İlham Əliyevin qalibiyyət formulu: parçalanmış müxalifət, dağıdılmış media, minnətdar xalq
İlham Əliyev prezident seçkilərində necə qalib gəlir
İlham Əliyev prezident seçkilərində necə qalib gəlir? Təhlil Meydan TV tərəfindən hazırlanıb.
Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində ilk “exit-poll”un nəticələrinə görə, seçicilərin böyük əksəriyyəti – 93,9 faizi İlham Əliyevə səs verib.
Əliyevi artıq Belarus, Özbəkistan, Macarıstan və Türkiyə prezidentləri təbrik ediblər.
“Azərbaycanda real rəqabətin olmaması, hökumətin mediaya təzyiqi və ictimai təşkilatlar tərəfindən seçkilərin monitorinqinə maneə” – Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Müşahidə Missiyası 31 yanvar tarixli aralıq hesabatında Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlığı belə təsvir edib.
Azərbaycanda ikinci dəfədir prezident seçkisi növbədənkənar keçirilir.
İlk dəfə 2018-ci ilin oktyabrda keçirilməli olan prezident seçkisi həmin ilin aprelində baş tutmuşdu.
7 fevral növbədənkənar prezident seçkisi 2025-ci ildə keçirilməli olduğu halda ilyarım əvvələ keçirilib.
2016-cı il Konstitusiya referendumunda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması ilə bərabər dövlət başçısına Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkisini elan etmək hüququ da verildi.
Bundan əlavə referendumun nəticələrinə görə, I vitse-prezident və vitse-prezident vəzifələri yaradıldı. Yəni prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk etməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətləri I vitse-prezident tərəfindən icra edilir.
2017-ci ildən bu vəzifəni ölkənin birinci xanımı Mehriban Əliyeva tutur.
Növbədənkənar seçkinin siyasi səbəbləri
Dövlət başçısı İlham Əliyev 7 fevral növbədənkənar seçki qərarını bir neçə siyasi səbəblə əlaqələndirib.
Dövlət başçısı İlham Əliyev 7 fevral növbədənkənar seçki qərarını bir neçə siyasi səbəblə əlaqələndirib.
- İlk növbədə, 2023-cü il sentyabr hadisələrindən (sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyat nəzərdə tutulur) sonra yeni dövrün başlanğıcı ilə bağlı olduğunu deyib.
- Əliyev ikinci səbəbi “işğaldan azad olunan ərazilərdə keçiriləcək birinci seçkilər məhz prezident seçkisi olmalı idi” arqumenti ilə əsaslandırıb.
- Həmçinin, prezidentlik fəaliyyətinin 20 ilinin tamamlandığını da qeyd edib.
Amma müxalifət İlham Əliyevin sadaladığı səbəbləri əsaslı saymayıb.
Milli Şuranın sədri, professor Cəmil Həsənli:
“İlham Əliyevin istinad etdiyi bu yeni dövr nə ilə səciyyələnir? Ölkənin konstitusiyası, siyasi sistemi dəyişibmi? Xalqın idarəçilikdə iştirakı artırılıbmı?
Əksinə, xalqın rifah halı daha da aşağı düşüb, işğaldan azad olunmuş infrastruktur layihələrində korrupsiya halları üzə çıxıb. Siyasi məhbusların sayı təkcə 2023-cü ildə iki dəfədən çox artıb”
Qarabağ bütün prezident seçkilərində həlledici amil olub
1988-ci ildə Ermənistanın ərazi iddiası ilə başlanan Qarabağ münaqişəsi Azərbaycanın son 33 illik tarixində hakimiyyət dəyişikliklərinin katalizatoru olub.
- 1990-ci ildə hakimiyyətə gələn Ayaz Mütəllibov 2 il sonra getməli oldu. Ali Sovet Mütəllibovun hakimiyyətdən getməsində Xocalı faciəsini səbəb kimi göstərdi.
- 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətə gəldi, 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu, iyunda Gəncə qiyamı ilə o da iqtidardan getməli oldu.
- 1993-cü ildə hakimiyyəti götürən Heydər Əliyevin iqtidarının ilk aylarında 6 rayon işğal olundu. Ancaq o sələflərindən fərqli olaraq müharibəni davam etdirməyib atəşkəsə getdi və onun 10 illik hakimiyyəti dövründə müharibə olmadı.
