İrandakı etirazlar fonunda Azərbaycan: Bakı niyə Tehran üçün təhlükə kimi görünür?
İrandakı etirazlarda Azərbaycanın mövqeyi
İranda kütləvi etirazların çoxalması ilə “Cənubi Azərbaycan” mövzusu yenidən regional gündəmin ön sırasına çıxıb. Bu prosesdə Azərbaycan Respublikası həm soydaş amili, həm də ABŞ və İsraillə yaxınlığı səbəbilə Tehranın xüsusi həssaslıqla izlədiyi əsas aktorlardan birinə çevrilib.
Ötən ilin son günlərindən başlayaraq İranda milli valyutanın kəskin dəyərsizləşməsi və qiymət artımları nəticəsində kütləvi etirazlar ölkənin böyük şəhərlərini bürüyüb. İlk olaraq dekabrın 28-də Tehranın Böyük Bazarı ətrafında başlayan aksiyalar qısa zamanda Məşhəd, İsfahan kimi şəhərlərə yayılıb.
Əhali ağır inflyasiya (rəsmi məlumatlara görə illik 50%-dən yüksək) fonunda yoxsullaşmaya, ərzaq və dərman qıtlığına, işsizliyə qarşı küçələrə çıxıb. Sosial tələblərlə başlanan aksiyalar çox keçmədən siyasi xarakter alıb.
Dövlət orqanları əvvəlcə etirazları lokallaşdırmağa çalışsa da, proses nəzarətdən çıxıb. Artıq iki həftədən çoxdur davam edən toqquşmalarda etirazçılar dövlət tərəfindən öldürülür. Müstəqil insan haqları qrupları yanvarın 8-9-da təhlükəsizlik qüvvələrinin bir neçə şəhərdə dinc aksiyaçılara odlu silah tətbiq etməsi nəticəsində yüzlərlə, bəlkə də minlərlə insanın öldürüldüyünü bildirir.
Sosial şəbəkələrdə yayılan kadrlar Tehranın Kəhrizək morqunda yüzlərlə cəsədin torbalarda yan-yana düzülməsini göstərir. İran hökuməti isə itkilərlə bağlı tam məlumat verməsə də, etirazlar zamanı ən az 109 polis və təhlükəsizlik əməkdaşının öldüyünü etiraf edib.
Ekspertlərin fikrincə, etirazlar hələ ki, rejimi dərhal yıxacaq gücdə deyil, hakimiyyətin güc strukturları hələ monolit qalır və yaxın bir-iki ayda rejimin tam çökməsi ehtimal olunmur. Janes Analitik Xidmətinin dəyərləndirməsinə görə, hökumət yaxın perspektivdə müəyyən sosial-iqtisadi güzəştlərlə etiraz dalğasını yatırtmağa cəhd göstərə bilər.
“JAMnews”un bu materialında istifadə olunan terminlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
ABŞ, İsrail və Azərbaycan: Tehranı əhatələyən alyans kimi
İran rejimi indiki böhranı təkcə daxili problemlərin deyil, həm də regiondakı geosiyasi dəyişikliklərin nəticəsi kimi görür. Xüsusilə, son illərdə Yaxın Şərq və Cənubi Qafqazda baş verən proseslər İranın ənənəvi təsir dairəsini daraldıb.
Bu prosesdə Azərbaycan Respublikasının rolu diqqətəlayiqdir. Son 3 ildə Azərbaycan-İsrail strateji tərəfdaşlığı və Azərbaycan-Türkiyə hərbi ittifaqı Cənubi Qafqazda güc balansını kəskin şəkildə Tehran əleyhinə dəyişib.
2020-ci ildəki İkinci Qarabağ müharibəsində İsrailin Azərbaycana verdiyi müasir silahlar (dronlar, yüksək dəqiqlikli raketlər və s.) Bakıya qələbə qazandırmaqla yanaşı, İsrailə də İran sərhədində strateji müttəfiq qazandırıb.
