Qapıdan qaytarılan Konstitusiya: məktəbli hicab taxdığı üçün binaya buraxılmayıb
Hicablı məktəbə buraxılmayıb
Sumqayıtdakı 15 saylı məktəb və digər bölgələrdən yayılan şikayətlər Azərbaycan məktəblərində hicablı şagirdlərin dərsə buraxılmaması tendensiyasının yenidən gündəmə gəldiyini göstərir.
Normativ aktlarda hicabın məktəbdə ayrıca qadağası göstərilmədiyi halda, yazılı qərarsız tətbiq edilən qadağa siyasəti “qanunla nəzərdə tutulma” və proporsionallıq tələblərinə cavab vermir və dini əqidəyə görə ayrı-seçkilik riski yaradır.
“AzadlıqRadiosu”na müsahibəsində valideyn Sevinc Rzayeva Sumqayıtın 15 saylı tam orta məktəbində baş verəni belə təsvir edir:
“18 yaşına çatmamış uşağı məktəbdən qovdular. Uşaq çöldə qalmışdı”.
Rzayeva bildirir ki, çıxış yolu kimi “ya başınızı açın, ya da məktəbə çatanda başınızı açıb girin içəri, dərsinizi oxuyun, sonra başınızı bağlayıb, çıxın çölə” şərti irəli sürülüb.
Valideynin sözlərinə görə, məktəb buraxmama ilə bağlı rəsmi yazılı bildiriş verməyib; məsuliyyəti “bizlik deyil, yuxarıdan verilən əmrdir” ifadəsi ilə əsaslandırıb.
Eyni reportajda oxşar iddiaların martın 5-də Naxçıvan bölgəsinə dron hücumundan sonrakı dövrdə nəzərə çarpdığı qeyd olunur.
Bu şikayətlərə Elm və Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.
“Hicab kəlağayı ilə əvəzlənir” dedilər, sonra təkzib etdilər
Azərbaycanda son günlər sosial şəbəkələrdə və bəzi media orqanlarında “rəsmi məkanlarda hicab qadağan olunacaq, onun əvəzinə milli baş örtüyü kəlağayı tətbiq ediləcək” məzmunlu xəbərlər də yayılmışdı.
“Yeni Musavat”a istinadən yayılan xəbərlərdə iddia edilirdi ki, insayder məlumata əsasən, orta məktəblərdə, ali təhsil müəssisələrində və dövlət qurumlarında dini baş örtüklərinin (hicabın) istifadəsi məhdudlaşdırılacaq, əvəzində Azərbaycanın milli örtüyü olan kəlağayı təşviq olunacaq. Yazı qısa müddət sonra mənbəlıərdən silinib.
Daha sonra “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu rəsmi təkzib verib.
Açıqlamada bildirilir ki, platformalarında dini baş örtüklərinin ləğvi və kəlağayı ilə əvəzlənməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir və əsassızdır. Bildirilib ki, xəbər dəqiqləşdirilməmiş məlumat əsasında hazırlanıb.
Konstitusiya nə deyir?
Konstitusiyanın 42-ci maddəsi təhsili şərtsiz hüquq kimi tanıyır: “Hər bir vətəndaşın təhsil almaq hüququ vardır” və “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir”.
Vicdan azadlığına dair 48-ci maddə isə həm hüququ təsbit edir, həm də məcburetməni qadağan edir: “Hər kəsin vicdan azadlığı vardır” və “Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə) … məcbur edilə bilməz”.
Bu iki norma məktəb mühitində bir-birini istisna etmir. Dövlət dünyəvi təhsili təmin etməklə yanaşı, şagirdi dini əqidəsinə görə təhsildən kənarlaşdıra bilməz; əks halda Konstitusiyanın məzmunu “icbari təhsil” mərhələsində faktiki dayandırılmış olur.
Burada “yuxarıdan əmr” iddiası ayrıca hüquqi problem yaradır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Konstitusiya “ən yüksək hüquqi qüvvəyə malikdir” və “birbaşa hüquqi qüvvəyə malikdir”.
Əgər bir qadağa varsa, bununla bağlı normativ aktların dərc edilməsi tələb olunur.
“Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına … məcbur edilə bilməz”, – Konstitusiya belə deyir.