Oğul Əliyev hakimiyyətinin 17-ci ilində 44 günlük müharibəyə başladı, son 3 ildə Qarabağı separatçılardan tamamilə təmizlədi. Şuşanın azad olunduğu gün Əliyevə qarşı barışmaz müxalifliyi ilə seçilən Əli Kərimli və İsa Qəmbər onu təbrik etdilər.
2003-cü il seçkilərində Əliyevin rəqibləri olan Etibar Məmmədov “xalq İlham Əliyevə Qarabağı azad etdiyinə görə minnətdar olmalıdır”, Lalə Şövkət Hacıyeva isə “Şuşanın hər birimiz üçün mistik əhəmiyyəti var. Azərbaycan Qarabağsız, Şuşasız tam canlı ola bilməzdi.
Bu çox çətin işi İlham Əliyev milləti səfərbər edərək həll etdi”, deyərək ona alternativlər görmədilər.
İkinci Qarabağ müharibəsində qazanılan qələbə Əliyevin mövqeyini xeyli möhkəmləndirdi
Oğul Əliyev hakimiyyətinin 17-ci ilində 44 günlük müharibəyə başladı, son 3 ildə Qarabağı separatçılardan tamamilə təmizlədi.
Oğul Əliyev hakimiyyətinin 17-ci ilində 44 günlük müharibəyə başladı, son 3 ildə Qarabağı separatçılardan tamamilə təmizlədi.
Şuşanın azad olunduğu gün Əliyevə qarşı barışmaz müxalifliyi ilə seçilən Əli Kərimli və İsa Qəmbər də onu təbrik etdilər.
🟥 2003-cü il seçkilərində Əliyevin rəqibi olan Lalə Şövkət Hacıyeva dedi: “Şuşanın hər birimiz üçün mistik əhəmiyyəti var. Azərbaycan Qarabağsız, Şuşasız tam canlı ola bilməzdi. Bu çox çətin işi İlham Əliyev milləti səfərbər edərək həll etdi”.
Beləcə qocaman müxalifətçilər və vaxtilə İlham Əliyevin opponentləri olan siyasətçilər faktiki olaraq onun alternativsiz olduğunu etiraf etdilər.
Ardınca başda Ermənistan baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin və bir sıra qərb dövlətlərinin liderləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdılar. Sonuncu olaylar rəsmi təbliğatda diplomatiyanın uğuru kimi təlqin edildi.
Əlbəttə, bütün bunlar cımiyyətin İlham Əliyevə münasibətində dərin izlər buraxdı.
- Məsələn, Əliyev rejiminə etiraz olaraq mühacirətə gedən bəstəkar Cavanşir Quliyev 7 fevral 2024-cü il prezident seçkisində ona səs verəcəyini bildirdi.
- Yaxud 2000-ci illərin ortalarına qədər AXCP üzvü olan Akif İslamzadə seçkilərin ləğv edilməsini, Əliyevin əbədi prezidentliyindən danışdı.
- Demokratik Respublikanın qurucularından Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə “babam sağ olsaydı, İlham Əliyevə səs verərdi” deyə bəyan etdi.
- Nəhayət, seçki təşviqat kampaniyası zamanı prezidentliyə namizədlər də Əliyevə Qarabağ qələbəsində görə təşəkkür etdilər.
Bütün bunlara ümumi yanaşdıqda Əliyevin seçkini reytinqinin ən yüksək dövrünə təyin etməsinin düşünülmüş qərar olduğunu deməyə əsas verir.
Beləliklə, Əliyev seçkiyə bunlarla gedir:
- Ona təşəkkür edən xalq,
- Daim təhdid, repressiyalar altında olan parçalanmış, zəiflədilmiş müxalifət,
- Dağıdılmış media və vətəndaş cəmiyyəti.
- Abzas Media fəaliyyətini xaricdə olan yeni komanda ilə davam etdirəcək
- Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edib. Bakıdan şərh
Gəlin indi daha detallı təhlil edək.
Seçkiyə qədər yeni media və partiyalar haqqında qanunlar
Azərbaycanda seçkidən əvvəlki siyasi durum əvvəlki seçkilərlə müqayisədə fərqli rəng alıb.