“Carnegie Endowment” yazır ki, Azərbaycan İsrail üçün “İranın arxa qapısında” əlçatımlı platformadır. Bu əməkdaşlıq sayəsində Təl-Əviv Tehran barədə kəşfiyyat məlumatları toplayır, lazım gəldikdə İranın yaxınlığında əməliyyat imkanları əldə edir.
Tehran üçün həyəcan təbili çalan hadisələrdən biri də 2023-cü ilin sentyabrında baş verib. Rusiyanın Ukrayna savaşına başı qarışdığı bir vaxtda Azərbaycan ordusu Qarabağdakı işğal edilmiş ərazini nəzarətə götürüb, oradakı qurum dağılıb, Rusiya sülhməramlıları regiondan çıxarılıb.
Nəticədə, Cənubi Qafqazda onilliklərdir mövcud olmuş “dondurulmuş münaqişə” nizamı sarsıldı – İranın şimal sərhədində artıq Rusiyanın söz sahibi olmadığı, Türkiyə və Qərbin (o cümlədən İsrailin) təsirinin artdığı yeni mərhələ başlayıb. Bakı regionda “orta güc” olaraq önə çıxıb və getdikcə daha cəsarətli siyasət yürütməyə başlayıb.
Azərbaycanın bu yüksəlişi Tehranda narahatlıq doğurur. İran uzun müddət Ermənistanı dəstəkləməklə Cənubi Qafqazda öz mövqeyini qoruyub. Lakin indi Ermənistan da Qərbə doğru meyllənir. Ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İrəvan və Bakı arasında sülhə dair mühüm razılaşmalar əldə olunub.
Həmin razılaşmaya əsasən Azərbaycanın Zəngəzur adlandırdığı ərazi vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirən 42 km-lik yolun açılması planı elan edilib və bu marşrut hətta “Trump Route for International Peace and Prosperity (TRIPP)”, yəni “Trampın Beynəlxalq Sülh və Rifah Yolu” adlandırılıb. Bu, rəmzi də olsa, Vaşinqtonun regiondakı diplomatik uğurunu göstərirdi.
Tehran isə bu dəhliz vasitəsilə ABŞ və İsrailin öz sərhədinə yerləşə biləcəyindən narahatlığını gizlətməyərək kəskin etirazını bildirib. İndi İran rəhbərliyi həm qərbdən (Ermənistan istiqamətindən) potensial ABŞ hərbi-logistika mövcudluğunu, həm şimaldan (Azərbaycan istiqamətindən) İsrail kəşfiyyat-təxribat aktivliyini öz milli təhlükəsizliyinə birbaşa təhdid olaraq görür.
Beləliklə, İran özünü üçtərəfli bir alyansla üz-üzə görür: ABŞ-İsrail-Azərbaycan əməkdaşlığı.
Bu əməkdaşlıq açıq formada bəyan olunmasa da, Tehran üçün real faktordur. İran mətbuatı vaxtaşırı iddia edir ki, Azərbaycan İsrailə ölkə daxilində kəşfiyyat şəbəkəsi qurmaqda kömək edir, aerodromlarını İsrail PUA-larının istifadəsinə verir və sair.
2024-cü ildə İran kəşfiyyatı Azərbaycanda İsrailin “Mossad” şəbəkəsinin mövcudluğunu iddia edən videolar yaymışdı. Bakı rəsmi şəkildə bu ittihamları rədd etsə də, İsrail-Azərbaycan hərbi əməkdaşlığının həcmi artıq gizli deyil.
Stokholm SIPRI İnstitutunun məlumatına görə, Azərbaycan son on ildə silah idxalının böyük qismini məhz İsraildən həyata keçirib. Bunun qarşılığında İsrail Azərbaycanın neft ehtiyatlarından yararlanır və İranla sərhəddə etibarlı tərəfdaş qazanır.
ABŞ də Azərbaycanla münasibətlərini strateji səviyyədə inkişaf etdirir. Xüsusilə Tramp administrasiyası dövründə Vaşinqton-Bakı yaxınlaşması müşahidə olunur. Prezident Tramp Vaşinqton görüşündən o qədər məmnun qalmışdı ki, Əliyevə imzalı foto hədiyyə edərək üzərində “İlham, sən əlasan, böyük lidersən” sözlərini yazıb.
