Yanvarın 25-də Şimali Koreyanın on iki qadın hokkeyçisi Cənubi Koreyaya gəlib. Bu haqda BBC xəbər verib:
KXDR idmançıları Cənubi Koreya yığmasına qoşularq fevralın 9-da start götürən Pxençxan Olimpiadasına hazırlaşmağa başlayacaq.
Komandaları birləşdirmək qərarı əsasən siyasidir, bu qərar son zamanlar böyük gərginliyin hökm sürdüyü Koreya yarımadasında vəziyyətin yaxşılaşmasına vəsilə ola bilər.
KXDR Olimpiadada iştirak etmək qərarını yalnız bu ilin əvvəlində verib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) müraciət müddəti bitsə də, istisna olaraq, Şimali Koreyaya idmançılarını qeydiyyatdan keçirməyə icazə verib.
Cənubi Koreyada yığmaların birləşməsindən narazı qalanlar da var. Bu siyasi sövdələşmə nəticəsində Cənubi Koreya hokkeyçiləri Olimpiadada KXDR idmançılarına güzəştə gedərək daha az oyun zamanı əldə edəcəklər.
Ümumilikdə Olimpiya Oyunlarında Şimali Koreya 22 idmançı ilə təmsil olunacaq. Onların sırasında hokkeyçilərdən başqa fiqurlu konki sürənlər, xizəkçilər və konki ilə qaçanlar da var.