Post-münaqişə Azərbaycanı: İlham Əliyev yerli kanallara verdiyi müsahibədə nələr deyib?
İlham Əliyevin ilin yekununa dair müsahibəsi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verib. Ənənəvi hal almış bu illik müsahibə zamanı dövlət başçısı 2025-ci ilin yekunlarına dair fikirlərini bölüşüb, həmçinin qarşıdakı dövr üçün prioritetləri dəyərləndirib.
Bu məqalədə müsahibədə toxunulan əsas məqamlar üzrə – Ermənistanla münasibətlər, sosial rifah siyasəti, xarici əlaqələr və daxili siyasətlə bağlı bəhs edilənlər yer alır.

Ermənistanla münasibətlər: sülh prosesi və gələcək perspektivlər
İlham Əliyev 2025-ci ilin Azərbaycan üçün tarixi əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinə siyasi cəhətdən son qoyulub və ölkə ilk dəfə müstəqillik dövründə sülh şəraitində yaşamağa başlayıb.
“Cəmi bir neçə aydır davam edən sülh mühiti artıq ölkədaxili siyasi və iqtisadi müsbət trendlərə səbəb olub, cəmiyyətdə sabitliyə inam artıb. Bundan sonra Azərbaycan xalqı daimi sülh şəraitində yaşayacaq”.
Sülh sazişi və normallaşma
Prezident Əliyev müsahibəsində Ermənistanla hərtərəfli normallaşma prosesinin artıq Bakı üçün arzu olunan nəticəni verdiyini bildirir.
“İkitərəfli razılaşmalar çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı”.
O, 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri sülh sazişi mətninin paraflanmasını və tərəflərin birgə Bəyannamə imzalanmasını xatırladıb.
“Bu, faktiki olaraq münaqişənin siyasi yolla qapanmasını təsdiqləyən tarixi hadisədir. Qarşı tərəf də yeni reallığı qəbul edib – Azərbaycanın 2020-ci ildəki Qələbəsi nəticəsində əldə etdiyi ərazi bütövlüyü və suverenliyi artıq Ermənistan tərəfindən də tanınır”.
Sərhədlərin müəyyənləşməsi və kommunikasiyalar
Prezidentin açıqlamalarından aydın olur ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin qarşılıqlı tanınması prosesi prinsip etibarilə razılaşdırılıb. Xüsusilə, Zəngəzur dəhlizi adlandırılan nəqliyyat marşrutunun açılması üzrə də konsensus əldə olunub.
İlham Əliyev bildirir ki, Azərbaycanı ölkənin eksklavı olan Naxçıvanla birləşdirəcək bu bağlantı artıq ABŞ Prezidenti tərəfindən siyasi səviyyədə dəstəklənib.
“Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənib… Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”.
Bu dəhlizin reallaşması ilə Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında birbaşa yol yaranacaq və eyni zamanda regionda yeni tranzit imkanları açılacaq. Əliyev hesab edir ki, Ermənistan bu razılaşmadan geri çəkilməyəcək, çünki belə bir addım “özünəqəsd kimi” dəyərləndirilə bilər.
O xatırladır ki, yeni kommunikasiyalar Ermənistanın özü üçün də faydalıdır – nəticədə Ermənistan Azərbaycan vasitəsilə Rusiya dəmir yolu şəbəkəsinə, Naxçıvan üzərindən isə İranın dəmir yollarına çıxış əldə edəcək.
Prezidentin fikrincə, bu layihələrdə “uduzan tərəf olmamalıdır”, yəni regional iqtisadi əməkdaşlıq hamıya xeyir verəcək.
“Münaqişə səhifəsinin bağlanması sayəsində Azərbaycan regionda uzunmüddətli sülhə nail oldu. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri də daxil olmaqla atılan qəti addımlar olmasaydı, 8 avqust (yəni Vaşinqton görüşü) və ondan irəli gələn sülh razılaşmaları mümkün olmayacaqdı.
Hazırda isə prezident qarşılıqlı ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh sazışinin imzalanacağına ümid edirik. Azərbaycan artıq post-münaqişə dövrünün faydalarını görməyə başlayıb – ölkə qarşısında duran bütün vəzifələrin icrası üçün indi daha əlverişli şərait yaranıb”.
