz nazirə qarşı sui-qəsd işinin istintaqı çərçivəsində saxlanılıb.
Cabiyevin gətirildiyi şəhər xəstəxanasının qarşısına onun qohumları, qonşuları və dostları toplaşıblar. Meyit doğmalarına təhvil verilməyib, sosial şəbəkələrdə isə morqda çəkilən və meyitin üzərində işgəncə izlərini, qançırları əks etdirən fotolar yayılıb.
İnal Cabiyevin üç övladı qalıb.
Facebook-da müxalif qüvvələrə aid səhifələrin adminləri əhalini Teatr Meydanına çıxmağa və prezident Anatoli Bibilovun, həmçinin hökumətin istefasına nail olmağa çağırıb. Axşama doğru orada 100 nəfərə yaxın insan toplaşıb.
Daxili işlər naziri İqor Naniyev dəfələrlə Cənubi Osetiyada cəmiyyətin qəzəbinə səbəb olub. Çoxları deyib ki, onun maşınının atəşə tutulması həbsxanalarda məhbuslara qarşı törədilən zorakılığa görə qisas ola bilər.
2020-ci il iyunun əvvəlində orada dəhşətli hadisə baş verib – növbəti reyddən sonra 20 nəfərə yaxın məhbus aqressiv münasibətə etiraz əlaməti olaraq damarlarını kəsib. O zaman ölən olmayıb.
Bir neçə gündən sonra parlament hadisəni müzakirə etmək üçün iclas çağırıb – güc strukturlarının 200 nəfərə yaxın əməkdaşı, o cümlədən də xüsusi təyinatlılar tam kamuflyajlı və silahlı şəkildə oraya gəlib.
Cəmiyyətdə çoxlarının dəstəklədiyi müxalif deputatlar o zaman bildirmişdilər ki, hakimiyyət onları yerli həbsxanada məhbuslara qarşı çoxsaylı zorakılıq hallarının araşdırılmasından imtinaya məcbur etmək üçün güc strukturlarından istifadə edir.
O zaman Anatoli Bibilov nazir Naniyevi işdən azad etmək istəməmişdi. Amma bu dəfə Bibilov insanların qarşısına çıxaraq DİN rəhbərinin işdən uzaqlaşdırıldığını elan edib.
Prezident bildirib ki, cinayət işi açılıb, yoxlama aparılır və bütün günahkarlar cəzalarını çəkəcəklər.
“Bu iş sona çatdırılacaq, günahkarlar cəzalarını çəkəcək, mən bunu şəxsi nəzarətimə götürürəm”, – Bibilov deyib.
İşin materialları ekspertiza üçün Rusiyanın Rostov şəhərinə göndərilib ki, nəticələrin “səhihliyinə heç bir şübhə olmasın və heç kim istintaqa təsir etməsin”, – prezident deyib.
Mərkəzi meydanda etirazçılar arasında parlament deputatları və müxtəlif qurumların rəhbərləri də var. İnsanlar hadisənin araşdırılmasını, hökumətin bütün tərkibinin istefasını və parlamentin təcili iclasının çağırılmasını tələb edirlər.
Baş prokuror Uruzmaq Caqayev bildirib ki, həbs olunan Cabiyev huşsuz vəziyyətdə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb və huşu özünə gəlmədən keçinib.
Prokuror bildirib ki, “tibbi müayinə nəzərə alınaraq yaxın zamanda nəticələr haqda məlumat veriləcək”.
Avqustun 28-də axşam Cənubi Osetiya parlamenti fövqəladə sessiya çağırıb.