Adətən son 30 ilin siyasi tarixində fəal siyasi kəsimi və müstəqil, müxalif media seçkidən sonra təzyiqlərlə üzləşirdisə, bu dəfə əksinə oldu.
Ən əsası 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində yeni media və partiyalar haqda qanunlar qəbul edildi.
“Media haqqında” qanun
Bütün müstəqil jurnalistlər 30 dekabr 2021-ci ildə qəbul edilmiş yeni media qanununa qarşı çıxıblar. Onlar bəyan ediblər ki, yeni qanun medianın fəaliyyətini xeyli məhdudlaşdıracaq.
“Media haqqında” qanunun qəbul edilməsinin zəruriliyilə bağlı heç bir yazılı müşayiətedici əsaslandırma olmadığını söyləyən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev yeni qanunun dövlətin KİV üzərində nəzarətini gücləndirmək məqsədi güddüyünü deyib.
Avropa Şurası Venesiya Komissiyası rəyində “Media haqqında” qanununu yararsız hesab edib və vurğulayıb ki, Avropa Şurasına üzv olan ölkədə belə bir qanun tətbiq edilə bilməz.
Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının 2023-cü il üzrə hesabatında da Azərbaycanda mətbuatın durumunun heç də yaxşı olmadığı göstərilmişdi.
Təşkilatın Media Azadlığı indeksində Azərbaycan dünya üzrə 180 ölkə arasında 151-ci yerdə idi.
“Artıq bəlli sayda jurnalistlər seçkidən reportaj hazırlaya biləcəklər. Bunun özü həm informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılmasıdır, həm də seçkilərinin aşkarlığı, şəffaflığı ilə bağlı yeni məhdudiyyətin yaradılmasına səbəb olacaq”, – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli deyib.
“Siyasi partiyalar” haqqında qanun
Ölkə başçısının 2023-cü il yanvarın 11-də imzaladığı “Siyasi partiyalar” haqqında qanuna həm ölkə daxilində, həm də xarici aləmdə tənqidlə qarşılandı.
- Bakıda “Siyasi partiyalar haqda” qanun əleyhinə etiraz aksiyası keçirilib
- Avropa strukturları Azərbaycan hakimiyyətini “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik etməyə çağırıb
Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu “Siyasi Partiyalar haqqında” yeni qanun haqqında birgə rəyində sənədin problemli olduğunu qeyd edib:
“Siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsiplərilə bir araya sığmayan, həddini aşan bir tədbirdir. Siyasi partiyaların dayandırılması və buraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozulması halında və digər ifrat hallarda tətbiq oluna bilər”, – deyə rəydə bildirilir.
“Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunların qəbulu Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında siyasi azadlıqlarla bağlı üzərinə götürdüyü öhdəliklərə cavab vermir.
Venesiya Komissiyası və ATƏT-in ofisi Azərbaycan hakimiyyətinə qanundakı nöqsanların aradan qaldırılmasını təklif etsə də, bu təklifə məhəl qoyulmayıb.
Seçki öncəsi həbslər
● 2022-ci ilin dekabrında tanınmış ictimai-siyasi fəal Bəxtiyar Hacıyev həbs olundu. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürüldü.
● 2023-cü il iyunun 16-da isə ictimai fəala qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham da verildi. Noyabrda isə Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürüldü.
● 2023-cü ilin iyulunda Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu həbs edildi. İqtisadçı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir. O özü həsbini siyasi fəaliyyəti və azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə bağlı araşdırmalarla əlaqələndirdi.
● Noyabrın 20-dən Azərbaycanda fəaliyyət göstərən və son illərin ən səs-küylü jurnalist araşdırmalarına imza atan “Abzas Media”da həbslər başladı. Sevinc Abbasova (Vaqifqızı), Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçalmalçılıq) maddəsilə cinayət işi açılıb.
Həmçinin, Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova və Ülvi Həsənlinin anası Esvira Musayevanın pensiya, sonuncunun bacısı Sədaqət Həsənovanın, saytla əməkdaşlıqda suçlanan iqtisadçı Toğrul Vəliyevin isə maaş kartlarına blok qoyulub.
● Noyabrın 27-də “Kanal-13” internet kanalının rəhbəri Əziz Orucov həbs edilib. İlkin olaraq ona “torpaq sahəsinin mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” maddəsi ilə ittiham irəli sürülüb. Amma dekabrın 19-da ona qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.
