Dünyada iqtisadi azadlığa dair Heritage Foundation-un dərc elədiyi “2017 Index of Economic Freedom” hesabatında Gürcüstan mövqeyini ötən illə müqayisədə 10 pillə yüksəldərək indeksdə 186 ölkə arasında 13-cü yeri tutub.
Hesabata əsasən, ölkələr əsas dörd meyarla dəyərləndirilir: qanunun aliliyi, hökumətin “ölçüsü”, requlyasiyaların effektivliyi və azad bazar.
Gürcüstanın mövqeyi əmlak hüquqlarının qorunması, biznes azadlığı və hökumətin dürüstlüyü (vicdanlılığı) nöqteyi-nəzərindən yaxşılaşıb. Amma hökumət xərclərinin və vergi yükü baxımından vəziyyət pisləşib.
Həmçinin hesabata əsasən Gürcüstanın əmək bazarının dinamikliyi aşağıdır, işsizlik isə yüksək olaraq qalır – 12 faiz səviyyəsində.
Gürcüstan qiymətləndirmədə 76 bal qazanaraq iqtisadi azadlıq nöqteyi-nəzərindən “əsasən azad ölkələr” kateqoriyasına daxil olub. 70 bal qazanan Ermənistan da eyni kateqoriyaya daxil olub (reytinqdə 33-cü yer). Azərbaycan 63 balla (68-ci yer) qismən azad, Rusiya isə 57 balla (114-cü yer) qeyri-azad ölkələr qrupuna daxil olub. 48 balla qiymətləndirilən Ukrayna reytinqdə 166-cı yeri tutaraq iqtisadiyyatı boğan ölkələr sırasına qatılıb.
İqtisadi azadlıq indeksinin builki liderləri Honkonq, Sinqapur və Yeni Zelandiya olub.