İlham Əliyev: “Azərbaycan qarşısına Aİ üzvü olmaq məqsədi qoymayıb”
İlham Əliyev Avropa İttifaqı haqda
“Azərbaycanda bizə nə lazımdır? Ermənistanda bir daha revanşizm cəhdlərinin olmayacağına dair qəti təsdiqlənmiş təminatlara ehtiyacımız var”, – deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib. O, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri məsələsinə toxunaraq qeyd edib: “Azərbaycan özünün xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmağı qarşısına məqsəd qoymur – sadəcə ona görə ki, bizi oraya heç vaxt buraxmayacaqlar”.
- İlk dəfə: Azərbaycan və Ermənistan hakimiyyətlərinin birgə bəyanatı
- “Təhlükəli iş olsa da, işsizlikdən yaxşıdır”. Süpürgəçi qadınların güzəranı
- “Gəlin cinayətin adını ənənə qoyaq”. Niyə Gürcüstanda erkən nikah problemini həllini tapmır?
Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə təşkil etdiyi “Qarabağ: 30 ildən sonra Vətənə qayıdış. Nailiyyətlər və çətinliklər” forumu keçirilib.
Ermənistanla sülh sazişi haqda
İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan sülh müqaviləsi üzrə danışıqların təşəbbüskarı olub.
“Biz – Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. “Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır” dedik. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı. Sonra gördük ki, heç nə baş vermir. Beləliklə, biz sülh sazişinin prinsiplərini işləyib hazırlamaq qərarına gəldik. Onları işləyib Ermənistana göndərdik. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik. Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür. Əgər üç il əvvəl onları qəbul etsəydilər və ya əsasən qəbul etsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı.
Beləliklə, bu, keçmişdə qalıb. Amma bilməliyik ki, bu, Ermənistanın deyil, Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Son ayların başqa bir nümunəsini də misal göstərmək olar. Beş-altı şərh mübadiləsi aparılıb – ilkin Azərbaycan layihəsinə şərhlər verilib. Ermənistanın şərhləri, Azərbaycanın şərhləri, fikir ayrılıqları, razılaşmalar. Xarici işlər nazirləri bir neçə dəfə müxtəlif yerlərdə görüşüblər. Son şərhimizi sentyabrın 11-də göndərmişik. Beləliklə, bu sülh sazişinin nə olduğu haqqında daha ətraflı məlumat vermək üçün deyim ki, bu, 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik bir sənəddir. Beləliklə, belə kiçik bir sənədə Ermənistana bizə cavab vermək üçün 70 gün vaxt lazım olub və onlar yalnız Azərbaycanın xarici işlər naziri bunu açıqlayandan sonra (“İki aydır gözləyirik, niyə cavab vermirsiniz?” deyəndən sonra) cavab verdilər.
Deməli, bu onu göstərir ki, bu prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Niyə gecikdirdilər? Bunu bilmirəm. Bu, onların öz qərarı idi, yoxsa bəzi Avropa paytaxtlarında yeni dostları tərəfindən məsləhət görülüb? Bunu bilmirəm, yalnız ehtimal edə bilərəm. Amma fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik
Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar, ümumiyyətlə, mövcud deyil və şərhlərində də yoxdur. Təfərrüatlara çox varmaq istəmirəm, çünki bunun məxfi sənəd olduğunu başa düşürsünüz”.
Sülh təminatı haqda
“Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var.
Həmin paytaxtın adını qeyd etmədən belə, məncə, hamı kimi nəzərdə tutduğumu anlayır. Beləliklə, bu, bir təkan rolunu oynaya bilər. Hələlik bunlar təxribatçı məsləhətlərdir, lakin onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmirik. Deməli, iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “dağlıq qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur”, – Əliyev bildirib.
Avropa İttifaqı ilə münasibətləri haqda
Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Yekaterina Metrevelinin sualını cavablandıran Azərbaycan prezidenti vurğulayıb ki, Azərbaycan Gürcüstana uğurlar arzulayır, Aİ üzvlüyünə irəliyə doğru atdığı yeni addım və namizəd statusu ilə bağlı təbrik edir:
“Başa düşürük ki, əlbəttə, bu, bir prosesdir. Bəzi ölkələrin uzun illər gözlədiyini bilirik. Mən Türkiyənin adını çəkmək istəmirəm. Çünki Türkiyənin uzun illər namizəd olmasına baxmayaraq, onu Avropadan uzaq tutmaq qətiyyən qəbuledilməz və ədalətsiz yanaşma idi. Həmçinin Balkan regionuna baxsanız görərsiniz ki, ölkələr hələ də gözləməli olurlar. Avropaya gedən yolda müzakirələrlə bağlı indiki vəziyyəti gördüyüm qədər genişlənmə ilə bağlı konsensus yoxdur, amma hər halda bu, mənim müşahidəmdir, hər bir halda uğurlar arzulayıram.