● Dekabrın 6-da ictimai fəal İlhamiz Quliyev Cinayət Məcəlləsinin 234.4.3-cü (kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə həbs olunub. Ardınca jurnalistlər Teymur Kərimov, Şamo Eminov həbs olundular.
● Dekabrın 14-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqubli həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb.
● Dekabrın 23-də saxlanılaraq 25 sutka inzibati cəza alan III Respublika Platformasının Qurucu Heyətinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyevin kompüter və əşyaları hələ də qaytarılmayıb.
● Yanvarın sonunda “Youtube” kanalı olan və siyasi mövzularda verilişlər aparan Arzu Sayadoğlu DTX tərəfindən oğurlanıb. O, ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığını tez-tez tənqid edirdi. Məhkəmə Sayadoğlunun haqqında həbs qətimkan tədbiri seçib. Amma media A.Sadayoğlu haqda rəsmi orqandan məlumat ala bilmir.
ATƏT-in seçki komissiyalarının tərkibinə yenidən baxılması ilə bağlı tövsiyələri yerinə yetirilməyib
ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2018-ci il növbədənkənar Prezident seçkiləri barədə yekun hesabatında seçki komissiyalarının təyin edilməsi formulunun praktikada seçkilərin qərəzsiz idarə olunmasını nəzərdə tutduğu qeyd etmişdi.
ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2018-ci il növbədənkənar Prezident seçkiləri barədə yekun hesabatında seçki komissiyalarının təyin edilməsi formulunun praktikada seçkilərin qərəzsiz idarə olunmasını nəzərdə tutduğu qeyd etmişdi.
Prioritet tövsiyələr arasında diffamasiyanın, o cümlədən onlayn məzmunda cinayətin dekriminallaşdırılması olub.
Amma bütün bu tövsiyələr hələ də yerinə yetirilməyib.
Vətəndaş cəmiyyəti dalan dirənib
7 fevralda növbədənkənar seçkiləri müstəqil vətəndaş cəmiyyəti qruplarının müşahidəsinə gəlincə, Seçki Müşahidə Alyansı qiymətləndirmə sənədi yayacaq.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin qeydiyyatı olmadığı üçün MSK-ya müraciət edə bilməyib. Ədliyyə Nazirliyi mərkəzin qeydiyyatını 2008-ci ildə ləğv edib. Avropa Məhkəməsi 2021-ci ildə qeydiyyatın bərpa olunması haqda qərar çıxarsa da, Ali Məhkəmə hələ də işə baxmayıb.
Hüquqşünas Xalid Ağaliyev: “Əhalisi 10 milyondan çox olan Azərbaycanda rəsmi məlumata görə dörd mindən artıq QHT qeydiyyatdan keçib. Əhalisi 4 milyon civarında olan Gürcüstanda QHT-lərin sayı 20 mindən artıq, əhalisi 1 milyon yarımdan az olan Estoniyada isə 34 mindən çoxdur”.
2013 və 2014-cü illərdə QHT sahəsini tənzimləyən qanunlara ciddi məhdudlaşdırıcı olaraq üst-üstə 40-dək dəyişiklik edilib.
Kommersiya hüquqi şəxslərinin qeydiyyatı üçün maksimum 3 iş günü tələb edildiyi halda QHT-lərin qeydiyyatına 40 gün tələb olur, əlavə araşdırma zəruri olduqda daha 30 gün də yubadılır.
Təcrübədə isə vəziyyət daha ağırdır.
Dəyişikliklərə görə, QHT-yə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilərsə, təşkilat Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. İnzibati məsuliyyət də ağrılaşdırılıb, 2016-cı ildə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsi QHT-lər üçün olduqca ağır cərimələr nəzərdə tutur. Bu cərimələrin məbləği 25 min manatı ötür.
“QHT-lərin qrantlara çatımı, demək olar ki, mümkünsüz olub. Nazirlər Kabineti 2015-ci ilin iyununda “Qrant müqavilələrinin qeydə alınması qaydası”nı təsdiqləyib. Ardınca hökumət “Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydası”nı qəbul edib”, – deyə Ağaliyev bildirir.