İlham Əliyev də öz növbəsində Trampın Qarabağ münaqişəsini həll etmək səylərini və bölgəyə sülh gətirməsini yüksək qiymətləndirərək ona dərin təşəkkürünü bildirib. Hətta Azərbaycan və Ermənistan liderləri birgə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcəklərini elan ediblər.
Bütün bunlar göstərir ki, Bakı-Tramp xətti olduqca pozitivdir və bu, İranı narahat etməyə bilməz. Çünki Vaşinqton Bakı vasitəsilə həm Cənubi Qafqazda, həm də dolayı yolla İranda müəyyən təsir imkanları qazanır.
Hazırda Tramp açıq şəkildə İran etirazçılarını dəstəkləyir. Hətta yanvarın 9-da o, özünün “Truth Social” şəbəkəsində Azərbaycana məxsus “Kanal 13” internet televiziyasının (bu yaxınlarda həbsdən çıxan müstəqil bloqer Əziz Orucovun rəhbərlik etdiyi kanalın) ingiliscə hazırladığı süjeti paylaşıb.
Tramp həmin paylaşımında “Bir milyondan çox insan etiraz etdi: İranın ikinci böyük şəhəri (Məşhəd) etirazçıların nəzarətinə keçdi, rejim qüvvələri şəhəri tərk etdi” kimi qeydlər yazaraq İran xalqının ayağa qalxmasını alqışlayıb.
Bu detal simvolik olsa da, göstərir ki, Ağ Ev hətta Azərbaycan mediasının materiallarını silah kimi istifadə etməyə çalışır – İran ictimai rəyinə təsir üçün. Şübhəsiz, Tehran belə addımları öz əleyhinə informasiya müharibəsi kimi qiymətləndirir.
İran tərəfi də əl-qolsuz deyil. Rəsmi Tehran Moskva və Pekindən dəstək gözləyir. Rusiya açıq şəkildə bəyan edib ki, İranın daxili işlərinə xarici müdaxiləyə qarşıdır və diplomatik səviyyədə Tehranın yanında durur.
Kreml nümayəndələri Qərbi İranda “rəngli inqilab” ssenarisi yaratmamağa çağırır, habelə lazım gələrsə İranın iqtisadi ehtiyaclarını qarşılamağa (məsələn, benzin, un qıtlığı olarsa təcili təminata) hazır olduqlarını deyirlər.
Lakin Sergey Markov kimi rusiyalı ekspertlər etiraf edir ki, “Rusiya ilə İran arasında formal hərbi alyans yoxdur, Moskva İran uğrunda birbaşa müharibəyə girməyəcək”. Yəni Kreml ancaq diplomatik-siyasi cəbhədə dəstək verir; hərbi müstəvidə isə ehtiyatlı davranır.
Çin də bənzər mövqe nümayiş etdirir. Pekin İranı açıq müdafiə etməsə də, Qərb təzyiqlərinə qarşı Tehranla enerji və ticarət sahəsində əməkdaşlığı davam etdirir.
Lakin Çin və Rusiya İran böhranına ehtiyatla, kənardan müşahidəçi mövqedə yanaşırlar. Çünki onlar da Tramp administrasiyasının gözlənilməz addımlarından (məsələn, Venesuela prezidenti Maduronu tutub aparması kimi insidentlərdən) ehtiyat edirlər.
Ümumilikdə, qlobal güclər arasında İran böhranına münasibətdə fikir ayrılığı yaranıb. Avropa Birliyi sabitliyin pozulmasından çəkinir, müharibənin yeni qaçqın dalğaları və enerji böhranı yaradacağından ehtiyat edir. ABŞ isə tam əksinə, Tehranı maksimum zəiflətmək strategiyasını güdür. Bu fikir ayrılığı hətta NATO daxilində də müəyyən çatlar yaradıb – bəzi Avropa müttəfiqləri Trampın sərt xəttini dəstəkləmir.
