Gürcüstan üçün vacib olan və bütün Abxaziyanı təmin edən ən böyük SES işini dayandırıb
İnqur/i SES [gürcü və abxaz dilində yazılışı – red.] iki həftəlik işini dayandırıb – bu müddət energetiklərə stansiyanı incələmək və gələcək bərpa işlərini planlaşdırmaq üçün lazım olacaq.
Bu SES unikal obyektdir. O, münaqişə zonasında yerləşir və yeganə müştərək gürcü-abxaz layihəsidir. Tərəflər SES-i ortaq idarə edir və onun istehsal etdiyi enerjini bölürlər.
„İnqur SES derivasiya tunelinin monitorinqi üçün dayandırılıb. Bu işlər martın əvvəlinə qədər davam etdiriləcək”, – Abxaziyanın „Çernomorenerqo” enerji şirkətinin rəhbəri Aslan Basariya bildirib.
Gürcü və abxaz tərəfləri arasında razılaşma yanvarın sonunda əldə edilib.
“Bu müddət üçün Rusiya, Gürcüstan və Abxaziya energetiklərinin qarşılıqlı fəaliyyət çərçivəsində Rusiya tərəfindən Salxino-Psou xətti ilə 200 MBt həcmində elektrik enerjisinin alınması haqda qərar qəbul edilib. Bundan başqa Gürcüstan tərəfi bizi sığortalayacaq, çünki hər iki tərəf generasiya stansiyalarının gücünün artırılması üçün təmir işlərinin aparılmasında maraqlıdır”, – Basariya “Apsnıpress” agentliyinə bildirib.
Gürcüstanın Energetika Nazirliyinin bəyanatında bildirilir ki, “SES-in dayandırıldığımüddətdə Abxaziyanın işğal olunmuş ərazilərinin elektriklə təchizatı əsasən Rusiya enerji sistemindən təmin ediləcək, bu dövrdə Abxaziya ərazisində istehlakın artmasından doğan çatışmazlığı isə Gürcüstan enerji sistemi öz imkanları daxilində təmin edəcək”.
SES-in fəaliyyəti fevralın 19-da dayandırılıb. Gürcüstanın Energetika naziri Kaxa Kaladze bildirib ki, SES-in tam bərpası 2018-ci ilə nəzərdə tutulub. Aslan Basariyanın sözlərinə görə, “yalnız monitorinq keçiriləndən sonra 2018-ci ildə generasiyanın hansı müddətə dayandırılacağı ilə bağlı suala cavab vermək mümkün olacaq”.
==========
- Abxaziya praktiki olaraq İnquri SES-in istehsal etdiyi elektrik enerjisindən tam asılıdır. Stansiyanın 270 metr hündürlüklü beton bənddiTbilisinin nəzarəti altında olan ərazidə, beş generator isə Abxaziyanın Qal rayonunda yerləşir. Tbilisi və Suxumi arasındakı qeyri-rəsmi razılaşmaya əsasən stansiyanın istehsal etdiyi elektrikin 40 faizini Abxaziya, 60 faizini isə Gürcüstan sərf edir.
=========
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiyası və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın mövqeyilə üst-üstə düşməyə bilər