İnək Tereza nə vaxt ağlayır?
Anastasiya Loqvinenkonun şəkli
On il əvvəl evimizdə kürən buzov Tereza dünyaya gəldi. Onun ailənin bir üzvünə necə çevrilməsi bir qədər sonra aydın olacaq. Buzova Tereza adını isə ona görə qoyublar ki, nənə heyvanları adam adlarıyla adlandırmağı xoşlayır.
Əvvəlcə Terezanın bir neçə bacı-qardaşı vardı. Amma böyüyüb, inək olana qədər Tereza artıq tək qaldı.
Bunun da öz mənfi və müsbət tərəfləri vardı.
Bütün diqqət Terezaya yönəldi, bu bir.
İkincisi, yemə tələbat azaldı və kişilər onun dalınca daha dağa qalxmalı olmadılar. Ailəmizdə hər kəs mal-qaranın sayının artması və ya azalmasını biçilmiş otun tonları ilə, mənsə ailəmizin kişilərinin otlaqda keçirdikləri günlərlə ölçürdüm.
Üçüncüsü isə, babamın kefi pozulurdu, çünki hesab edirdi ki, cəmi bir inəyi olan və otlağa getməyən adam sıradan bir şəhərliyə çevrilir.
Terezanı necə satırdıq?
Tereza cins inəklərdən idi və bir neçə il əvvəl onu bizdən almaq istədilər. Babam razılaşdı. Bir neçə gün sonra alıcılar gəlib, Terezanın buynuzuna kəndir bağladılar və onu tövlədən çıxarmağa çalışdılar.
O, isə ayaqları yerə mıxlanmış kimi yük maşınının kuzovuna qalxmaq istəmirdi. Həmin adamlar inəyi döyməyə başladılar. Babam buna dözə bilmədi. Terezaya yaxınlaşıb, dilə tutmağa çalışdı.
Bu an mən tam əminiydim ki, Terezanı tezliklə aparacaqlar. Həm də düşünürdüm ki, görəsən, yeni sahibləri Terezanın nə qədər ot yediyini və ona mütləq xəmir verməli olduqlarını bilirlərmi? Ən çox da məni bu sual narahat edirdi – görəsən, Tereza məni xatırlayacaq? Və necə xatırlayacaq?
Bu zaman babam gözlənilmədən fikrini dəyişib, Terezanı geri tövləyə apardı. Mən sevincək onun yanına qaçıb, üzünü sığalladım və üzünün yaş olduğunu hiss etdim.
Həmin vaxt buna fikir vermədim, amma axşam hamı baş verənləri müzakirə edəndə, babam təbəssümlə dedi:
– Onunla ayrılmağın çətin olacağını bilirdim. Düzdür, onu maşına tərəf aparmağa çalışanda getdi, amma bu zaman gözlərindən yaş axmağa başladı. Mən də məbləğin kifayət qədər böyük olmasına baxmayaraq, onu başqalarına verməyə özümdə güc tapmadım.
Bir həftə sonra artıq heç kim baş verənləri xatırlamırdı, amma mən Terezanın həmin gün sanki yenidən doğulduğunu bilirdim.
Kim nədən qorxur?
Tereza haqqında daha çox şey danışa da bilərdim, babam sağ olsaydı, axı o Terezayla hər gün söhbət edirdi.
Bunu Terezanın otlaqdan qayıtmadığı yağışlı gün bildim.
Hər gün sürünün otlaqdan qayıtmaq saatı yaxınlaşanda, babam çomağını götürüb, Terezanı qarşılamağa gedirdi. Həmin gün o Terezasız qayıtdı və acıqlı idi: yağış başlayırdı, inək qayıtmamışdı, atam da evdə yoxuydu ki, gedib onu axtarsın.
Babam özü Terezanın axtarışına çıxmaq istədiyi üçün nənəm babamla dalaşdı, babam özünü yaxşı hiss etmədiyi üçün nənəm ondan narahatıydı.
Uşaqlıqdan leysan və şimşəkdən qorxduğuma baxmayaraq, onun əvəzinə özüm gedəcəyimi dedim. Axşam saat yeddi idi, gün yavaş-yavaş qaralırdı, hava da get-gedə daha da pozulurdu. Babamın işarə etdiyi yerə artıq taqətsiz halda gəlib çıxdım, amma Terezanı tapmadım. Bu isə o demək idi ki, canavarlar gecə Terezanı yeyəcək, mənsə qaranlıqda evə qayıtmalıyam.
Çarəsiz halda bir neçə dəfə ucadan “Tereza! – deyə qışqırdım. Və birdən o cavabında movuldadı. Tereza böyük daşların arasında durmuşdu və görən kimi mənə tərəf gəlməyə başladı.
Mən yağışı da, şimşəyi də unudub, Tereza ilə söhbət edə-edə evə qayıdırdım. Yolüstü babamla rastlaşdıq. Məhz onda o mənə hər gün Tereza ilə söhbət etdiyini danışdı və onun niyə sürüdən ayrılıb, evə gəlmədiyinin səbəbini izah etdi. İş orasındaymış ki, Tereza sudan qorxurmuş, həmin günsə yağış başlamadan evə qayıtmağa tələsən çoban sürünü çayın içiylə keçirib.
Hələ də həmin axşamı qorxu içində xatırlayıram. Bəs heyvalar – onlar başlarına gələnləri yadda saxlayıb, xatırlayırlarmı?
Ailə neçəyə satılır?
Terezaya və onun böyük ailəsinə indi atam qulluq edir. O, Tereza qoca olduğu üçün, tez-tez onu satmaq barədə düşünür. Alıcılar gəlir – Terezanı ətrafda hamı cins inək kimi tanıyır. O isə elə bil qəsdən qiymət oxuyur.
Bəlkə o da heyvanların yaddaşının olduğunu və Terezanın artıq bizim yanımızda olmayan insanları xatırladığını düşünür?
Dərc olunub 16.06.2016