Gürcüstan duxoborları onların ibadətgahının – qəbiristanlıq və icmanın birgə ibadət üçün toplaşdığı yerin – “qəbirlərin sistematik təhqir olunmasından şikayət edirlər.
Duxobor icması, əsasən, Gürcüstanın Ninosminda rayonunda yaşayır. Bu rayonda ən iri duxobor kəndi Qorelovkadır, burada 40-a yaxın duxobor ailəsi yaşayır. İcmanın Gürcüstana ilk köçən liderlərinin qəbirləri Qorelovkadan bir qədər aralıda yerləşir, burada duxoborlar ibadət – unikal dini nəğmələr ifa etmək üçün yığışırlar.
Yerli sakinlərin sözlərinə görə, qəbirlərin ərazisində naməlum adamlar mütəmadi olaraq içki içirlər. Və icma nümayəndələrinin dəfələrlə polisə müraciət etmələrinə baxmayaraq, hökumət tədbir görmür və vəziyyət dəyişmir. Daha doğrusu, dəyişir, amma fəsil dəyişməsi ilə əlaqədar:
“İndi qışdır, soyuqdur, buna görə də heç kim yığışmır, – Tatyana Oslopova JAMnews-a dedi, – hava qızandan sonra bu biabırçılıq da yenidən təkrar olunacaq.
Cinayətkarlar müqəddəs yeri təhqir etməklə kifayətlənmir, həm də icmanın əmlakını korlayırlar – şüşələri sındırır, mebeli xarab edir və çirkləndirirlər.
İcma nümayəndələrindən biri JAMnews-a xəbər verdi ki, müqəddəs yerdə təşkil olunan qonaqlıqların iştirakçıları tez-tez özlərinin şəkillərini çəkir, video çəkilişlər edir və hətta bu məlumatı sosial şəbəkələrdə yerləşdirirlər. Yəni bu tədbir iştirakçılarının şəxsiyyətini müəyyən etmək nəinki polis, hətta yerli sakinlər üçün də heç də çətin deyil.
Gürcüstanın Samtsxe-Cavaxeti regionunda yaşayan duxoborlar Qafqaza XVIII əsrdə sürgün edilən həmin o “kafirlər nəslindəndirlər. Onlar uzun və əziyyətli yollarla Qafqaz sıra dağlarını keçərək Samtsxe-Cavaxetiyaya gəlib çıxdılar, sağ qalanlar icma yaratdı, o sonradan möhkəmləndi və böyüdü.
Duxobor icmasının çiçəklənməsi dövrü 60-70-ci illərə təsadüf edir. Ötən əsrin 80-ci illərində Qorelovkada 3 minə yaxın adam yaşayırdı, amma 90-cı illərin əvvəllərində onların çoxu Rusiya, Ukrayna və Kanadaya köçdü.
Hələ də duxobor mədəniyyətinin mühüm mərkəzi sayılan Qorelovkada indi 130-a yaxın duxobor yaşayır.
Tezliklə JAMnews böyük məmnuniyyətlə öz auditoriyasına Gürcüstan duxoborlarına həsr olunan sənədli film təqdim edəcək. Bu film “Go Group Media tərəfindən çəkilib, tezliklə onun premyerası gözlənilir.