Belə mürəkkəb beynəlxalq mənzərədə Azərbaycanın vəziyyəti xüsusi əhəmiyyət kəsb edir. Tehran açıq şəkildə bildirir ki, İsrail faktorunu Cənubi Qafqaza gətirən məhz Azərbaycandır. İran generalları dəfələrlə Bakını “sionistlərə qucaq açmaqda” ittiham edib, hətta 2021-ci ildə İran ordusu Azərbaycanla sərhəddə genişmiqyaslı təlim keçirərək “əcnəbi (yəni İsrail) qüvvələrə xəbərdarlıq” mesajı vermişdi.
Bakı bu ittihamlara qarşı suveren hüququnu əsas gətirərək istədiyi ölkə ilə əməkdaşlıq edəcəyini vurğulayıb. Lakin reallıqda Azərbaycan üçün incə bir tarazlıq mövcuddur: bir tərəfdən, Tehranla açıq konfrontasiya risklidir (İranla sərhəd boyunca hərbi risklər, daxildə şiə dini faktoru, ticarət əlaqələri var), digər tərəfdən isə İsrail və ABŞ kimi strateji tərəfdaşların dəstəyi Azərbaycanın regional mövqeyini gücləndirir.
Hökumətyönlü mediada “Cənubi Azərbaycan” senariləri
Rəsmi Bakı İrandakı hadisələrə dair hələlik yüksək səviyyədə səs-küylü bəyanatlar verməyib. Lakin Azərbaycan hökumətyönlü media orqanları və şərhçiləri öz mövqelərini kifayət qədər açıq ifadə edirlər. Onların təqdimatında İran rejimi iflasa uğramaqdadır və yaranmış situasiya Azərbaycana tarixi fürsətlər yarada bilər.
Azərbaycan hökümətinə yaxın hesab olunan “Modern.az” saytında dərc edilmiş analizlərdə İranda etirazların “daxili legitimlik böhranı” olduğu vurğulanır. Həmin məqalələrdə qeyd olunur ki, illərlə xalqını sosial rifahdan məhrum edib terror qruplaşmalarına sərvət xərcləyən İran rejimi öz əli ilə iqtisadi böhran yaradıb və indi bunun acı nəticəsi ilə üz-üzədir.
Modern.az-ın müsahibə götürdüyü rusiyalı politoloq Sergey Markov isə xüsusilə “Cənubi Azərbaycan”dakı (İranın şimal-qərb ostanlarında yaşayan azərbaycanlıların) vəziyyət haqqında danışaraq çox diqqətçəkən fikirlər səsləndirib.
Markovun sözlərinə görə, əgər İran daxilində etnik zəmində mümkün parçalanma senarisi işə düşərsə:
“Cənubi Azərbaycanın azərbaycanlıları qarşısında çox çətin seçim dayanacaq: İranda qalmaq, müstəqil dövlət qurmaq, Şimali Azərbaycana (Azərbaycan Respublikasına) birləşmək, yaxud da Bakı ilə müvəqqəti siyasi-ittifaq formalaşdırmaq”.
Onun fikrincə, hadisələrin gedişi sürətlənərsə, Azərbaycan dövləti “Cənubi Azərbaycan”dakı soydaşlarını qorumaq üçün daha aktiv mövqe tutmağa məcbur ola bilər. Bu cür açıqlamanın hökumətyönlü mətbuatda tirajlanması ondan xəbər verir ki, Bakı əslində belə bir perspektivi nəzərdən keçirir.
Digər bir “Modern.az” analizində Elnur Əmirov adlı müəllif İran böhranının geosiyasi nəticələrini dəyərləndirərək yazır:
“Bakı-Təbriz xətti yeni dünya nizamında mühüm rol oynaya bilər. Artıq Bakıdan Təbrizə uzanan yol arzu olmaqtan çıxıb, yeni geosiyasi reallığın parçasına çevrilir”.
Bu ifadə dolayısıyla o deməkdir ki, Azərbaycanla İran Azərbaycanı arasında birbaşa əlaqə (bəlkə də siyasi birləşmə) real perspektivdir. Hökumətyönlü analitiklərin belə açıq iddialar irəli sürməsi Azərbaycanın siyasi elitasının düşüncəsində “Cənubi Azərbaycan kartı”nın nə qədər əhəmiyyətli yer tutduğunu göstərir.
