Hərbi yardım və islahatlar. Ukrayna və ABŞ prezidentləri nə haqda razılaşıblar?
Zelenski və Bayden Ukraynanın müdafiəsinə və islahatların aparılmasına yardım haqda razılaşıblar
ABŞ 2021-ci ildə Ukraynaya demokratiya v ə insan haqlarının dəstəklənməsi proqramı üçün 463 milyon dollar, əlavə olaraq təhlükəsizlik sahəsində yardım, o cümlədən də silahlanma üçün 60 milyon dollar vəsait ayırıb. Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərinin və prezident Co Baydenlə görüşünün əsas nəticələri bundan ibarətdir.
“Normal kişi söhbəti”
ABŞ prezidenti danışıqların əvvəlində bildirib ki, “Birləşmiş Ştatlar əvvəlki kimi Rusiya təcavüzü qarşısında Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”.
O həmçinin qeyd edib ki, Ukraynanın Avroatlantik kursunun dəstəklənməsi sarsılmaz qalır və yenidən Ukraynaya səfər etmək imkanının olacağına dair ümidini ifadə edib.
Görüşün sonunda prezidentlərin birgə mətbuat konfransı olmayıb, görüşün nəticələrini jurnalistlər üçün Vladimir Zelenski şərh edib.
- Navalnı, Ukrayna, kiber-hücumlar – Bayden və Putin ilk rəsmi görüşdə nələrdən danışıblar?
- Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?
- Ukraynalılar hakimiyyətlə zarafat etdilər
Ukraynanın Hromadske telekanalının məlumatına görə, Zelenski görüşdə prezidentlərin NATO mövzusuna çox zaman ayırdığını qeyd edib. ABŞ Ukraynaya üzvlük təqdim edilməsinə dəstək versə də, konkret müddət qeyd olunmayıb.
Prezidentin bildirdiyinə görə, enerji təhlükəsizliyi məsələləri ayrıca müzakirə olunub. Ukrayna üçün Rusiyadan Almaniyaya Ukraynadan yan keçməklə çəkilən “Şimal axını-2” qaz kəməri məsələsi mühüm olaraq qalır. Bu da Moskvaya Ukraynaya qaz təchizatı ilə manipulyasiya imkanı qazandırır.
Zelenski deyib ki, Rusiya və ya “Şimal axını-2”-nin digər tərəflərin nümayəndələri tərəfindən Ukrayna üçün təhlükə yaradacaq şəkildə razılaşmanın pozulması baş verərsə ABŞ-ın Rusiyanın qaz kəmərinə qarşı sanksiya tətbiq edəcəyinə dair poprezident Bayden şəxsən zəmanət verib.
Həmçinin onun sözlərinə görə, müdafiə dəstəyi məsələləri də müzakirə olunub, o cümlədən də Qara dəniz sahillərinin təhlükəsizliyi məsələsi haqda danışılıb. Bu məsələlər üzərində ölkələr gələcəkdə də birgə çalışacaqlar.
Zelenskinin sözlərinə görə, Krım haqda, işğaldan azadetmə və əsirlərin qaytarılması məsələləri haqda da danışılıb.
“Görüşün bir saat əvəzinə iki saat davam etməsi tərəflərin həqiqətən də dialoqda və nəticələrdə maraqlı olduğunu göstərir. Mən hesab edirəm ki, ümumilikdə görüş normal, məhsuldar keçdi, həmişə “günəşli” atmosferdə olmasa da, normal kişi söhbəti idi”, – Zelenski deyib.
Birgə bəyanat
Görüşdən sonra Bayden və Zelenskinin görüşünün yekunlarına dair yayılan birgə bəyanata bir neçə vacib məsələ daxildir:
Rusiya təcavüzünə qarşı mübarizə. ABŞ qeyd edib ki, heç vaxt Krımın ilhaqını tanımayacaq və münaqişənin nizamlanması üzrə beynəlxalq səylərə tam dəstəyini təsdiqləyib.
Bəyanatda müdafiə və müdafiə sənayesi sahəsində islahatların həyata keçirilməsi, Qara dəniz təhlükəsizliyi,Ə kibet-təhlükəsizlik, kəşfiyyat informasiyası mübadiləsi və Rusiya təcavüzünə qarşı mübarizə kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün iki ölkə arasında yeni müdafiə çərçivə razılaşması haqda qeyd olunub.
Həmçinin 60 milyon dollar həcmində yardım da qeyd olunur ki, bura “Javelin” zirehdeşici komplekslərin və digər müdafiə öldürücü silahların təchizatı da daxildir.
