Hər yer zibillikdir
İcmanın təmizliyi yerli özünüidarəetmə orqanlarının birinci dərəcəli və mütləq funksiyasıdır. İcmanın təmizlənməsinə və abadlaşdırılmasına şəhər icmalarının illik büdcəsinin təxminən 40%-i ayrılır. Armavir şəhərində ayrıca qurum yaradılıb – “Barekaqum (abadlaşdırma) müdiriyyətinin vəzifəsi bu işlərin həyata keçirilməsidir.
Hüquqi nöqteyi-nəzərdən şəhərin sanitar təmizliyi üçün hər şeyin edildiyi kimi görünür. Amma mərkəzi hissəsi istisna olmaqla bütün Armavir zibilliyə dönüb.
Problem ondadır ki, “Barekarqum xidməti istəsə də, şəhərdə lazımi təmizliyi təmin etmək iqtidarında deyil. Ən yaxşı halda bir və bəzən də iki köhnə texnika parkdan çıxa bilmir, maşınların sayı isə ümumilikdə cəmi üçdür; təkər və yanacağın olmaması xroniki vəziyyətə çevrilib.
“Barekarqumun planına görə, zibilin çoxmənzilli evlərdən daşınması gündəlik, özəl evlər olan məhəllələrdə isə həftədə iki dəfə həyata keçirilməlidir. Amma cədvəl ancaq şəhərin mərkəzindəki çoxmənzilli evlər üçün keçərlidir. Özəl sektorda zibilin ayda bir dəfə daşınması ənənəyə çevrilib, həm də bu ödənişin yığıldığı günlə üst-üstə düşür. Zibilin daşınmasına görə vətəndaşlar hər ailə üzvünə görə 100 dram [dolların təxminən beşdə bir hissəsi] ödəyirlər.
Zibilin daşınmasının hətta isti yay aylarında da ayda cəmi bir dəfə həyata keçirilməsi faktı Armavirin sanitar vəziyyəti haqqında təsəvvür yaratmağa kömək edir. Amma axşam saatlarında zibilliklərdə sahibsiz itlər yığışanda, şəhər sakinləri bütün gecəni onların ulaması və bir-birilə boğuşmasına dözməli olanda vəziyyət daha da pisləşir.
Adətən Armavir sakinlərinin şikayətlərinə cavab olaraq eyni izahatlar səsləndirilir – maşın, təkər, yanacaq yoxdur, maaşlar da azdır.
Zibilin daşınması məsələsi şəhərin Ağsaqqallar Şurasının iclaslarında daimi müzakirə mövzusudur. Mer Ruben Xlqatyan əvvəl hesab edirdi ki, problemi “Barekarqum xidmətinin rəhbərinin dəyişdirilməsi ilə həll etmək olar. Sonra o düşündü ki, vəziyyəti xidmət işçilərinin maaşını iki dəfə artırmaqla düzəltmək lazımdır. Amma indiyə qədər də merin ağlına gəlməyib ki, şəhərin təmizliyi istifadədə olan texnikanın sayına düz mütənasibdir, məsələnin həlli üçün də təkcə rəhbərin şəxsiyyəti və işçilərin maaşının artırılması barədə deyil, həm də avtoparkdakı maşınların sayının artırılması barədə düşünmək gərəkdir.
Onsuz da Armavirdə 50% yolların asfalt örtüyü yoxdur. Toz, zibil, isti, sahibsiz itlər, evlərə içməli olmayan suyun verilməsi və kanalizasiya sisteminin təmizləyici stansiyasının olmaması epidemiya üçün əlverişli şərait yaradır.
Kənd icmalarına yolu lövhəciklər deyil, zibil qalaqları vasitəsilə tapmaq daha asandır
Çoxlu sayda kənd icmasının kiçik büdcəsi olan yerli hakimiyyətləri zibilin daşınması və sanitar təmizliyi öz vəzifə siyahılarından çıxarıblar. Bu kəndlərdə insanlar öz gücü ilə zibilin “evdən uzaq prinsipi ilə daşınmasını təşkil edir. Nəticədə Armavir rayonunun kəndlərinin ətrafı məişət tullantıları ilə əhatə olunub.
Kənd icmalarında günahkar tapmaq çox çətindir, çünki kəndlərin yarısından çoxunda zibilin daşınması üçün heç bir texnika yoxdur və deməli, sakinlərlə zibilin daşınması haqda imzalanmış müqavilə, zibillik üçün xüsusi ayrılmış ərazilər də mövcud deyil.
Kənd administrasiyaları problemin səbəbini kiçik büdcə ilə bağlayır və qubernatorun kənd ətrafı ərazilərin təmizlənməsi haqda sərəncamını iqnor edirlər. Nəticədə üstü milçəkli zibil yığınları ilə əhatə olunmuş vəziyyətdə yaşayan, zibilliklərdən gələn üfunətli havanı udmağa məcbur olan sakinlər əziyyət çəkir.
Dərc olunub: 21.11.2016