Azərbaycan cəmiyyətində İranın şimal-qərb bölgələri (tarixi adlandırma ilə Güney Azərbaycan) məsələsi həssas və emosional mövzudur. 1918-ci ildə Azərbaycanın müstəqilliyini qazanmasından bu yana bir çox siyasi xadimlər İran azərbaycanlılarının taleyini gündəmdə saxlayıb.
Rəsmi Bakı uzun müddət ehtiyatlı davranaraq İranın ərazi bütövlüyünə hörmət bəyan etsə də, son illərdə dövlət mediasında milli ritorika güclənib.
Məsələn, 2024-cü ilin oktyabrında Azərbaycanın dövlət telekanalının (AzTV) aparıcısı efirdə açıq şəkildə “Cənubi Azərbaycanlıların min bir zülmə məruz qaldığını, hər gün onlardan onlarla mesaj alındığını və hamısının bizimlə birləşmək istədiyini” söyləyib.
İranın nüfuzlu “Tabnak” saytı bu barədə yazaraq qeyd edib ki:
“Bu cür iddiaların Azərbaycan hakimiyyəti ilə razılaşdırılmadan səslənməsi inandırıcı deyil”.
Bakıdan gələn bu mesajların təxribat xarakterli olduğunu vurğulanıb. Yəni İran tərəfi hesab edir ki, Azərbaycan hökuməti bilərəkdən dövlət televiziyası vasitəsilə oradakı türkləri qızışdırır, separatizm toxumu səpir.
Azərbaycan rəsmiləri bu ittihamları qəbul etməsə də, hökumətə yaxın siyasi şərhçilər İranın gələcək taleyində Güney Azərbaycan amilini qabartmağa meyllidirlər. Hətta bəzi hökumətyönlü ekspertlər açıq şəkildə bildirirlər ki, “Bakı indidən İranda parçalanma ssenarisinə hazır olmalı, siyasi-diplomatik manevrlər planını işləyib hazırlamalıdır”.
Belə fikirlər Modern.az, Caliber.az kimi resurslarda mütəmadi yer alır. Məsələn, Modern.az-da Sergey Markovdan öncə dərc olunmuş bir başqa təhlildə qeyd edilirdi ki, “Tehran sarsılır, İran küçələrində küçə üsyanı başlayıb, Ukrayna belə unudulub”, “Ankara və Bakı regionda baş verənlərə hazır olmalıdır”.
Bu kimi manşetlər Azərbaycan ictimaiyyətinə İran rejiminin zəifləməsinin ölkə üçün strateji avantaja çevrilə biləcəyi mesajını verir.
Bununla yanaşı, Azərbaycan mediasında İran etirazlarında “Cənubi Azərbaycan” türklərinin rolu mövzusu da müzakirə olunur. Bəzi hökumətyönlü müəlliflər təəssüf notları ilə qeyd edirlər ki, hazırki etirazların ön sıralarında Güney azərbaycanlılar görünmür.
Səbəb kimi göstərilir ki, İran azərbaycanlıları tarixən bütün inqilablarda öndə olublar və hər dəfə repressiyaya məruz qalıblar; bu dəfə isə nəticəsiz avantüradan yayınmaq üçün gözləmə mövqeyi seçiblər.
“Cənubi Azərbaycan”dakı təşkilatlar (məsələn, Cənubi Azərbaycan Təşkilatları Əlaqə Şurası) son etirazlarla bağlı açıqlama yayaraq dinc nümayişlərin onların da hüququ olduğunu bəyan ediblər və yanvarın 10-u Təbrizdə həmrəylik yürüşü planladıqlarını bildiriblər.
Onlar vurğulayırlar ki, Güneyin bazar əhli və ümumiyyətlə, azərbaycanlı icma bu iqtisadi böhranın ilk qurbanlarındandır və demokratik haqlar uğrunda dinc mübarizə aparmaq niyyətindədir. Yəni Güney Azərbaycandakı qüvvələr hələ ki İranın bütövlüyü daxilində islahat və hüquqlar tələbi mövqeyindədirlər.
