Abxaziyada iyundan başlayaraq dalbadal baş verən üç güclü daşqın ciddi problemlər yaradıb. Yerli sakinlər deyir ki, daşqına səbəb olan leysan yağışları çox şiddətli olub. Misal üçün, avqustun 3-dən 4-nə keçən gecə üç saat ərzində 240 mm yağış yağıb – orta aylıq norma isə 120 mm təşkil edir.
Axırıncı daşqın sentyabrın 23-də baş verib.
“Suxumda yağış pəncərələri elə döyürdü ki, su ikiqat şüşələrin arasından süzülüb keçirdi, sanki küçədə yanğın nasosu işləyirdi, – JAMnews-un jurnalistləri danışır.
Suxum və Suxum rayonunun bir çox çayları bir neçə dəfə sahillərindən çıxdı. Xoşbəxtlikdən ölən və zərər çəkən olmayıb, amma su özəl evlərin zirzəmilərinə və birinci mərtəbələrinə ziyan vurub, yol və küçələri uçurub.
Şəhər sakinlərindən hər dəfə güclü yağış yağanda şəhərin su basmasına səbəb olan çay yatağını təmizləmək tələbi ilə minə yaxın ərizə daxil olub.
Suxum meri Adqur Xaraziya isə təkid edir ki, yerli sakinlər daşqın və dağıntıların daha çox onların günahı ucbatından baş verdiyini anlamalıdırlar.
“Kommunal ödənişlər ayda 76 rubl [bir dollardan bir az çox] təşkil edir, amma bunu əhalinin cəmi 5 faizi ödəyir. Bundan başqa, insanlar kütləvi şəkildə çaya zibil, məişət tullantıları atırlar”.
Kimin günahkar olması ayrıca sualdır. İndi evlərdə yaşamaq çətin olduğu, yollardan da keçmək mümkün olmadığı bir vaxtda nə etməli? – insanlar üçün əsas sualdır. Axı öz evinə sürünə-sürünə girməli olan adamlar var.