Valideynə yazılı bildiriş verilməməsi və qərarın şifahi “əmr” kimi təqdim edilməsi, məhz bu “qanunilik və dərc” tələbinin praktiki inkarına bənzəyir. Əgər bir məhdudiyyət iddiası varsa, o, hüquqi baza və şikayət edilə bilən yazılı qərarla izah edilməlidir.
“Təhsil haqqında” Qanunda nələr yazılıb?
“Təhsil haqqında” Qanunun 14.10-cu bəndində geyim forması belə tənzimlənir: “Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir”.
Bu bənd nizamnaməyə texniki qayda qoymaq səlahiyyəti verir, lakin Konstitusiyanın 42 və 48-ci maddələrini “nizamnamə” ilə məhdudlaşdırmaq səlahiyyəti vermir.
Məktəblərin daxili tələblərində vahid forma şərti var, amma tələblərdə hicabla bağlı heç bir qeyd yoxdur. Belə olan halda “buraxmama praktikası” hüquqi norma ilə yox, ixtiyari interpretasiya ilə işləyir. İxtiyari interpretasiya isə konstitusion hüququn məhdudlaşdırılması üçün kifayət deyil.
Nazirlər Kabinetinin Qərarı
Nazirlər Kabinetinin 96 nömrəli Qərarı “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edir və “Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir”.
Sənəddə qızlar üçün yay forması “qısaqol köynək və ətək”, qış forması isə “uzunqol köynək, ətək və ya şalvar, … jaket” kimi təsvir olunur. Əlavə olaraq forma dəstinin məktəbin Pedaqoji Şurasının qərarı ilə seçilməsi və hər məktəbdə bir dəstin tətbiqi göstərilir.
Qərarın məzmunu formanın tərkibini və seçilmə prosedurunu müəyyən edir. Bu Qərar hicaba dair ayrıca qadağa formulu yaratmır. Buna görə, bu normanı əsas gətirib şagirdi ümumiyyətlə məktəbə buraxmamaq artıq “forma tələbi” deyil, təhsil hüququnun inkarıdır.
Beynəlxalq hüquq: ayrı-seçkiliyə qadağa və proporsionallıq
AİHK-nın 9-cu maddəsi dini etiqadın ifadəsinə müdaxiləni yalnız “qanunla müəyyən edilmiş” və “demokratik cəmiyyətdə zəruri olması” şərtləri ilə mümkün sayır.
14-cü maddə hüquqların “religion” daxil olmaqla ayrı-seçkilik olmadan təminini tələb edir. Protokol 1-in 2-ci maddəsi isə açıq deyir: “Heç kim təhsil hüququndan məhrum edilə bilməz”.
Bildirirlir ki, dövlətin valideynlərin dini-fəlsəfi baxışlarına hörmət öhdəliyini var. Bu çərçivədə şagirdi məktəbə buraxmamaq ən ağır müdaxilədir. “Qanunla nəzərdə tutulma” meyarı yazılı normanı, “zərurət və proporsionallıq” isə daha yüngül alternativlər varkən təhsildən kənarlaşdırmamağı tələb edir.
“İranla münasibətlər düzəlsə, hicab qadağası da yaddan çıxacaq”
Azərbaycanda məktəblərdə hicab qadağası ilə bağlı şikayətlər əvvəlki illərdə də dəfələrlə səslənib. Xüsusilə 2012-ci ilin oktyabrında Bakıda Elm və Təhsil Nazirliyinin binası qarşısında razılaşdırılmamış aksiya keçirilib, polislə qarşıdurma yaşanmış və hadisə nəticəsində bir neçə nəfər həbs olunmuşdu.
Hüquq müdafiəçisi Arif Yunus məsələni şərh edərkən deyib ki, Azərbaycan-İran münasibətləri pisləşəndə və ya dövlətlərarası gərginlik yarananda adətən ya həbslər, ya da bu tipli qadağalar aktuallaşır:
“Azərbaycan-İran münasibətləri ilə yanaşı, burada ABŞ faktoru da rol oynayır. Azərbaycan hakimiyyəti göstərmək istəyir ki, İranla bağlı tədbirlər görür, həbslər aparır. Hicab məsələsində də özünü daha sərt aparır”.
Arif Yunus hesab edir ki, İranla münasibətlər düzəlsə, hicab qadağası da yaddan çıxacaq.
Hicablı məktəbə buraxılmayıb