ABŞ Ukraynanın NATO və Aİ-ə daxil olmaq hüququnu dəstəkləyib.
Məhkəmə sisteminin islahatı və korrupsiya ilə mübarizə. Ukrayna məhkəmə sektorunda ən yaxşı beynəlxalq təcrübəyə müvafiq islahatlar aparmağı vəd edir.
İnsan haqları. ABŞ-ın dəstəyilə Ukrayna beynəlxalq standartlara və öhdəliklərə müvafiq olaraq insan haqlarına, vətəndaş və əsas azadlıqlara hörməti möhkəmləndirməyə, o cümlədənd də irqçilik, ksenofobiya, antisemitizm və LGBT+ icmasına qarşı diskriminasiya ilə mübarizə aparmağa söz verir.
İslahatlara investisiya. ABŞ 2021-ci ildə Ukraynada islahatların dəstəklənməsi üçün 463 milyon dollar ayırmağı planlaşdırır. Qeyd olunur ki, 2014-cü ildən bunun üçün təxminən 2 milyard dollar ayrılıb.
Ukrayna və Birləşmiş Ştatlar birgə energetika və iqlim hədəflərinə nail olmaq sahəsində əməkdaşlığı energetika və iqlim məsələləri üzrə strateji dialoqu aktivləşdirmək yolu ilə gücləndirmək niyyətindədirlər. Tərəflər 2030-cu ilə qədər öz milli istixana qazlarının tullantılarının iddialı dərəcədə azaldılmasına nail olmaq niyyətlərini təsdiqləyiblər.
“Şimal axını-2” qaz kəmərinin təsirilə mübarizə. ABŞ Kremlin energetikadan geosiyasi silah kimi istifadə etməsinə imkan verməyəcəyini vəd edib. Ukrayna və ABŞ hökumətləri müxtəlif mənbələrdən Ukraynaya qaz təchizatı həcminin artırılması üzrə səyləri dəstəkləyirlər.
COVID-19-la mübarizə. ABŞ Ukraynaya əlavə yardım göstərmən niyyətindədir ki, bura da vaksinlərin saxlanılması üçün soyuq zəncirinin dəstəklənməsi və COVID-19-la əlaqədar əlavə 12,8 milyon dollat daxildir.
Humanitar yardım. ABŞ hökuməti Donbasda müharibədən ziyan çəkən insanlara humanitar yardım üçün Ukraynaya əlavə 45 milyon dollar həcmində humanitar yardım ayıracaq.
Müdafiə haqda strateji razılaşma
Kiyevdə səfər zamanı iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanmış sənədə – Strateji müdafiə çərçivə razılaşmasına xüsusi əhəmiyyət verirlər. Bu sənəd ölkələrin Qara dənizdə, kiber-təhlükəsizlik və kəşfiyyat sahələrində əməkdaşlığının dərinləşdirilməsini nəzərdə tutur.
Ukrayna prezidenti ilə görüşü zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, sənəd Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə yardım üçün əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Sənəddə həmçinin Ukraynanın NATO kursunun dəstəklənməsi və təhlükəsizlik üzrə əməkdaşlığın dərinləşməsi məqsədilə müdafiə sənayesində islahatların həyata keçirilməsi də yer alıb.
“Nazir və mən bu gün ayrı-ayrı layihələr üzrə birgə silahlanma hərbi-texniki əməkdaşlıq üçün bazanın təqdim edilməsi məqsədilə tədqiqat, emal, test və dəyərləndirmə sahəsində layihələr haqda razılaşma da imzalayırıq”, – Ostin qeyd edib.
O, həmçinin ABŞ prezidenti Co Baydenin Pentaqonun vəsaitlərindən təhlükəsizlik sahəsində Ukraynaya yardım üçün əlavə 60 milyon dollar ayrılması haqda göstərişini də xatırladıb. Vəsait əsasən Amerikannın tank əleyhinə Javelin komplekslərinin və digər silah növlərinin təqdim olunması üçün nəzərdə tutulub.
Zelenski razılaşmanı “ABŞ tərəfindən Ukraynanın ərazi bütövlüyünə, NATO üzvlüyünün əldə edilməsinə və RF-nin təcavüzünə qarşı birgə mübarizəyə mühüm dəstək” adlandırıb.
Ağ Evin məlumatında qeyd olunub ki, 2014-cü ildən ABŞ Ukrayna silahlı qüvvələrinə 2,5 milyard dollar həcmində yardım göstərib ki, bunun 400 milyon dolları bu ilə aiddir.