Sosial siyasət və əhalinin rifahı
Prezident İlham Əliyev müsahibədə dövlətin sosial siyasətini daim prioritet saxladığını bildirib.
“Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Hökumətin bütün qərarları və proqramları vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlib. Son illərdə sosial sahədə aparılan genişmiqyaslı islahatlar və investisiyalar bunun əyani sübutudur”.
Maaşlar, pensiyalar və sosial təminat
“Ötən dövrdə əldə olunan iqtisadi uğurlar ilk növbədə əhalinin gəlirlərinin artımına yönəldilib. Son 20 ilin göstəricilərinə əsasən, Azərbaycanda minimum əməkhaqqı 40 dəfədən çox artıb. Neft-qaz layihələrindən və iqtisadi islahatlardan əldə olunan gəlirlər əsasən sosial sektora yönləndirilib.
2018-ci ildən bəri hökumət 5 böyük sosial islahat paketi həyata keçirib ki, bunların təsiri 4 milyon nəfər vətəndaşı əhatə edib. Təkcə 2025-ci il ərzində dövlət büdcəsindən sosial tədbirlərə 1,4 milyard manat ayrılıb.
Nəticə etibarilə, maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Sosial artımlar imkan daxilində və iqtisadi dayanıqlılıq nəzərə alınmaqla aparılır”, – deyə prezident bildirib.
O, populizmdən uzaq olmağa çalışdığını və “ayağını yorğanına görə uzatmaq” prinsipinə əməl etdiyini deyir – yəni dövlət xərcləri real maliyyə imkanlarına uyğun planlaşdırılır. Bununla belə, iqtisadiyyat böyüdükcə sosial xərclərin daha da artırılacağı vəd olunur.
Əhalinin sosial müdafiəsi və regionların inkişafı
Prezident Əliyev sosial rifahın yüksəldilməsi üçün icra edilən xüsusi proqramlardan da danışıb.
“İşsizliyin azaldılması məqsədilə tətbiq edilən özünüməşğulluq modeli çərçivəsində 100 mindən çox insan kiçik təsərrüfat qurmaq üçün dəstəklənib.
Dövlətin mövqeyi budur ki, cəmiyyətdə ələbaxımlılıq minimuma enməlidir, işləmək istəyən hər kəs üçün ölkədə – xüsusilə azad edilmiş ərazilərdə geniş iş imkanları mövcuddur. Bunun fonunda, rəsmi statistika işsizliyin aşağı səviyyədə olduğunu göstərir”.
Bölgələrin dirçəldilməsi və “Böyük Qayıdış”
Müsahibədə azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası ən önəmli mövzulardan biri kimi önə çıxıb. İlham Əliyev qeyd edib ki, işğaldan azad olunan ərazilərin yenidən qurulması dövlətin ən prioritet istiqamətlərindəndir.
“İlk mərhələdə həmin bölgələr Azərbaycanın əsas infrastruktur şəbəkəsinə bağlanıb. Azad edilmiş bütün bölgələri mərkəzlə… faktiki olaraq birləşdirdik. Orada elektrik enerjisi, yollar, su təchizatı kimi fundamental infrastrukturların sıfırdan yaradılıb.
Cəmi beş il ərzində Qarabağ və Şərqi Zəngəzurda 307 MVt gücündə yeni elektrik stansiyaları qurulub, keçmişdə dağıdılmış su anbarları (Sərsəng, Suqovuşan və s.) bərpa edilib və yeniləri (Zabuxçay) inşa edilib.
Ən çətin coğrafi şəraitdə belə, yüzlərlə kilometr yollar, onlarca körpü və tunel tikilərək şəhər və rayonlar bir-birinə bağlanır. Məsələn, Bərdə-Ağdam dəmir yolu bərpa olunur, Ağdam-Xankəndi magistral yolu və bir sıra dağlıq marşrutlar (Kəlbəcər-Laçın yolu daxil olmaqla) müasir dördzolaqlı yollara çevrilir.
Bu investisiyalar sayəsində bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir… ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq”.
Əhalinin geri qayıdışı prosesinə gəlincə, Əliyev “Böyük Qayıdış” Dövlət Proqramının gedişindən məmnun olduğunu ifadə edir.
