Hazırkı Ermənistan hökuməti özündən sonra sonsuz problemlər qoyub gedir
Baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan bu gün hökumətin son iclasını keçirib. 2016-cı ildən hökumətə başçılıq edən Karapetyan vida nitqiylə çıxış edib və nazirlərə gördükləri işlə bağlı ictimaiyyətə hesabat verməyi təklif edib.
İtaətsizlik hərakatı aprelin 13-dən başlayan etiraz aksiyalarında etdiyi kimi yenidən küçələri bağladı. Bu dəfə dövlətlərarası yollar da bağlandı, aeroport işini dayandırdı. Bundan sonra parlamentdəki çoxluq Paşinyanın namizədliyini dəstəkləyəcəyini elan etdi.
İqtisadçı Hayk Balanyan JAMnews-la söhbətində bildirib ki, keçmiş hökumətin ictimaiyyətə hesabat verməsinə ehtiyac yoxdur, baş nazir Karen Karapetyan isə yeni hökumətə “pis” miras qoyub gedir. Ekspertin sözləinə görə, Karapetyan ona miras qalan problemləri həll edə bilmədi, işlədiyi illər ərzində yenilərini yaratdı, indi də yeni hökumətə qoyub gedir:
“Karen Karapetyan hökuməti növbəti hökumətə 7 milyard dollar həcmində xarici borc qoyub gedir. Bu hökumət özündən sonra müxtəlif sahələri əhatə edən saysız-hesabsız problem qoydu. Əlbəttə, bu təkcə Karapetyanın günahı deyil, amma böhranın yaranmasında o, böyük rol oynadı.
Baş nazir postuna gələnədək Karapetyanın verdiyi vədlərin heç biri reallığa çevrilmədi. O, sadəcə 2016-cı ildə baş verən gərgin hadisələr zamanı [Qarabağ və Azərbaycan arasındakı təmas xəttində apreldə baş verən hərbi əməliyyatları nəzərdə tutur – JAMnews] hakimiyyəti xilas etdi, öz müsbət imiciylə xalqı sakitləşdirdi, [2017-ci il parlament seçkilərində qalib gəldi – JAMnews], amma qazanılmış vaxtdan istifadə edə bilmədi”.
İqtisadçı hesab edir ki, əgər iki il əvvəl Karen Karapetyan baş nazir təyin edilməsəydi, bugünkü ictimai etiraz daha tez baş tutacaqdı. Onun təyinatı cəmiyyətdə müsbət dəyişikliklərə inam yaratdı və partlayış təxirə düşdü.
Amma Hayk Balanyanın sözlərinə görə, Karapetyanın təyinatıyla “time out” götürən Ermənistan hakimiyyəti problemləri həll edə bilmədi.
Hökumətin bugünkü iclasında baş nazir vəzifəsini müvəqqəti icra edən Karapetyan kabinetə sonuncu sərəncamını verib: yeni hökumət formalaşana qədər vəzifənizi vicdanla yerinə yetirin.