“Ədalətli Seçkilər” (ISFED) qeyri-hökumət təşkilatı tərəfindən aparılan araşdırmaya görə, hakim “Gürcü Arzusu” partiyası 2019–2025-ci illər ərzində ümumilikdə 1 503 708 lari [təxminən 554 min dollar] məbləğində vəsaiti 22 onlayn mediaya ödəyib.
Təşkilat bu məlumatı Korrupsiyaya Qarşı Mübarizə Bürosuna və Dövlət Audit Xidmətinə təqdim olunan maliyyə bəyannamələrini araşdırmaqla müəyyən edib.
ISFED-in məlumatına görə, son iki il ərzində ödənişlər demək olar ki, hər ay həyata keçirilib, həm parlament və bələdiyyə seçkiləri ərəfəsində, həm də bu dövrlər arasında. Bu isə partiya ilə həmin media qurumları arasında uzunmüddətli və sabit əməkdaşlıq əlaqələrinin mövcudluğunu göstərir.
Araşdırmada qeyd olunur ki, “Gürcü Arzusu” ilə əlaqəli onlayn medialara ayrılan büdcə vəsaitləri əsasən sadələşdirilmiş satınalmalar hesabına həyata keçirilib. 2019–2025-ci illər ərzində bu cür müqavilələrin ümumi sayı 1159 olub, onların ümumi dəyəri isə 4,3 milyon lari [təxminən 1 milyon 584 min dollar] təşkil edib.
ISFED ən azı 25 xəbər agentliyinin birbaşa və ya dolayı şəkildə “Gürcü Arzusu” ilə əlaqəli olduğunu müəyyən edib. Bu agentliklər iki paralel kanal vasitəsilə mütəmadi və təşkilatlanmış maliyyə dəstəyi alırlar: birbaşa şəkildə “Gürcü Arzusu” tərəfindən maliyyələşmə və dövlət büdcəsindən ayrılan vəsaitlər.
Araşdırmanın əsas nəticələri
Sadələşdirilmiş satınalma müqavilələrinə əsasən, “Gürcü Arzusu” ilə əlaqəli onlayn medianın əsas maliyyə mənbələri yerli özünüidarəetmə orqanları (46%) və dövlət büdcələri (33%) olub. Maliyyələşmənin 4%-ni Acarıstan və Abxaziya Muxtar Respublikalarının hökumətləri, 17%-ni isə dövlət qurumlarının daxili gəlirləri təşkil edib;
Newshub xəbər agentliyinin sahibi olan “Pirveli” MMC 2024–2025-ci illərdə dövlət tenderlərində aktiv iştirak edib və bu tenderlərdən 100%-lik gəlir əldə edib. Dövlət Satınalmaları Agentliyinin məlumatına görə, 2025-ci il sentyabrın 18-nə olan vəziyyətə əsasən, şirkət son iki il ərzində ümumi dəyəri 2 617 744 lari olan 32 tenderin qalibi olub;
Maliyyə dəstəyi alan media qurumlarının redaksiya siyasəti hakim partiyanın ideyalarına uyğun gəlir. Onlar “Gürcü Arzusu”nun təbliğatını aparır, partiyanın ideyalarını yayır və bəzi hallarda müxalifətə qarşı kampaniyalarda iştirak edirlər. “Gürcü Arzusu”nun siyasi narrativlərinə uyğun xəbərləri yaymaq məqsədilə Newshub-ın Facebook səhifəsində (2020-ci ilin 25 noyabrına qədər – “Pia.ge – Xəbərlər”) 25,4 min dollardan çox dəyərində 1 721 siyasi reklam yerləşdirilib;
Müstəqil onlayn medianın fəaliyyətinin məhdudlaşdırıldığı bir şəraitdə, hakim partiyanın loyal mediaya davamlı maliyyə dəstəyi sxemindən istifadə etməsi göstərir ki, “Gürcü Arzusu”nun məqsədi müstəqil onlayn medianı siyasi birlik tərəfindən nəzarət olunan agentliklərlə əvəz etməkdir.