“Artıq 32 şəhər və kənddə toplam 70 minə yaxın insan yaşayır. Onların hamısı olmasa da böyük qismi keçmiş məcburi köçkünlərdir”.
Prezident 2026-cı il ərzində bu rəqəmin bir neçə dəfə artacağını gözlədiyini bildirir. Lakin o, konkret proqnozdan çəkinərək praktiki işlərin icra qrafikindən asılı olduğunu vurğulayır.
“Strategiya, ilk növbədə, doğma yurdlarına qayıdan vətəndaşlar üçün Bakıya yaxın sosial şərait yaratmaqdır, yəni yeni salınan şəhər və kəndlərdə yaşam şəraiti maksimum dərəcədə inkişaf etmiş bölgələrin səviyyəsinə çatdırılır.
Regionların canlanması ilə paytaxta köç meyli azalacaq, hətta əksinə, ölkənin müxtəlif yerlərindən insanlar iş və yaşayış üçün Qarabağ bölgəsinə gələcəklər.
Xankəndi və Ağdam azad edilmiş torpaqlarda əsas şəhərlər kimi inkişaf edəcək, ümumilikdə bu ərazilər ölkənin iqtisadi zəncirinə tam inteqrasiya olunacaq”.
Xarici əlaqələr: qlobal və regional tərəfdaşlıqlar
Müsahibənin mühüm hissəsi Azərbaycanının xarici siyasət prioritetlərinə həsr olunub. Prezident İlham Əliyev 2025-ci ili Azərbaycan-ABŞ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirir. O, açıq şəkildə bildirir ki, ABŞ-dakı yeni administrasiya (Prezident Tramp rəhbərliyində) regiona praqmatik yanaşma sərgiləyir və Azərbaycanla münasibətləri strateji səviyyəyə qaldırmağa maraqlıdır.
“Ağ Evdə Prezident Tramp… 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı, hərçənd tam ləğv üçün Konqres qərarı tələb olunsa da, bu addım rəmzi baxımdan çox önəmlidir.
Beləliklə, ABŞ-Azərbaycan əlaqələrinin qarşısındakı siyasi maneə faktiki olaraq aradan qalxıb. İki ölkə arasında strateji tərəfdaşlıq xartiyası hazırlamaq üçün xüsusi işçi qrup yaradılıb və artıq fəal müzakirələr gedir.
2025-ci ilin sonundan etibarən Azərbaycan ABŞ-a ard-arda yüksək səviyyəli nümayəndə heyətləri göndərərək ticari, iqtisadi, nəqliyyat və müdafiə sahələrində konkret əməkdaşlıq layihələri üzərində işləyir”.
Prezident Əliyev ümid edir ki, bu intensiv dialoq tezliklə real nəticələr verəcək və ikitərəfli tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksələcək.
Qərb-Rusiya balansı
Müsahibədə İlham Əliyev Azərbaycanın həm Qərb, həm də Rusiya ilə münasibətlərində milli maraqlara əsaslanan həssas balansı qoruduğunu göstərən fikirlər səsləndirib. O, bəzi beynəlxalq dairələrin ikili standartlarını tənqid edərək, konkret misal çəkir:
“Rusiya-Ukrayna müharibəsi başlayandan cəmi iki il sonra Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2 milyard dollardan 12 milyard dollara yüksəlib. Bu artım sanksiyalardan yayınma və boz idxal hesabına baş versə də, nə Avropa Komissiyası, nə Avropa Parlamenti… heç kim Ermənistanı qınamadı.
Halbuki Azərbaycanın iqtisadi artımı tamamilə legitim fəaliyyətin nəticəsidir və ölkə Qərb sanksiyalarını pozmadan regional ticarət mərkəzinə çevrilir”.
Bu mesajla Əliyev dolayısı ilə bildirir ki, Bakı həm Moskva, həm də Qərblə açıq oyun qaydalarına əsaslanan əməkdaşlıq tərəfdarıdır və heç bir blokun sanksiya rejimini pozmaq niyyətində deyil.
Eyni zamanda, Rusiya ilə iqtisadi əlaqələr də inkişaf etdirilir – xüsusilə nəqliyyat sahəsində.