Gürcüstan Aİ-yə üzv olduqda əminəm ki, bizim münasibətlərimizdə, eləcə də enerji əməkdaşlığı ilə bağlı heç nə dəyişməyəcək. Çünki siz bilirsiniz ki, Avropa bizim enerji ehtiyatlarımızın əsas istiqamətidir, istər neft, istərsə də qaz olsun. Avropa Enerji Komissiyası Azərbaycanı artıq ümumavropa qaz tədarükçüsü adlandırıb, bu doğrudur.
Deməli, artıq bir çox ölkələr bizim qazımızı alır. Onların əksəriyyəti Avropa ölkələridir və digərləri da alacaq. Çünki biz indi nəinki danışıqlar prosesindəyik, həm də Avropa ölkələri arasında fiziki əlaqələr qurur və bəziləri ilə danışıqlar aparırıq, ona görə də heç nə dəyişməyəcək.
Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük. Biz virtual deyil, real dünyada yaşayırıq. Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz? Əgər onlar sizi istəmirlərsə, siz yalnız ev sahibini qıcıqlandıracaqsınız və yalnız özünüzü alçaldacaqsınız”.
Borrel və Metsolanın bəyanları haqda
Borrel və Metsolanın bəyanları haqda
Əliyev çıxışında Avropa İttifaqının xarici işlər naziri Cozep Borrel və Avropa Parlamentinin sədri Roberta Metsolanın son bəyanatlarına da toxunub:
“Cənab Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı dünənki açıqlaması yalandır. Təəssüf edirəm ki, belə bir təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq. Amma yenə də nəinki rəqəmlərlə olan bu manipulyasiya, heç bizim etmədiyimiz bir şeylə bağlı Azərbaycana qarşı ittihamlar da qətiyyən yolverilməzdir. Xüsusən də qəribədir ki, onun ölkəsi bizim Xarici İşlər Nazirliyinin də artıq elan etdiyi kimi, separatizmdən əziyyət çəkib. Bəs o, separatçıları necə müdafiə edə bilər? Bu, çox qəribədir.
Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə telefon danışıqlarımın birində ona demişdim ki, Avropa Parlamentinin sədri xanım Metsola bizim antiterror tədbirlərindən sonra bəyan etmişdi ki, Azərbaycanla qaz sahəsində olan münasibətlərə və qaz müqavilələrinə xitam verilməlidir. Mən cənab Şarl Mişelə dedim ki, yəqin o, bu işlərin necə idarə olunduğunu bilmir. Çünki tərəflərdən biri müqaviləni ləğv edərsə, o, cərimə ödəməlidir. Birincisi, o, Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik? Təəssüf ki, belə insanlar var. Deyərdim ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Mən həmişə açıq danışmağa üstünlük verirəm, çünki onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibəti ilə tamamilə razı deyiləm. Çünki bu, ədalətli deyil və bu, Avropa İttifaqının və Avropa institutlarının maraqlarına uyğun deyil. Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda, bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və neft-qaz sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində də əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstanı, Azərbaycanı, Rumıniyanı və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni, oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir.
Tezliklə texniki-iqtisadi əsaslandırma ilə bağlı yekun hesabatımız olacaq və ümid edirik ki, tikintiyə başlayacağıq. Bu, nəqliyyatla, bağlılıqla əlaqəlidir. Cozef Borrel kimi insanlar üçün xəritəyə baxmaq və Azərbaycanın harada yerləşdiyini görmək kifayətdir. Əgər onlar Mərkəzi Asiyada fəal olmaq istəyirlərsə və biz görürük ki, onlar istəyirlər, biz hər iki istiqamətdə hərəkətləri görürük. Onlar Azərbaycandan necə yan keçə bilərlər? Orta Asiya ölkələri ilə İran vasitəsilə əlaqə quracaqlar, yoxsa Rusiya vasitəsilə? Yoxsa qanadları var? Ona görə də bu bəyanatları verməzdən əvvəl bu barədə düşünməlidirlər”.