“Həmin cinayət işinin ardınca əsas QHT-lərin, onların rəhbərlərinin, işçilərinin bank hesablarına həbs qoyulub, ölkədən çıxmaları yasaqlanıb, istintaqa cəlb ediliblər. Digər tərəfdən vergi yoxlamaları başlanıb, ağır vergi cəzaları tətbiq edilib”, – Xalid Ağaliyev deyir.
Həmin dövrdə Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Media Hüququ İnstitutu, Sülh və Demokratiya İnstitutu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, İnsan Hüquqları Klubu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Demokratik Jurnalistika Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi və digər təşkilatlar vergi yoxlamasına məruz qalıb.
Xarici təşkilatlar da təftiş və təhqiqata məruz qalıb.
Oxfam, İREX, Chamonix İnternational, Milli Demokratiya İnstitutu, World Vision, ABA CEELI, OSIAF, Fridrix Ebert Fondu, Fridrix Nauman Fondu kimi xarici QHT-lər də onların arasındadır.
İlham Əliyev və “rəqibləri”
20 ildir ölkəyə rəhbərlik edən İlham Əliyevlə seçki yarışına altı nəfər qoşulub.
20 ildir ölkəyə rəhbərlik edən İlham Əliyevlə seçki yarışına altı nəfər qoşulub.
- Deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev
- Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev
- Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev
Namizədlər haqda qısaca
Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev son 20 ildə keçirilən bütün prezident seçkilərində iştirak edib və onun topladığı ümumi səslər 7.79 faiz civarındadır.
Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev son 20 ildə keçirilən bütün prezident seçkilərində iştirak edib və onun topladığı ümumi səslər 7.79 faiz civarındadır.
Deputat Zahid Oruc ilk dəfə 2013-cü il prezident seçkilərində iştirak edib və rəsmi məlumatda onun 1,45 faiz (53717) səs topladığı qeyd olunub. Növbəti 2018-ci il seçkilərində Zahid Orucun topladığı səslər 3.12 faiz (122 956) təşkil edib.
Digər namizədlər Fazil Mustafa və Razi Nurullayev isə ikinci dəfədir prezident seçkisinə qatılırlar. Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa 2008-ci il seçkilərində 2.47 faiz (89985), Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə 2018-ci ildə 0,74 faizlə (29.229) 8 namizəd arasında sonuncu nəticəni göstərib.
Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev də ikinci dəfədir prezident seçkilərində iştirak edir. İlk dəfə 2008-ci il seçkilərinə qatılarkən Liberal Demokrat Partiyasının sədri olsa da, 1 faizdən də az səs toplayıb (0.78 faiz). Maraqlıdır ki, namizədliyinin qeydə alınması üçün MSK-ya 40 min imza təhvil verən F.Əliyev seçki nəticələrinə görə cəmi 28 min 423 nəfər səs toplamışdı.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ilk dəfədir dövlət başçısı seçkisi yarışında özünü sınayır. Dediyinə görə, 2003-cü ildə namizədliyini irəli sürsə də, MSK onu qeydə almayıb.
Müxalifət seçkiləri boykot etdi
Ölkənin əsas müxalif partiyaları seçkini boykot etdi.
AXCP sədri Əli Kərimli bu sətirlərin müəllifinə deyib:
“İndiki şərtlər daxilində, yəni ölkədə bir neçə ayda siyasi məhbusların sayının 2 dəfə artdığı, son 5 ildə sərbəst toplaşmaq azadlığının tam qadağan olunduğu, mətbuatın son qalıqlarının məhv edildiyi, müxalifətə qarşı az qala düşmən münasibətin yaşandığı, həbsxanalarda işgəncənin adi hala çevrildiyi, seçki komissiyalarının hakimiyyətin nəzarətində olduğu şəraitdə, səslərin normal hesablanmadığı prosesdə seçki keçirilə bilməz.
“Bu baxımdan 7 fevralda seçki yox, seçki tamaşası keçiriləcək. Xalq Cəbhəsi də seçki tamaşasını boykot edir və ümid edir ki, xalq da bu tamaşada rol almasın”.
Müsavat Partiyası bəyanatında bildirib ki, hakimiyyəti seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyini təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb:
“Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib. Partiya hesab edir ki, hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib”.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) oxşar mövqe sərgiləyərək qeyd edib ki, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətindədir, azadlıqlar boğulur, siyasi məhbuslar var, bütün bunlar demokratik seçki şəraitinin olmadığının göstəricisidir.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində öz namizədi ilə qatılmayacağını bəyan edib.