Prezident xatırladır ki, Şimal-Cənub beynəlxalq dəhlizi təkcə ənənəvi Rusiya-İran marşrutu (Rəşt-Astara yolu) ilə məhdudlaşmır.
Zəngəzur dəhlizinin açılmasıyla “sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə bərpa ediləcək“, yəni Rusiya-Azərbaycan-Ermənistan-İran xətti Şimal-Cənub dəhlizinin ikinci qolu kimi fəaliyyət göstərəcək.
Bakı bu layihəni həm də Orta Dəhlizin (Çin-Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa) bir tamamlayıcısı hesab edir. Beləliklə, Azərbaycan post-münaqişə dövründə regionun nəqliyyat-logistika xəritəsində mərkəzi oyunçuya çevrilir və bu prosesdə hem Rusiya, hem Qərb tərəfdaşları ilə əməkdaşlıq edir.
Regional tərəfdaşlar və qonşular
Prezident Əliyev Azərbaycanın yaxın qonşularla münasibətlərinə də toxunub. Türkiyə ilə əlaqələr barədə danışan dövlət başçısı xatırladır ki, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi sayəsində Ankara-Bakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəlib.
“Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik çərçivəsində. İki ölkə mütəmadi birgə hərbi təlimlər keçirir, müdafiə sahəsində qarşılıqlı yardım öhdəliyi daşıyır”.
Prezident, eyni zamanda, bütün türk dövlətlərini də təhlükəsizlik müstəvisində daha sıx əməkdaşlığa dəvət etdiyini qeyd edib. Onun fikrincə, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi-siyasi koordinasiya regionda sabitliyə əlavə töhfə verə bilər.
Digər mühüm qonşu olan İranla bağlı, İlham Əliyev ikitərəfli əlaqələrin önəminə işarə edib. O bildirib ki, xüsusilə, Naxçıvanın İran üzərindən alternativ bağlantısı mövzusunda Azərbaycan-İran əməkdaşlığı strateji xarakter daşıyır.
“Artıq Araz çayı boyunca yeni körpü və yollar tikilir, bu xətt istifadəyə verildikdən sonra Azərbaycanın əsas hissəsindən Naxçıvana İran ərazisi vasitəsilə cəmi 50 km-lik yol olacaq. Bunun nəticəsində Naxçıvan Muxtar Respublikası ilə həm İran, həm də Türkiyə istiqamətində daimi quru və dəmir yolu əlaqəsi təmin ediləcək”.
Prezident Əliyev vurğulayır ki, bütün bu regional nəqliyyat layihələri “Ermənistan üçün də faydalıdır”, çünki nəticədə Ermənistan özü də yeni tranzit imkanlarına çıxış əldə edəcək və iqtisadi izolyasiyadan çıxacaq.
Ümumən, Əliyevin sözlərindən belə nəticə çıxır ki, Azərbaycan post-müharibə dövründə çoxvektorlu xarici siyasət yürüdür: bir tərəfdən ABŞ və Qərblə strateji tərəfdaşlığı gücləndirir, digər tərəfdən isə Türkiyə, Rusiya, İran kimi regional güclərlə praqmatik əməkdaşlığı dərinləşdirir.
O, beynəlxalq arenada yaranmış yeni vəziyyətdə ölkə üçün böyük perspektivlər gördüyünü bildirir. Müharibə yükünün çiyinlərindən götürüldüyünü deyən prezident, işgüzar dairələr, səyahət və turizm imkanları baxımından da tamamilə yeni bir mərhələnin başlandığını söyləyir. Onun fikrincə, indiki məqsəd bu imkanları reallaşdırmaqdır.
Qəzzada Azərbaycanın sülhməramlı mandatı barədə
Prezident İlham Əliyev bildirib ki, Azərbaycana Qəzza ilə bağlı müraciətlər daxil olsa da, mümkün iştirakın mandatı və formatı aydın deyil.
“Sülhməramlı missiya ilə döyüş əməliyyatları (“peacekeeping” və “peace enforcement”) fərqli anlayışlardır və Azərbaycan döyüş xarakterli əməliyyatlarda iştirak etməyi heç vaxt nəzərdə tutmayıb”.
