İqtidar partiyasının qələbəsi, saxtakarlıq, məyusluq – Azərbaycanda parlament seçkilərinin nəticələri
Paylaşmaq
Paylaşmaq
“Yeni Azərbaycan” iqtidar partiyası fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində çoxsaylı saxtakarlıqlar fonunda qələbə qazanıb. İlkin nəticələrə əsasən, iqtidar partiyası parlamentdəki 125 yerin 65-ə sahib olub. Qaliblərin əksəriyyəti ötən çağırış parlamentin üzvləridir. 78 deputat öz mandatını saxlaya bilib. 10 yeri xırda və az tanınan partiyaların nümayəndələri, 43 yeri isə müstəqil namizədlər qazanıb. Bir neçə dairə üzrə nəticələr hələlik bəlli deyil.
Hazırkı müxalifətdən parlamentə yalnız bir nəfər – qeydiyyatdan keçməmiş “Respublikaçı Alternativ” (“ReAl”) Partiyası idarə heyətinin üzvü Erkin Qədirli keçib. O, özü öz namizədliyini irəli sürmüşdü.
Seçici fəallığı 47,81 faiz təşkil edib. Minimum seçici fəallığına qoyulan tələb 2009-cu ildə ləğv olunub.
Parlamentə keçə bilməyən müxalif və müstəqil namizədlərin əksəriyyəti seçki nəticələrini saxtalaşdırılmış hesab edir. Səsvermə prosesində onlar dəfələrlə müxtəlif pozuntular haqda: karusellərdən tutmuş fiziki təzyiqə qədər məlumat veriblər.
Müxalif “Müsavat” Partiyasının sədri Arif Hacılı deyib ki, seçkilərdə saxtakarlıqlar “total xarakter” daşıyıb və seçici fəallığı şişirdilib.
Mərkəzi Seçki Komissiyasından bildirilir ki, pozuntular çox olmayıb və hər bir hal araşdırılır.
Seçkini müşahidə edən beynəlxalq təşkilatların reaksiyası hələlik səslənməyib. Hökumətyönlü media seçkini tərifləyən ayrı-ayrı xarici müşahidəçilərdın sitat gətirir.
Məsələn, Elm, Təhsil və Mədəniyyət üzrə Federasiya Şurasının komitə rəhbəri Liliya Qumerova (Rusiya) deyib ki, seçki məntəqələrində “çox və çox nizamlı iş olub, sahə komissiyaları sədrlərinin yüksək peşəkarlığı hiss olunub”.
Məyusluq və qəzəb
Dəfələrlə saxtakarlıq baş verərsə, insanları küçəyə çıxaracağını bəyan edən “Respublikaçı Alternativ” Partiyasının lideri İlqar Məmmədov tərəfdarlarını fevralın 16-da etiraz aksiyasına səsləyib.
“Müsavat” partiyasının lideri keçirdiyi mətbuat konfransında hakimiyyətdən yeni seçkilərin keçirilməsini tələb edib. Hansı addımları atmaq niyyətində olduqları ilə bağlı sualın cavabında Arif Hacılı bildirib ki, bu məsələ müzakirə olunur.
Sosial şəbəkələrdə çoxları məyusluq, qəzəb yaşadığı və bədbinliyə qapıldığı haqda yazır. Amma bu əhval ictimai fəal gənclərin, gənc siyasətçilərin və fəalların nisbətən daha dar çevrəsi ilə məhdudlaşır.
Tamamilə hakimiyyətin nəzarətində olan televiziyalar Azərbaycan əhalisinin əsas informasiya mənbəyi olduğu üçün çoxları vətəndaş cəmiyyətinin bu seçkilərə necə böyük ümid bağladığından xəbərsizdir.