Azərbaycanda bir sutkadan sonra Zəfər Gününün tarixi dəyişib – səbəb Atatürklə bağlıdır
Dekabrın 2-də Azərbaycan prezidenti ikinci Qarabağ müharibəsində Zəfər Gününün hər il noyabrın 10-da qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Amma bir sutka sonra sənədə düzəliş etmək lazım gəlib. Səbəb isə Atatürkün xatirəsi ilə bağlı olub.
İlham Əliyevin imzaladığı Zəfər Gününün tətsis edilməsi haqda sərəncam dərc ediləndən dərhal sonra sosial şəbəkələrin Türkiyə seqmentində istifadəçilərin çoxu 10 noyabr tarixi ilə bağlı narazılığını bildirməyə başlayıb.
Məsələ burasındadır ki, 1938-ci il noyabrın 10-da müasir Türkiyə Respublikasının banisi və ilk prezidenti Mustafa Kamal Atatürk vəfat edib. Və bu gün Türkiyədə Atatürkün Anım Günü kimi qeyd edilir.
Bunu nəzərə alaraq, dekabrın 3-də Azərbaycan prezidenti öz sərəncamına dəyişiklik edib və Azərbaycanda Zəfər Gününün yeni tarixi noyabrın 8-ə təyin olunub.
“Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub”, – sənəddə deyilir.
Dekabrın 2-də İlham Əliyev digər sərəncamı ilə ikinci Qarabağ müharibəsində həlak olanların Anım Gününü təsis edib. Anım Günü hər il sentyabrın 27-də – 2020-ci ildə münaqişə zonasında hərbi əməliyyatların başladığı gün qeyd olunacaq.