Azərbaycan hərbçilərindən ibarət qrup Türkiyə ordusu ilə birgə hərbi təlim üçün Türkiyənin Qars əyalətinə yollanıb. Bu, nəinki Azərbaycan, həm də Türkiyə silahlı qüvvələri üçün son zamanların ən böyük hərbi təlimləri olacaq. Qars əyaləti Ermənistanla sərhəddə yerləşir.
İki ölkənin fevralın 1-dən 12-ə qədər davam edəcək birgə qış hərbi təlimlərində tank bölmələri, top batareyaları, snayperlər, xüsusi təyinatlı qoşunların komandanlıqları, kommandoslar və hərbi vertolyotlar iştirak edəcəklər.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Qarsda qış hərbi təlimləri planlıdır və orduların sərt hava şəraitində hərbi əməliyyatlar aparmaq üçün hazırlanması məqsədi daşıyır.
Qarsda Azərbaycan hərbçilərini qarşılayırlar. Foto: Türkiyə Müdafiə Nazirliyi
“Qars əyalətində hazırda qar var, ora dağlıqdır, Azərbaycan və Türkiyə hərbçilərinin o qədər də adət etdiyi hava şəraiti deyil. Ola bilər ki, növbəti birgə hərbi təlimlər üçün yer seçimi elə bununla şərtlənib”, – o, JAMnews-a müsahibəsində deyib.
Ermənistan sərhədinin bilavasitə yaxınlığında hərbi təlimlərin başlandığı haqda məlumat yayılandan sonra Ermənistan cəmiyyətində yaranan təşvişi şərh edərkən Zülfüqarov əlavə edib:
“İkinci Qarabağ müharibəsinin nəticələri üzrə razılaşmadan sonra [Rusiya və Azərbaycan prezidentiləri, o cümlədən də Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat] Ermənistan sərhədi yaxınlığında Azərbaycan ordusunun istənilən hərəkəti qonşu ölkənin cəmiyyətində təşviş doğurur. Bu, onların qayğılarıdır və bizi narahat etməməlidir”.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan hərbçiləri artıq Qarsa gəliblər.
Qarsda Azərbaycan hərbçilərini qarşılayırlar. Foto: Türkiyə Milli Müdafiə Nazirliyi
Qış hərbi təlimlərinin əsas məqsədi döyüşə yaxış şərtlərdə iki ölkə ordularının fəaliyyətini koordinasiya etməkdir. Həmçinin Qarsda Türkiyə və Azərbaycan ordularının cəbhəxanasına yeni daxil olan ən yeni silahlardan istifadə olunacaq – Türkiyə müdafiə qurumunun tərmi məlumatında deyilir.
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri mütəmadi olaraq keçirilir. Son bu cür təlimlər 2020-ci il iyul-avqust aylarında Azərbaycan ərazisində keçirilib.