İlham Əliyev: “İnsanlar və yüklər Azərbaycandan Azərbaycana yoxlanmadan keçməlidir”
İlham Əliyevin yerli kanallara müsahibəsi
“Yüklər, insanlar və avtonəqliyyat vasitələri Azərbaycandan Azərbaycana heç bir yoxlamadan keçirilmədən və gömrük idarəçiliyinə cəlb edilmədən sərbəst keçməlidir”, – Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində regional kommunikasiyaların açılması ilə bağlı sualı cavablayarkən deyib.
- BRIKS-in genişlənməsi: Azərbaycan üçün yeni imkanlar. Bakıdan şərh
- Azərbaycanda “Fransa casusları” qalmaqalı
- Azərbaycanda “doğum evi”nin yanması nəticəsində 4 körpə həlak olub
Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibə verib.
“Dünyada beynəlxalq hüquq işləmir”
“Son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil.
Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik”, – Əliyev Azərbaycanın işğaldan azad edilən əraziləri haqda danışarkən bildirib.
“Halbuki əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar”, – deyə o əlavə edib.
“Dəhliz hər hansı ölkənin suverenliyini şübhə altına qoymur”
Regional kommunikasiyaların açılması perspektivi, xüsusən də Ermənistanın “Sülh yolu kəsişməsi” layihəsi ilə bağlı sualı cavablandıran Əliyev qeyd edib ki, Azərbaycanın razılığı olmadan belə layihələrin həyata keçirilməsi mümkün deyil:
“Bu mümkün deyil. Hesab edirəm ki, bu, sadəcə olaraq, piar aksiyadır. Çünki Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər.
Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil.
Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı, digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir”.
Azərbaycan prezidenti xatırladıb ki, Ermənistanın təklif etdiyi marşrut ilin müəyyən vaxtlarında bu yolun yararsız olması səbəbindən praktiki deyil və ölkənin əsas hissəsini Naxçıvanla birləşdirən dəhliz Meğridən keçməlidir:
“İnsanlar və yüklər Azərbaycandan Azərbaycana heç bir yoxlama aparılmadan keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.
“Velosiped icad etmək lazım deyil”
Əliyevin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi “5-10 cildlik yox, maksimum 5-10 səhifəlik əsas prinsiplərdir. Onu da burada, necə deyərlər, velosiped icad etmək lazım deyil, sadəcə olaraq, beynəlxalq hüququn prinsipləri oraya salınmalıdır”.
“Sentyabr hadisələrindən sonra isə biz yeni bir vəziyyətlə üzləşdik. Ermənistana verilən vədlər, xüsusilə də həm BMT-də, həm Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək, Azərbaycan böyük təzyiq altına düşəcək, dırnaqarası bu əməliyyat Azərbaycana baha başa gələcək. Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizə də kimsə təzyiq edib bizi də razı sala bilərlər.
Məhz buna görə 70 gün ərzində bizim təklifimizə, – çünki burada təkliflər mübadiləsi 5-6 dəfə gedib, mətnlər göndərilir şərhlərlə, – cavab vermirdi. Biz onu artıq rəsmi qaydada bildirəndə ki, 70 gün, yəni o vaxt deyəsən 60 gün gözləyirik, ondan sonra təklif verdilər və hazırda onların təklifində, yəni onların şərhlərində Qarabağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur. Yəni, bu mövzu artıq çıxarılıb və faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait məhz indi yaradılıb – məhz sentyabr əməliyyatından sonra yaradılıb.
Onu da bildirməliyəm ki, biz onlardan fərqli olaraq öz şərhlərimizi 70 gündən sonra yox, 30 gündən sonra göndərdik və ondan iki həftə sonra onlar, bax bu ayın 4-də yeni şərhlər göndərdilər. Yəni, yenə də sual yaranır: Əgər bu şərhləri iki həftə ərzində vermək olarsa, sən keçən dəfə 70 gün nəyi gözləmisən? Yəni, mənim fərziyyəm tam sübuta yetirilir”.
Azərbaycan prezidenti onu da əlavə edib ki, ölkəsinin sülh müqaviləsinin təminatlarına ehtiyacı yoxdur:
“Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın.
Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.