İlham Əliyev: “Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur”
İlham Əliyev Milli Şəhərsalma Forumunda
“İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər”, – deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın hər hansı vasitəçiliyə ehtiyacı yoxdur. Əliyev həmçinin Qarabağın erməni əhalisinin gələcək taleyi məsələsinə də toxunub. “Biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik”, – deyə o qeyd edib.
- “Xəyanət daha necə olur?” Azərbaycanda əsirlərin güllələnməsi videosu müzakirə edilir
- Bakıda “Siyasi partiyalar haqda” qanun əleyhinə etiraz aksiyası keçirilib
- Əfqan Muxtarlı Gürcüstanın daxili işlər nazirinin səlahiyyətlərinin dayandırılmasını istəyir
Oktyabrın 5-də ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıdan Ağdam şəhərində “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Bu tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə keçirilir.
Azərbaycan prezidenti İlham Əliyev forumun açılış mərasimində çıxış edib.
“Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar”
“Hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
Əfsuslar olsun ki, bu rəqəm hər həftə artır. Təkcə keçən həftə 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb”, – deyə Əliyev 44 günlük müharibə nəticəsində Azərbaycanın nəzarəti altına qayıdan ərazilərdə minalı sahələrlə bağlı vəziyyəti şərh edib.
Onun sözlərinə görə, “ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar”.
“Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Lap bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik. Beləliklə, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir”, – deyə prezident əlavə edib.
Dağıdılmış şəhərlər və kəndlər haqda
BMT nümayəndələrinin iştirak etdiyi forumun açılışında Əliyev qaçqınlar və məcburi köçkünlər məsələsinə toxunub:
“Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Bu, baş verəndə Azərbaycan əhalisi 8 milyondan az idi. Bir milyonun qaçqın və məcburi köçkünə çevrildiyini təsəvvürünüzə gətirə bilərsinizmi?
İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri buraya gələrək bunu öz gözləri ilə görüblər.
Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılıb”.
Nəticəsiz danışıqlar prosesi haqda
Əliyev ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpası haqda məlumatları növbəti dəfə şərh edib və ikinci Qarabağ müharibəsinə qədər danışıqlar prosesindəki problemlərə toxunub:
“İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. Nəticə faktiki olaraq sıfır idi.
BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə, bizim Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərimizə baxmayaraq, biz buna nail ola bilmədik.
Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi.
Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib.
İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar. Onlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib”.
“Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur”
Ermənistanla sülh prosesinə toxunan Azərbaycan prezidenti rəsmi Bakının iki ölkə arasında sülh razılaşmasının təməli qismində Yerevana təklif etdiyi beş prinsipə toxunub:
“Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təklif irəli sürdük. Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik.
Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, – xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, – irəli sürdük.
Bütün bunlar, əslində, beynəlxalq hüququn əsas prinsipləridir və hesab edirəm ki, münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır”.
Qarabağın erməni əhalisinin taleyi haqda
“Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik.
Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”, – deyə Əliyev öz çıxıında bildirib.
“Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var”
Əliyevin sözlərinə görə, Azərbaycan sülh müqaviləsi üzərində hazırlığın uzun çəkməyəcəyinə ümid edir:
“Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var. Çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq.
İki il bundan əvvəl baş verən müharibə Azərbaycan ərazisində aparılıb. Bu, bir daha bizim mövqeyimizi sübut edir və göstərir ki, bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Müvəffəq olub-olmayacağıq, görəcəyik. Əmin deyiləm, amma ən azından biz bu istiqamətdə irəliləyirik”.
Sərhədlərin delimitasiyası haqda
“Eyni zamanda, ümid edirik ki, sərhədlərin delimitasiyası üzrə iki müvafiq komissiya – Azərbaycan və Ermənistan komissiyaları da vaxt itirməyəcək və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklər. Demək olar ki, 30 ilə yaxın davam edən işğal illəri ərzində bu sərhəd tamamilə Ermənistanın nəzarəti altında olub. İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz bu sərhədə gəldik və burada qərarlaşdıq.
Ona görə də 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir. Ancaq yenə də deyirəm, bunun nə qədər uğurlu olacağını demək çətindir”, – deyə Əliyev Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası mövzusuna toxunub.