Bu məqamı nəzərə alan bəzi politoloqlar xəbərdarlıq edirlər ki, İran azərbaycanlılarının hamısını separatçı kimi təsəvvür etmək yalnış olar. Onların əhəmiyyətli hissəsi öz hüquqlarını məhz federativ və ya demokratik İran tərkibində görür. Dolayısıyla, sabah rejim zəifləsə belə, Cənubi Azərbaycanın taleyinin necə həll olunacağı (müstəqillik, birləşmə, yoxsa muxtariyyət) çox mürəkkəb və həssas məsələdir.
Azərbaycanın mümkün addımları və mövqeyi
Proqnozlara görə, əgər İranda rejim zəifləyib islahat yoluna getsə, Azərbaycan bunu alqışlayacaq, lakin yenə ehtiyatlı münasibət göstərəcək. İranda tam hakimiyyət dəyişikliyi (məsələn, dünyəvi-müvəqqəti hökumətin gəlişi) baş verərsə, Bakı yeni hakimiyyətlə sürətli təmas qurmağa çalışacaq.
Azərbaycan onsuz da İran müxalifətinin bəzi dairələri ilə əlaqələrə malikdir. Tehran rejiminə müxalif beynəlxalq konfranslarda azərbaycanlı diplomatların iştirakı buna işarədir. Hətta mümkün post-rejim senarilərində Güney Azərbaycana muxtariyyət və ya geniş hüquqlar verilməsi kimi mövzular gündəmə gələrsə, Bakı buna dolayı yolla dəstək verə bilər.
Ən mürəkkəb ssenari İranın etnik əsaslı parçalanmasıdır. Bu halda Azərbaycan qarşısında tarixi seçim dura bilər:
Güney Azərbaycan müstəqil respublika elan olunarsa onu tanımaqmı, yaxud onu özünə birləşdirməyə can atmaqmı, yoxsa prosesdən kənarda qalmaqmı?
Sergey Markov kimi şərhçilər məsləhət görür ki, Bakı indidən bütün bu variantlara hazır olmalıdır. Təbii ki, belə dramatik senari baş verərsə, Rusiya və Türkiyə kimi oyunçular da prosesə müdaxilə edəcək.
Rusiya açıq deyib ki, İranın ərazi bütövlüyünün pozulmasına qarşı çıxacaq və Tehranı parçalanmaqdan qorumağa çalışacaq. Türkiyə isə əksinə, Cənubi Azərbaycanda türklərin haqqının təmin olunmasına isti yanaşa bilər (ideoloji olaraq).
Belə geopolitik kombinasiyada Azərbaycanın da rolu kritik olar. Bakı böyük ehtimalla öz açıq mövqeyini ən sona saxlayacaq. Yəni əvvəlcə beynəlxalq güclərin (ABŞ, Rusiya, Türkiyə, AB) hansı ssenariyə üstünlük verdiyini görməyə çalışacaq.
Daha əvvəl də Tehran-Bakı arasında gərginlik artarkən bir çox analitiklər qeyd edirdi ki, Azərbaycan dünyəvi, etnik bağlılıq modelini təbliğ edərək İranın teokratik rejiminə qarşı “məxməri bir cazibə mərkəzi” rolunu oynaya bilər.
İndi görünür, bu proqnoz qismən gerçək olur: İran azərbaycanlılarının bir qismi Şimaldakı Azərbaycan Respublikasının iqtisadi rifahını və dünyəvi həyat tərzini nümunə kimi görür.
Vaxtilə ABŞ-ın keçmiş diplomatı Brenda Şaffer yazırdı ki, “Azərbaycanın dünyəvi hökuməti və liberal cəmiyyəti İranın teokratiyasına alternativ model təqdim edir”, bu isə xüsusilə İrandakı Azərbaycan türklərinə cəlbedici görünə bilər. Bu gün İran küçələrində “Azadlıq!” qışqıran minlərlə gəncin bəlkə də bir gözü Bakıya – “Şimaldakı azad və firavan Azərbaycan” obrazına yönəlib.
İrandakı etirazlarda Azərbaycanın mövqeyi