“İntiharçılar dəstəsi”: nə alınmadı?
“Suicide Squad (“İntiharçılar dəstəsi) filminin uğur qazanması qaçılmaz idi. Cokerin yeni obrazı, Uill Smitin blokbasterlərə qayıtması və Cokerin sevgilisi Harli Kvin rolunu ifa edən gözəl Marqo Robbi. Artıq birinci treyler interneti necə deyərlər “partlatdı. Halbuki premyeradan sonra bir çoxlarında “Axı nə alınmadı? sualı yarandı.
İlk növbədə, filmin sinopsisi. Supermenin tamaşaçı qarşısına ilk çıxışından sonra hakimiyyəti ona oxşar – onun kimi güclü, amma tam fərqli niyyətli varlıqların “kölgədən çıxması narahat etməyə başlayır. Bu səbəbdən də federal agent Amanda Uoller (Viola Devis) artıq heç də mücərrəd olmayan təhdidə qarşı mübarizə aparmaq üçün super cinayətkarlardan ibarət komanda toplayır. Missiya zamanı kimsə həlak olanda isə itikiyə görə təəssüflənməmək də olar. Yer kürəsinin köməyə ehtiyacı vardı, buna görə də məhbusların nazı ilə oynayan olmadı.
Bütün filmi şərti olaraq iki hissəyə ayırmaq mümkündür: qəhrəmanların təqdimatı və ölümcül missiya. Filmin əvvəlindən diqqətli tamaçaşı artıq filmin əsas probleminə – səhnələrin biçimsiz montajına fikir verə bilər. Cinayətkarların ön tarixçələrini fleşbek şəklində “soxdular, keçidlər isə həddən artıq gözəçarpan və komiksə bənzər alındı. Bu, kiminsə xoşuna gələ də bilər, amma belə yanaşma filmin müdhiş üslubu ilə uzlaşmır. Görünür, rejissora yuxarıdan əmr gəlib ki, filmi daha şən etmək lazımdır. Eyni zamanda iki dovşan arxasınca qaçanda isə…
İkinci problem qəhrəmanların ekran vaxtının qeyri-bərabər bölüşdürülməsidir. Filmdə həmişə hədəfi vuran killer Dedşotun (Uill Smit), divanə Harlinin xarakterləri, onun Cokerlə qarşılıqlı münasibətləri, həm də quldur El Diablonun (Cey Hernandez) xarakteri çox yaxşı açılıb. Qatil Krok və Kapitan Bumeranqın çox qəddar cinayətkarların saxlandığı dünyanın ən məxfi həbsxanasına düşməsi səbəbləri isə filmin sonuna qədər açılmır.
Amma ən betəri hələ bu da deyil. Bir xarizmatik caniyə diqqət ayırmaq əvəzinə (həm də nəzərə alsaq ki, DC-də onlar kifayət qədərdir) rejissor Devid Eyer tamaşaçıya eyni vaxtda onların üçünü təqdim edir! Ancaq insanları öpərək, onları zombiyə çevirmək və “böyük qorxunc şüanın ətrafında rəqs etməklə məşğul olan Qürdrətli Cadugər (Kara Delevin), onun çox nəhəng və maraqsız quldur qardaşı və Coker.
Cared Letonun yerində olmaq istəməzdim. Pis aktyor deyil, obrazın öhdəsindən gəlmək üçün əlindən gələni edir. Amma Oskar mükafatçısı Hit Lecerdən sonra Cokeri oynamaq inanılmaz stress, həm də böyük komiks fanatları ordusu tərəfindən lənətlənmək riskidir. Məncə, onun canlandırdığı Coker obrazı birmənalı alınmayıb. Daha az zarafat, daha az fəlsəfə, daha çox aqressiya var. Bu, bütöv şəhəri qorxu içində saxlayan divanə qanqsterdir. Kimsə onun süni oynadığını da deyə bilər. Mənsə cavab verərdim ki, bu Cokerdir, o belə də oynamalıdır. Müsahibələrindən birində Cared Leto çəkildiyi səhnələrin çox hissəsinin filmin yekun versiyasına daxil olmadığını bildirib. Tamaşaçı qarşısında əsl cinayət də elə budur.
Sonrakı hadisələr ştamp üzrə cərəyan edir. Qəhəmanlar bəzən zarafat edir, tez-tez atışır, dost olur və hər şey qaçılmaz heppy end-lə nəticələnir. Və bu heç də spoyler deyil, çünki filmin nə ilə nəticələnəcəyini tamaşaçı filmin ilk yarım saatına baxınca anlamağa başlayır.
Bəs onda bu filmə baxmağa dəyərmi? Dəyər. Ən gözəl Harli Kvin və onun Cokerlə qeyri-adi sadomazoxistik sevgisi xətrinə. Uill Smitin xətrinə, axı publika arasında sürən irqçi meyllərə baxmayaraq (Dedşot komikslərdə heç vaxt qara dərili olmayıb), əsl master-klass göstərib. Və nəhayət, coşqun El Diablonun xətrinə!
Və ancaq bir məsələ qızğın mübahisə obyektinə çevriləcək. Kim daha seksualdır – Kara Delevin, yoxsa Marqo Robbi?
Dərc edilib 04.09.2016