Prezident xatırladıb ki, Azərbaycan əvvəllər İraq, Kosovo və Əfqanıstanda yalnız sülhməramlı və strateji obyektlərin mühafizəsi funksiyasını icra edib və ölkə hüdudlarından kənarda döyüş əməliyyatlarında iştirak etmək niyyəti yoxdur.
Əliyev vurğulayıb ki, Azərbaycan özü müharibələrdə böyük itkilər verib və heç bir halda vətəndaşlarının həyatını xarici münaqişələr naminə riskə atmayacaq.
Eyni zamanda o qeyd edib ki, Azərbaycan Fələstin məsələsində beynəlxalq platformalarda ardıcıl dəstək göstərib, lakin ərəb ölkələrinin problemlərinin əsasən ərəb dövlətləri tərəfindən həll edilməli olduğunu düşünür və qeyri-ərəb müsəlman ölkələrinin bu proseslərdə “ön sıraya çıxmasını” düzgün saymır.
Prezidentin sözlərinə görə, Azərbaycan Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının mövqelərinə uyğun hərəkət edir və əlavə fəallığın real nəticə verməyəcəyini hesab edir.
Daxili siyasət: idarəetmə və islahat mesajları
Antikorrupsiya tədbirləri barədə danışan İlham Əliyev 22 illik prezidentliyi dövründə kadrların seçilib yerləşdirilməsi sahəsində böyük təcrübə topladığını deyir. Prezident bildirir ki, onun etimadını doğrultmayan, “əyri yola gedən” məmurlar ya cinayət məsuliyyətinə cəlb olunur, ya da inzibati qaydada cəzalandırılır.
Bir çox hallarda korrupsiya və sui-istifadə faktları üzrə cinayət işlərinin başladıldığına diqqət çəkən Əliyev, struktur islahatlarının vacib olmasına baxmayaraq, “saf və təmiz kadrların yetişdirilməsi” məsələsinin daha önəmli olduğunu söyləyir. O, prosesin hamar getmədiyini etiraf etsə də, dövlət aparatında şəffaflığın və hesabatlılığın artırılması üçün qətiyyətli mübarizəni davam etdirəcəyini bəyan edib.
Prezident həmçinin ictimai nəzarətin rolunu xüsusi qeyd edir.
“Bir çox qərarlar məhz yerlərdən gələn siqnallar nəticəsində verilir – vətəndaşlar tərəfindən qaldırılan problemlər araşdırılır və təsdiqini tapdıqda tədbir görülür”.
Əliyev cəmiyyətdə post-müharibə dövründə formalaşmış yüksək ruh yüksəkliyini xatırladaraq deyir ki, hamı, xüsusilə vəzifə sahibləri qürurla və məsuliyyətlə çalışmalıdır.
“Belə möhtəşəm zəfərdən sonra cəmiyyətdə bu qədər xoş əhvali-ruhiyyə var… məmur özbaşınalığına daha dözümsüz olmalıyıq”
Prezident həm özünün, həm də bütün dövlət orqanlarının bu prinsiplə hərəkət etməsinin vacibliyini bildirib. Onun fikrincə, Azərbaycan cəmiyyəti çox mütərəqqidir və ölkənin əldə etdiyi tarixi nailiyyətlər fonunda vətəndaşlar haqlı olaraq hökumətdən ədalət tələb edirlər.
“Buna görə də, yeni şəraitdə idarəetmənin təkmilləşdirilməsi, o cümlədən kadr islahatlarının davamı əsas vəzifələrdəndir”.
Yeni idarəetmə modeli barədə
Əliyev idarəetmə modellərinin təkmilləşdirilməsi barədə də danışıb. O bildirib ki, xüsusən, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəsi institutu özünü doğruldub. Prezident istisna etmir ki, bu daha çevik model gələcəkdə ölkənin digər regionlarında da tətbiq oluna bilər.
“Həmin bölgələrdə yerli icra strukturlarının sayının azaldılması və birbaşa mərkəzə tabe xüsusi nümayəndəliklərin fəaliyyət göstərməsi idarəetmədə operativliyi artırıb. Ərazi idarəetməsində istənilən forma seçilsə də, uğurun açarı peşəkar və vicdanlı kadrların olmasıdır”.
İlham Əliyevin ilin yekununa dair müsahibəsi