REAL partiyası seçkiyə qatılmasa da, əhalini seçkidə iştirak çağırışı edib. Partiya qərara gəlib ki, 7 fevral seçkisini parlament seçkilərinə hazırlıq kimi müşahidəçilik institutu genişləndirsin.
III Respublika Platforması da seçkidə namizəd irəli sürməyəcəyini və hər hansı prezidentliyə namizədi də dəstəkləməyəcəyini açıqlayıb.
Qeydiyyatdan keçməyənlər
Prezidentliyə namizədliyini irəli sürən hüquqşünas Namizəd Səfərov, Mətləb Mütəllimli və Sarvan Kərimovun mütraciətləri MSK tərəfindən qəbul edilməyib.
Namizəd Səfərov imza toplamaq üçün az vaxtın verilməsindən şikayətlənib.
Digər iddiaçı Mətləb Mütəllimli bildirib ki, “hakimiyyətin təyin etdiyi namizədlər üçün bütün şəraitlər yaradıldığı halda onların müraciətlərinə baxan yoxdur”.
Başqa bir namizədliyə iddiaçı Sarvan Kərimov YAP sədri İlham Əliyevin qeydiyyatının ləğv olunmasıyla bağlı məhkəməyə müraciət edəcəyini bildirib:
“Əsas pozuntu ondadır ki, seçki təbliğat-təşviqat mərhələsi başlamadığı halda ölkənin hər yerində Əliyevin şəkilləri yayılıb. O cümlədən, televiziyalarda hər gün indiki ölkə başçısı təbliğ edilir. Bütün bunlar Seçki Məcəlləsinin 75.2 maddəsinin pozulmasıdır. Yəni təbliğat-təşviqat kampaniyası seçki gününə 23 gün qalanda başlamalıdır, amma Azərbaycan hakimiyyəti bu tələbə məhəl qoymur”.
Namizədlərin maddi imkanlarının əhəmiyyətli dərəcədə aşağı olması
Yanvarın 15-də Azərbaycanda növbədənkənar prezident seçkisinin təşviqat kampaniyasına start verilib.
7 namizədin seçki fondu barədə ötən həftə yayılan məlumata gəlincə, hakim partiyanın namizədi İlham Əliyev öndə olub. Onun seçki fonduna 250 min manat daxil edilib. Vəsaitin partiya hesabından gəldiyi qeyd edilsə də, hesabatın xərclər hissəsi boş idi.
İkinci yerdə prezidentliyə namizəd Qüdrət Həsənquliyevdir. Onun hesabatında 20 min manat gəlir əksini tapıb.
Zahid Orucun maliyyə hesabatında 19 min manat gəlir göstərilib.
Fazil Mustafanın maliyyə hesabatında 10 min manat gəlir qeyd olunub.
Namizədlər arasında ən az seçki fondu Razi Nurullayev, Fuad Əliyev və Elşad Musayevindir.
Onların hesabatında müvafiq olaraq 3 min, 2 min və 1500 manat gəlir əldə etdikləri bildirilib.
“İki telekanala isə 36 min manat ödəməlidir. Əgər 22 gündən götürsək, bu, 396 min manat edir. Yox, gündə 3 televiziyada efir vaxtı götürəcəksə, təxminən 1 milyon 200 min manat edir. Amma bu efir vaxtı saat 8-10 arasıdır, saniyəsi 30 manatdır. Səhər saatları bir qədər ucuzdur”.
Məmmədzadənin sözlərinə görə, göstərilən ödəniş məbləğləri nəinki seçki fondu az olan namizədlərin, hətta hakim partiyanın da seçki fondunun vəsaitinə uyğun deyil.
AŞPA və Avropa İnsan Haqları Məhkəməsi olmadan
Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanatla çıxış edərək, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını açıqlayıb.
Bəyanatla çıxış edən nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu qərarı Azərbaycana qarşı ədalətsiz mövqe, təşkilatda islamofobiya və azərbaycanofobiya meylləri ilə əlaqələndirib.
Bundan əvvəl, yanvarın 25-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsi qərara alınıb.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşündə bu məsələ ilə bağlı kifayət qədər sərt danışıb. Əliyev deyib: “Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir. Nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, Azərbaycan Avropa Şurasında və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxacaq”.