Hakimiyyət mediasında Söyüdlü aksiyalarının “təşkilatçısı” kimi adı keçən sabiq deputat həbs edilib
Söyüdlü hadisələri, həbslər
Azərbaycan parlamentinin sabiq deputatı. Aksiyalardan sonra hökumətyönlü mediada onun və bir neçə başqa müxalifətçinin Söyüdlüdə etiraz aksiyalarının təşkilində ittiham olunduğu bir sıra məqalələr dərc olunmuşduNazim Bəydəmirli hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək həbs olunub. O, vəkilinə ona qarşı irəli sürülən ittihamın uydurma olduğunu və Gədəbəy rayonunun Söyüldü kəndində baş verənlərə münasibətdə tutduğu mövqe ilə bağlı həbs olunduğunu bildirib.
- İlham Əliyev: “Bölgədəki erməni hərbi elementləri tərksilah edilməlidir”
- Eko-aktivistlər Söyüdlü üzrə xüsusi komissiyanın işinin nəticələrinin açıqlanmasını tələb edirlər
- Gürcüstanda tənqidi media təsisçisi Nika Qvaramiya Beynəlxalq Mətbuat Azadlığı Mükafatına layiq görülüb
İyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi Milli Məclisin keçmiş deputatı, sahibkar və ictimai fəal Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə keçmiş parlamentarinin vəkili Aqil Layıc bildirib.
Onun sözlərinə görə, Bəydəmirliyə qarşı Azərbaycan CM-in 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bəydəmirli özünü təqsirli bilmir və apellyasiya şikayəti vermək niyyətindədir.
Bəydəmirli iyulun 4-də saxlanılıb. O, saxlanıldıqdan sonra vəkilinə zəng edib və Gədəbəy rayonunun Söyüdlü kəndindəki iğtişaşlarla bağlı mövqeyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.
Keçmiş deputat KİV-ə müsahibəsində yerli sakinlərin kənddə yerləşən qızıl mədəni müəssisəsinin fəaliyyətinin insanların sağlamlığına və ətraf mühitə zərərli təsiri haqqında iddialarının əsaslı olduğunu bildirib.
20-21 iyunda Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyası keçirilib. Onlar yaxınlıqda yerləşən “Gədəbəy” qızıl yatağından çirkab suların axıdılması üçün yeni süni gölün salınmasına etiraz edirlər.
Kənd sakinlərinin bildirdiklərinə görə, uzun illərdir qızıl mədəninin istismarı nəticəsində ətraf mühitə ciddi ziyan dəyir. Hava sionid qazı ilə çirklənib və bu da əhalinin sağlamlığına ziyan vurur. Kəndlilər deyirlər ki, indi də kəndlilərin örüş sahələrində zəhərli tullantılar üçün nəzərdə tutulmuş ikinci süni gölün salınması vəziyyəti daha da ağırlaşdıracaq.
Söyüdlü kənd sakinlərinin aksiyasını dağıtmaq məqsədilə polis əməkdaşları rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə ediblər. Yerli sakinlərin sözlərinə görə, qarşıdurma zamanı 10-a yaxın kəndli xəsarət alıb.
İyunun 22-də kəndin giriş-çıxışı polis tərəfindən bağlanıb. Təxminən 10 sakin həbs edilib, yaxınları onlarla əlaqə saxlaya bilmədiklərini və harada saxlandıqları haqda məlumatsız olduqlarını.
Sosial şəbəkələrdə bu hadisələrə görə hakimiyyəti sərt tənqid edən iki fəal – Qiyas İbrahimov və Elmir Abbasov Bakıda həbs edilib.
“Nazim Bəydəmirlinin həbsi siyasi xarakterlidir”, – “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov “Turan”a bildirib.
“Əslində Nazim bəyin həbs ediləcəyi ilə bağlı bizdə narahatçılıq var idi. Bir neçə gün öncə hakimiyyətin nəzarətində olan media qurumları Nazim Bəydəmirli barəsində şərləmə kampaniyasına start vermişdilər. Onu Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlərin “təşkilatçısı” kimi qələmə verirdilər”.
O hesab edir ki, keçmiş deputata qarşı irəli sürülmüş ittiham saxtadır:
“Hesab edirəm ki, bu, Nazim Bəydəmirlinin ictimai-siyasi və iqtisadi fəaliyyəti ilə bağlıdır”.
“Keçmiş deputat Nazim Bəydəmirlinin pul tələb etməyə görə saxlanılması tamamilə absurddur. Onun Söyüdlü kəndində iğtişaşlarla bağlı prinsipial mövqeyi, xüsusən yerli sakinlərin tələblərinin əsaslı olması haqqında bəyanatları ilə əlaqədar saxlanılması şübhə doğurmur”, – Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli öz Facebook səhifəsində yazıb.
“Nazim Bəydəmirli əslən Gədəbəydən olan çox az ziyalılardandır ki, Söyüdlüdə etirazlar baş verəndən az sönra – iyun ayının 22-də “Turan” agentliyinin jurnalisti Kamran Mahmudovun “Çətin sual” proqramında Söyüdlüdəki qızıl email müəssisənin əhali, flora və fauna üçün törətdiyi təhlükələri bütün çılpaqlığı ilə ortaya qoymuşdu. Sianid gölülün təhlükəli fəsadlarını açmışdı. Bu müəssisənin qurulma tarixinin tam mənzərəsini yaratmışdı”, – deyə Həsənli qeyd edib.
Siyasətçi polisin Bəydəmirliyinin kimisə “şantaj etməsi” haqqında iddialarını cəfəng adlandırıb.
“Nazim Bəydəmirli çox mədəni, intellektli, mənəvi cəhətdən sağlam, vətənpərvər bir ziyalıdır. Mən onunla birlikdə 5 il Milli Məclisdə birgə işləmişəm. O, ölkənin maraqlarını, xalqın maraqlarını hər şeydən uca tutan, öz seçicilərinin və bütövlükdə millətin qayğıları ilə yaşayan bir millət vəkili idi”, – Həsənli deyib.
O, hesab edir ki, DİN-in Bəydəmirlinin guya “çirkli əməllər” törətməsi haqda yaydığı “natəmiz” açıqlaması onu gözdən salmaraq ictimai dəstəkdən məhrum etmək məqsədi daşıyır.
Hakimiyyətyönlü mətbuatda yayılan xəbərlərdə Bəydəmirli ilə yanaşı, keçmiş siyasi məhbus, Xalq Cəbhəsi hakimiyyəti illərində Gədəbəy rayon icra hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmli və onun 17 yaşlı oğlu, fəal Sezgin Rüstəmlinin də adları hallanır. Onlar da Söyüdlüdə etiraz aksiyaları təşkil etməkdə ittiham olunublar.
“Mənim də adım hallandırılır, kiçik oğlum Sezginin də adı hallandırılır. Onun hələ 18 yaşı tamam olmayıb, 17 yaşı var. Bəri başdan bildirirəm ki, Mənim ümumiyyətlə aidiyyatım yoxdur Söyüdlüdə baş verənlərə. Mən də hamı kimi məlumatı mətbuatdan almışam. Ancaq burda təşkilatlanmağın özünü elə təqdim edirlər ki, guya bu bir cinayətdir. Kənd camaatının öz problemləri ətrafında təşkilatlanmanın nəyi pisdir ki?! Mən heç narahat da deyiləm adımın orda hallanmağından. Sadəcə olaraq deyirəm ki, mənim xəbərim olmayıb”, Saleh Rüstəmli “Toplum TV”ə deyib.