Gürcüstan Dövlət Statistika Xidmətinin ilkin məlumatına görə, 2017-ci ilin yanvarında 2016-cı ilin yanvarı ilə müqayisədə Gürcüstandan ixrac olunan malların həcmi 45 faiz (55 milyon dollar) artıb.
2017-ci ilin yanvarında malların ixracı 176,8 milyon dollar təşkil edib, ötən ilin yanvarında isə bu göstərici 122 milyon dollar idi.
İl ərzində idxal da əhəmiyyətli dərəcədə artıb – ötən ay idxal 474,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 15 faiz (64 milyon dollar) çoxdur.
Statistika Xidmətinin məlumatına görə, Gürcüstanda malların idxalı və ixracı 2014-cü ildən etibarən azalmağa başlamışdı və bu il ilk dəfədir ki, artım tendensiyası yaranıb. Amma ixrac hələ də enmədən əvvəlki həcmə yüksələ bilməyib – ixrac göstəriciləri 2014-cü ilin analoji dövrü ilə müqayisədə 47 milyon dollar azdır.
Statistika Xidməti ölkənin xarici ticarəti ilə bağlı statistikanı fevralın 20-də dərc edəcək.