Azərbaycanda polis maşınının törətdiyi qəza nəticəsində iki uşaq həlak olub
İmişlidə polis maşınının törətdiyi qəza
Azərbaycanın İmişli rayonunda polis maşınının törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 2 uşaq həlak olub, 3 nəfər ağır yaralanıb. Faciədən qəzəblənən yerli sakinlər etiraz əlaməti olaraq polis avtomobilinə hücum ediblər. 10-a yaxın etiraz iştirakçısı xuliqanlıq ittihamı ilə saxlanılıb.
- “Toplum TV işi” üzrə daha bir jurnalist həbs edilib
- Bakıda Qarabağdakı keçmiş separatçı rejim nümayəndələrinin məhkəmələri başlayır
- “Azərbaycan sadəcə gözləməli və qarışmamalıdır”. Bakıdan baxış
“Yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq həlak olub, üçü yaralanıb”, – Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən “Turan”a verilən məlumatda deyilir.
Qurumdan həmçinin bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. “Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və YPX avtomobilinin sürücüsü xəstəxanaya çatdırılıb”.
Baş Prokurorluğun mətbuat xidmətindən də məlumat təsdilənib.
“Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”, – Baş Prokurorluqdan bildirilib.
TƏBİB-dən də qeyd olunub ki, İmişlidə qəzada xəsarət alan 3 uşaq biri kritik ağır olmaqla, həmçinin sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
“1992-ci il təvəllüdlü və 2015-ci il təvəllüdlü şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib.
Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir”, – məlumatda qeyd olunub.
Hadisədən narazı qalan rayon sakinlərinin etiraz aksiyası keçirdiyi bildirilir. Etirazçılar DYP avtomobilini aşırıblar.
DİN-in mətbuat xidmətindən “Turan”a bildirilib ki, İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.
Qeyd olunub ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
“Başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub, istintaqın obyektiv aparılması üçün qanuna müvafiq tədbirlər görülür”, – məlumatda deyilir.
Bununla yanaşı, DİN mətbuat xidməti həbs edilən şəxslərin sayı və kimliyi barədə məlumat yaymayıb. Amma saxlanılanların mətbuata təqdim edilən fotosunda 9 nəfər əks olunub.
“Mən qızımı öldürənin cəzalandırılmasını tələb edirəm”. Bunu qəza nətiəsində həlak olan uşaqlardan birinin – Ayan Məmmədovanın atası Taleh Məmmədov deyib.
Taleh Məmmədov “Azadlıq Radiosu”na danışıb ki, meyitlər ailələrinə təhvil verilənə qədər rayonda internet də kəsilibmiş:
“Meyitlər təhvil verilənə qədər internet kəsilmişdi. Dəfn gecə oldu, səhərə saxlamadıq, elə gecə dəfn etdik. Qızım dərslərini elə gözəl oxuyurdu ki, bütün müəllimləri ondan razı idi. Deyirdi, ata, həkim olacağam. Amma belimi qırıb getdi. Hamı təsəlli verir, ancaq övladım qara torpaq altındadır, gecə səhərə qədər qəbrinin üstündə yatmışam.
Bircə istədiyim odur ki, uşağımın ölümünə səbəb olan cəzasına çatsın. İcradan, polisdən bizə gəlmişdilər, söz verdilər ki, günahkarlar cəzalanacaqlar”.