“Danışıqların nə vaxt başlayacağını deyə bilmərəm” – İlham Əliyev
Azərbaycanın prezidenti İlham Əliyev Türkiyənin Haber Global televiziya kanalına verdiyi müsahibədə Dağlıq Qarabağda cəbhə xəttində baş vermiş son olayları şərh edib.
JAMnews-un tərcüməsində müsahibənin əsas tezislərini diqqətinizə çatdırırıq.
• “Mağazalarda bütün oyuncaq tapançaları alıblar” – Azərbaycan sakinləri müharibə haqqında
• Hadrut uğrunda döyüşlər – Qarabağ münaqişə zonasında nə baş verir
-Əlbəttə, biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. Bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir.
-Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir.
-Atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur.
-Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman edilmişdir. Şəhər “Toçka-U” raketləri ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür.
-Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi.
-Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik.
-Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər.
-Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir.
-Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada şelfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır.
-Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.
-Bəli, biz səbir göstəririk. Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.
-Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq.
-Yox, biz belə bir siqnal almırıq və heç kim də bizə belə bir siqnal verə bilməz. Bu, beynəlxalq hüquqa və tarixi ədalətə ziddir. Belə bir siqnal olmamışdır. Siqnallar var ki, dayandırın. Siqnallar var ki, daha irəli getməyin. Siqnallar var ki, atəşkəs təmin edilsin. Biz də deyirik ki, yaxşı, atəşkəs təmin edilsin, ancaq bununla bərabər gərək məsələ sülh yolu ilə həll edilsin.
-Moskvada qəbul edilmiş açıqlama, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünki, ilk növbədə, orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi. Bundan başqa çox önəmli siyasi məqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndiyə də qayıdacaqlar və ondan sonra, yəni, bu məsələnin siyasi həlli təmin edilə bilər.
-Digər məsələ, – Ermənistan buna hər zaman o qədər yaxşı baxmırdı, – odur ki, müzakirələrin formatı dəyişməz olaraq qalır. Ermənistan rəhbərliyi və baş nazir Paşinyan hər zaman deyirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz isə buna etiraz edirdik. Oraya belə bir bəndin salınması yenə də bizim maraqlarımıza cavab verir.
-Ona görə artıq hərbi mərhələdən diplomatik siyasi mərhələyə keçid üçün bütün imkanlar, bütün zəmin var. Qaldı ki, Ermənistan bu atəşkəsə əməl etsin. Ümid edirəm ki, Azərbaycanın müzəffər Ordusunun dünən və bu gecə yeni uğurlu əməliyyatları onları buna məcbur edəcək.
-Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı.
-İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm. Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıram danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır.