Qazax Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal Nicat Əmiraslanov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunaraq 15 sutka müddətinə inzibati həbsə məhkum edilib.
Bu barədə “JAMnews”a məlumat verən fəalın yaxınları deyir ki, hadisə Elgün İbrahimovla bağlı bukletləri payladığı üçün baş verib.
Elgün İbrahimov həyatını müəmmalı şəkildə itirmiş 17 yaşlı məktəblidir. O, Gəncədə, tərk edilmiş yataqxanada ağır yaralı vəziyyətdə tapılmış, xəstəxanada vəfat etmişdi. Hökümətə yaxın medialar onun intihar etdiyini tirajlamışdı. Ailəsi onun intihar etmədiyini, döyülərək öldürüldüyünü bildirir.
Bir müddətdir sosial mediada hadisənin Prokurorluq tərəfindən ciddi araşdırılmadığı ilə bağlı müxtəlif iddialar səsləndirilir. Həmçinin, bir sıra fəallar Elgününün hadisəsi ilə bağlı məlumatları əks etdirən bukletləri müxtəlif ərazilərə yapışdırır, küçələrdə paylayır. Baş vermiş ölümlə bağlı yayılan iddialar arasında hadisənin polislər tərəfindən törədilmiş qətl olduğu da yer alır.
Nicat Əmiraslanov və Elgün İbrahimov | foto: şəxsi arxivlərindən
Yaxınlarının sözlərinə görə, Əmiraslanov bu gün, Qazaxda polislər tərəfindən saxlanılıb:
“O, Elgünlə bağlı bukletləri küçələrdə yapışdırırdı. Saxlanılmasının səbəbinin də bu olduğunu düşünürük”.
Hüquq-mühafizə orqanları ictimai fəalın saxlanılması ilə bağlı rəsmi açıqlama verməyiblər.
Nicat Əmiraslanov uzun illərdir ictimai fəal kimi tanınır. O, həm də müstəqil jurnalist fəaliyyəti ilə məşğul olub. Son illərdə dəfələrlə polis tərəfindən saxlanılıb və müxtəlif inzibati cəzalar alıb. Əvvəlki saxlanılmalar zamanı işgəncəyə məruz qaldığı barədə iddialar səsləndirilib.