İnformasiya haqqında Qanuna dəyişiklik: "Bu tip qaydalar tənqidçiləri susdurmaq alətinə də çevrilə bilir"
İnformasiya haqqında Qanuna dəyişiklik
Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikləri təsdiqləyib və Milli Məclis bu dəyişiklikləri qəbul edib.
Bu dəyişikliklərə əsasən, internet resurslarında – saytlarda və sosial şəbəkələrdə “cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən və ictimai mənəviyyatı təhqir edən” kontentin yayılması qadağan edilir. Məqsəd bu cür məzmunun yayılmasının qarşısını almaq, “milli-mənəvi dəyərləri və etik standartları qorumaq”dır.
Dəyişikliklərin əsas müddəaları
Yeni hüquqi norma ilə internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin yayılması qadağan edilir. Bu, əxlaqsız ifadələr, buna oxşar məzmunlu jestlər, eləcə də bədən hissələrinin milli-mənəvi dəyərlərə zidd formada nümayişini əhatə edir.
Məsələn, qanun layihəsi izah edir ki, son zamanlarda sosial şəbəkələrdə və saytlarda qeyri-etik paylaşımlar, çağırışlar və təhqir xarakterli əməllər geniş yayıldığı üçün bu tənzimləmələr zəruri olub.
Bildirilir ki, belə kontent xüsusilə yeniyetmələr və gənclər üçün mənfi təsir yaradır, onların davranış modellərində dəyişiklikləri sürətləndirə bilər.
Qanun dəyişiklikləri həm də yanaşmanın tətbiqi mexanizmlərini və məsuliyyət mexanizmlərini daha dəqiq şəkildə müəyyən etməyi nəzərdə tutur; hazırda bu sahədə olan boşluqların aradan qaldırılması məqsəd qoyulub.
Qanunun tətbiq sahəsinə internet istifadəçiləri ilə yanaşı informasiya resurslarının sahibləri və onların domen adları da daxildir. Yəni platformaların özləri bu tələblərə əməl etməli olacaqlar.
Ekspert: “İfadə azadlığı üçün risklər yarada bilər”

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz qeyd edir ki, “ictimai mənəviyyat”, “əxlaqsız ifadə” və “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışların qanunda dəqiq təriflərinin olmaması, onların geniş və subyektiv şəkildə tətbiq olunma ehtimalını artırır:
“Prezident İlham Əliyev xeyli müddətdir ki, müzakirə predmetinə çevrilən Qanuna edilən yeni dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, kütləvi nümayiş zamanı ictimai mənəviyyatı təhqir edən, açıq hörmətsizlik ifadə edən, söyüş, əxlaqsız ifadə və jestlərə, eləcə də milli-mənəvi dəyərlərə zidd vizual məzmunun yayılması məhdudlaşdırılır.
Bu addım niyə atıldı?
Düşünmək olar ki, son illər sosial mediada və bəzi onlayn resurslarda açıq şəkildə etik çərçivəni aşan, təhqiramiz, çılpaq və aqressiv məzmunun artması bu hüquqi tənzimləməni zəruri edib. Xüsusilə uşaqların və həssas qrupların qorunması, ictimai məkanın minimum etik standartlarla müdafiəsi baxımından qanunun məqsədi anlaşılan və məntiqlidir.
Amma dərhal da qeyd etmək istərdim ki, burada risklər də var.
Qanunda işlədilən “ictimai mənəviyyat”, “əxlaqsız ifadə”, “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışlar dəqiq tərif olunmadığı üçün subyektiv və seçmə tətbiq riski yaranır.
Məsələn, sosial şəbəkədə bir məmurun fəaliyyəti sərt və bir az da emosional dildə tənqid edilərsə, bu paylaşım “cəmiyyətə açıq hörmətsizlik” kimi qiymətləndirilərək silinə və ya müəllif məsuliyyətə cəlb oluna bilər.
Eyni yanaşma bu yanaşmalar kütləvi yayılan satira, performans sənəti, ictimai aksiyalardan görüntülərə və jurnalist materiallarına da tətbiq edilə bilər.
Jurnalistlər, blogerlər və kontent istehsalçıları üçün mesaj. Bundan sonra tənqidlərdə ehtiyatlı olmaqda fayda var. Söyüş, açıq təhqir və çılpaq vizual görüntülər artıq hüquqi risk və məsuliyyət yaradır. Canlı yayımlar və “story”lər də adi postlar kimi məsuliyyət daşıyır.
Fərqində olmaq lazımdır ki, onlayn mühitdə söyüş, çılpaqlıq, cəmiyyəti aşağılamağa yönəlik hərəkətlər və açıq təhqirlər artıq ifadə azadlığının forması deyil. Faktlara, arqumentlərə və etik çərçivəyə əsaslanan tənqid isə daha təhlükəsizdir.
Qanun niyyət etibarilə etik mühiti, ictimai məkanımızı qorumağa yönəlib. Lakin aydın izahatlar, dəqiq təfsirlər və güclü məhkəmə nəzarəti olmadan onun tətbiqi ifadə azadlığı üçün risklər yarada bilər. Bəzi ölkələrdə bu tip yanaşmalar mövcud olsa da, çox dar çərçivədə, dəqiq təriflərlə və məhkəmə nəzarəti altında gerçəkləşir
Təcrübə göstərir ki, demokratik ənənələr zəif olduqda, oturuşmuş sistemlər olmadıqda, məmur özbaşınalığı olduqda bu tip qaydalar hansısa məmur üçün jurnalistləri, ictimai fəalları, blogerləri və tənqidçiləri susdurmaq alətinə də çevrilə bilir.
İnanıram ki yeni normalar ölkədə kontent istehsalı mədəniyyətini yüksələdcək. Keyfiyyətli, arqumentli və etik məzmun istehsalını stimullaşdıracaq.
Ümid edirəm ictimai məkanın , “ictimai mənəviyyat”ın və milli-mənəvi dəyərlərin qorunmasıyla bağlı yeni normalar ictimai mədəniyyəti daha da yüksəldəcək, özünüsenzuraya və tənqidi səsləri susdurmaq alətinə çevrilməyəcək.
İnformasiya haqqında Qanuna dəyişiklik