Çeçenistan parlamentinin spikeri Maqomed Daudov “Instaqram”ında internetdə getdikcə populyarlaşan, jurnalistə qarşı zorakılığın vacibliyindən bəhs edən status paylaşıb.
Daudov burada yazır ki, kiminsə “Kavkazski uzel” internet nəşrinin baş redaktorunun başına aşağıdakıları gətirməsini istəyir:
“Böyük kəlbətini olan baytar çağırmaq vaxtı çatıb, həm də çoxdan. Niyə? “Şved”in bir-iki “ağıl” dişini çıxarmaq və dilini standart ölçülərə qədər qısaltmaq lazımdır. Bir də gördün, o da xoş və ağıllı sözlər söyləməyə başladı. Kim bilir, bəlkə də buna nə vaxtsa inandıq”.
O, “Şved” (isveç) sözünü böyük hərflə yazıb – rus dilində millətlərin deyil, məhz şəxs adları böyük hərflə yazılır, fotoya da aşağıdakı yazını əlavə edib: “’Qafqaz düyünü’nü necə çözmək olar?” (“Kavkazski uzel” saytı nəzərdə tutulur – red.). Bütün bunlar ona işarə edir ki, Daudov “Kavkazski uzel”in baş redaktoru Qriqori Şvedovu nəzərdə tutur.
Bu nəşr Qafqazda, o cümlədən də Çeçenistanda insan haqlarının pozulması haqda tez-tez xəbər verən Rusiya medialarından biridir.
Çeçen spikeri həm də Lord ləqəbi ilə tanınır. Bu təhqir və təhdid dolu paylaşımdan sonra onun “İnstaqram”ında yerləşdirilən şəkildə Lord Ramzan Kadırov və RF Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanovla birlikdə namaz qılır.
“Kavkazski uzel”in baş redaktoru Qriqori Şvedov bir neçə media nəşrin, o cümlədən də JAMnews-un xahişilə insidentlə bağlı açıqlama verib.
– Daudovun “dişlərimi çıxarmaq” və “dilimi qısaltmaqla” bağlı təhdidləri Çeçenistan hakimiyyətinin jurnalistlərin peşəkar fəaliyyətinə reaksiyasının səciyyəvi nümunəsidir.
Hesab edirəm ki, bu sözlər “Kavkazski uzel”in konkret məqaləsi ilə deyil, çox güman ki, nəşrimizin jurnalistlərinin Çeçenistanla bağlı bir sıra materialları ilə bağlıdır. Daudovun özünün “Kavkazski uzel”i nə dərəcədə diqqətlə oxuduğunu bilmirəm. Diqqətlə oxusaydı, bilərdi ki, başqa regionlarla bağlı da tənqidi materiallar yazılır. Amma qonşu respublikaların və ölkələrin rəhbərləri özlərini bu cür təhdidlərlə alçaltmırlar.
Hüquqşünaslarımız Daudovun paylaşımında jurnalistin peşəkar fəaliyyətinin əngəllənməsi ilə bağlı olan Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibinin olub-olmamasını təhlil edir. Hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyimizi də hələ bilmirik, amma aydın məsələdir ki, bu ərizə elə kağız üzərindəcə qalacaq. Adekvat istintaqın aparılacağı da inandırıcı görünmür.