İki erməni deputatı Bakıya gəlib
“Ermənistan parlamentinin xarici əlaqələr üzrə komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıya gəlib”, – APA informasiya agentliyi Ermənistan parlamentinin “Facebook” səhifəsinə istinadən xəbər verir. Onlar “3-cü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqində “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin rolu” adlı konfransda iştirak etmək üçün gəliblər.
“Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Dağlıq Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram”, – APA Armen Aşotyanın sözlərindən sitat gətirir. Deputat deyib ki, Gürcüstan-Azərbaycan sərhədində “texniki” problemlər oldu, amma tez də həll olundu: “Mən əminəm ki, bunlar siyasi motivli deyildi. Daha çox onunla bağlı idi ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana periodik səfərləri olmur. Münaqişə nəticəsində ölkələrimiz arasında ünsiyyət intensivliyi yoxdur”.
“Biz ona görə gəldik ki, “Avronest” bizim üçün vacib platformadır. Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşır. Həm də avropalı deputatların iştirak etdiyi tədbirdə təbliğat və Ermənistana qarşı ritorikanın istifadə edilməyinə imkan verməmək üçün gəldik. Təəssüf ki, bəzi çıxışlarda belə ritorikalar oldu. Ancaq nəzərə almaq lazımdı ki, biz bura Dağlıq Qarabağ məsələsini müzakirə etməyə gəlməmişik”, – deyə Aşotyan vurğulayıb.
Qarabağ Azadlığı Təşkilatının bir qrup fəalı erməni deputatlarının səfərinə qarşı icazəsiz etiraz aksiyası keçirib. Etirazçılar əllərində “Erməni işğalçıları, Bakıdan rədd olun” və “Erməniləri dəvət edənlərə ar olsun!” şüarlı plakatlar qaldırmışdılar.
Ermənistan mediası (o cümlədən də news.am) Armen Aşotyanın Bakıda keçirilən konfransda çıxışından sitat gətirir:
“Həm də bir sıra azərbaycanlı məruzəçinin qadın sağlamlığı və sosial problemlərə həsr olunan forumun meydanından Ermənistana qarşı təbliğat üçün istifadə etmək cəhdlərinə diqqət yetirdi. O, bildirdi ki, Errmənistanın nümayəndə heyəti Bakıya Qarabağ münaqişəsini deyil, forumun mövzularını müzakirə etmək üçün gəlib”.
Aşotyan həm də vurğulayıb ki, münaqişələr zamanı münaqişənin bütün tərəfləri zərər çəkir, buna görə də hamıya qulaq asmaq və mövcud məsələləri insan haqları və humanizm çərçivəsində, siyasi, etnik və dini fərqlərdən asılı olmayaraq, müzakirə etmək lazımdır. O, Azərbaycan tərəfini gələcək nəslə ermənilərə qarşı nifrət və ksenofobiya aşılamamağa çağırdı, çünki bunun bütün region üçün ağır fəsadları olacaq.
Ermənistan parlamentinin “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri həm də Azərbaycanın təhsil sistemində anti-erməni stereotiplərin formalaşdırılması məsələsinə toxunaraq, bu cür siyasətə son qoymağa çağırdı”.