Ermənistan Xarici İşlər Nazirliyi “Turan” informasiya agentliyinin baş redaktoru Şahin Hacıyevə akkreditasiya verib.
Yerevandan informasiya
Ermənistan Xarici İş Nazirliyinin mətbuat katibi Anna Nağdalyan qurumun bu qərarını şərh edib:
“Onun tərəfindən [söhbət Şahin Hacıyevdən gedir – JAMnews] XİN-ə akkreditasiya və Ermənistanda jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sorğu daxil olub. Bütün prosedurlardan keçəndən sonra onun xahişi təmin edilib və o, özlərinin bir qrup jurnalisti ilə Ermənistana gəlib”.
Ermənistanın Xarici İşlər Nazirliyindən həmçinin bildirilib ki, jurnalistin səfəri sırf peşəkar xarakter daşıyır. Azərbaycanlı redaktorun sorğusu təbii bir şey kimi dəyərləndirilir – qurum hər gün xarici jurnalistlərdən onlarla belə sorğu alır.
Şahin Hacıyev Ermənistanda artıq bir müsahibə ala bilib. Onun ilk müsahibi Ermənistan Milli Məclisinin keçmiş deputatı və ölkə prezidentinin müşaviri Tevan Poqosyan olub. O, Facebook sosial şəbəkəsindəki səhifəsində bildirib ki, azərbaycanlı jurnalist fikirlərinin təhrif olunmayacağına onu əmin edib.
Foto Tevan Poqosyanın Facebook səhifəsindəndir
Bakıdan informasiya
“Turan” agentliyi xəbər verir ki, bu səfər Azərbaycan və Ermənistanın müvafiq orqanları ilə razılaşdırılıb. Həmçinin qeyd olunur ki, Şahin Hacıyev Yerevanda siyasi partiya nümayəndələri və ekspertlərlə görüşür. Səfərin nəticələri Qarabağ nizamlaması və regiondakı vəziyyətə dair video və yazılı reportajlar olmalıdır.
“Turan” agentliyi jurnalistlərdən xahiş edib ki, bu xəbəri olduğu kimi istifadə etsinlər, təhriflərə və əlavələrə yol verməsinlər.
“Turan” agentliyi haqda
“Turan” informasiya agentliyi SSRİ-də yaranan ilk müstəqil agentlikdir. Əsası 1990-cı ilin mayında Bakıda bir qrup jurnalist tərəfindən qoyulub. 2017-ci ildə vergidən yayınma ittihamına görə müvəqqəti bağlanıb. Bir neçə aydan sonra yenidən işə düşüb. Beynəlxalq Jurnalistlərin Müdaiəsi Komitəsi (CPJ) “Turan”ı Azərbaycanın yeganə müstəqil agentliyi adlandırıb.