"Hərbi eskalasiya ehtimalı azdır, lakin risklər mövcuddur": Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatı
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatı 2026
Azərbaycanın hərbi xərclərinin artmaqda davam etməsinə baxmayaraq, Ermənistanın Xarici Kəşfiyyat Xidməti 2026-cı ildə hərbi eskalasiyanı az ehtimallı hesab edir. Xidmətin qiymətləndirməsinə görə, Vaşinqton bəyannaməsi və sülh sazişinin paraflanması sayəsində ikitərəfli danışıqların nəticəsi olaraq sülhün qorunması ehtimalı artıb. Eyni zamanda, qurumun illik hesabatında hərbi-siyasi risklərin qalmaqda davam etdiyi vurğulanır.
Sənəddə bildirilir ki, uzunmüddətli perspektivdə sülhün bərqərar olmasına mənfi təsir göstərən və risk amili kimi çıxış edən məqamlar sırasında Azərbaycanın dövlət səviyyəsində irəli sürdüyü “Qərbi Azərbaycan” və “qərbi azərbaycanlıların qayıdışı” kimi narrativlər, eləcə də onlarla bağlı müşayiətedici addımlar yer alır.
Bakı “Qərbi Azərbaycan” narrativini 2022-ci ilin dekabrından etibarən fəal şəkildə səsləndirməyə başlayıb. Azərbaycanda bu anlayış altında faktiki olaraq Ermənistanın bütün suveren ərazisi nəzərdə tutulur. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə cavab verərək bildirib ki: “Ermənistan ərazisində Qərbi Azərbaycan ola bilməz”. Onun sözlərinə görə, bu termin yalnız Azərbaycanın öz ərazisinin qərb hissəsinə aid edilə bilər. Bundan əlavə, erməni baş nazir hesab edir ki, azərbaycanlıların Ermənistana, ermənilərin isə Azərbaycana qayıdışı mövzusunun gündəmə gətirilməsi sülhə xidmət etmir. Bu baxımdan, o, bu cür müzakirələrin təxirə salınmasını təklif edir.
Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Vaşinqton bəyannaməsinin imzalanmasından sonra Bakı bu təbliğatı nəinki azaltmayıb, əksinə, xeyli dərəcədə intensivləşdirib. Beş Azərbaycan mediasında bu mövzu üzrə dərc olunan materialların sayı 36 faiz artıb.
Hesabatda vurğulanır ki, bu cür narrativlərin yayılması regional sabitlik, təhlükəsizlik və uzunmüddətli sülh üçün “əhəmiyyətli risklər” yaradır. 2026-cı ildə Xarici Kəşfiyyat Xidməti vəziyyəti izləməyə davam edəcək.
“Hesabatda xüsusilə qiymətləndirilməli olan məqam ondan ibarətdir ki, Azərbaycan bu mövzuları yeni milli ideologiyaya çevirərək münaqişəni hər hansı yeni formatda Ermənistan ərazisinə köçürmək niyyətindədir, yoxsa sözdə “Qərbi Azərbaycan”a azərbaycanlıların qayıdışı ilə bağlı ritorika Qarabağ ermənilərinin qayıdışına qarşılıq olaraq Azərbaycanın xarici siyasət alverinin bir hissəsidir”, – deyə sənəddə qeyd olunur.
Bildirilir ki, “Xarici təhlükəsizlik riskləri haqqında” illik hesabat açıq və qapalı mənbələrdən əldə edilmiş kəşfiyyat məlumatlarının təhlilinə əsaslanır. Sənəddə təkcə Azərbaycanla münasibətlər deyil, həmçinin regionun blokadadan çıxarılması, Ermənistana qarşı hibrid təhdidlər və digər mümkün risklər də şərh olunur.
- “Ermənistan ordusu ən müasir texnika ilə silahlanmanı davam etdirəcək” – müdafiə naziri
- Mövqe: “Yerevan Bakı və Ankaranın virtual reallığına qoşulmamalıdır”
- “Müstəqilliyin əldə edilməsindən sonra ilk iqtisadi saziş”: Azərbaycan benzini artıq Ermənistandadır
Ermənistan-Azərbaycan: irəliləyiş və mümkün mənfi tendensiyalar
Xarici Kəşfiyyat Xidməti bu il aşağıdakı istiqamətlər üzrə irəliləyişin əldə olunmasını ən ehtimallı hesab edir:
- sərhədlərin delimitasiyası və demarkasiyası prosesi,
- regional infrastrukturun blokadadan çıxarılması,
- ikitərəfli ticarət-iqtisadi təşəbbüslər,
- cəmiyyətlərarası dialoq,
- humanitar məsələlər.
Qeyd olunur ki, nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş ikitərəfli təşəbbüslər “daha kompleks regional iqtisadi layihələrin icrası prosesinə” töhfə verəcək.
Eyni zamanda, risklərin artacağı proqnozlaşdırılır. Xüsusilə, nəqliyyat infrastrukturunun inkişafına mənfi təsir göstərə biləcək addımların atılması ehtimalı vurğulanır. Hesab edilir ki, bu, regionda öz təsirini qorumaqda maraqlı olan dövlətlər tərəfindən daha çox aktual ola bilər.
Sənəddə bildirilir ki: “Azərbaycanın və digər oyunçuların Ermənistanın suverenliyini şübhə altına alan və nəqliyyat infrastrukturunun inkişafı proqramlarının həyata keçirilməsinə mane olan narrativlərdən istifadə etməsi bu risklərin reallaşmasına şərait yaradacaq”.
TRIPP layihəsi və blokadadan çıxarılma haqqında: “Müsbət dinamika qorunacaq”
Hesabatda iqtisadi və infrastruktur imkanları, eləcə də risklər də təhlil olunur. Gözləntilərə görə, 2026-cı ildə regionda müsbət dinamika böyük ehtimalla davam edəcək. Bununla yanaşı, iqtisadi və infrastruktur proqramlarında maraqlı olan qlobal və regional oyunçular arasında rəqabət də saxlanılacaq.
Xarici Kəşfiyyat Xidmətinin qiymətləndirməsinə əsasən, bu proqramlar regionda hərbi eskalasiyanın qiymətini artıracaq.
“Tam şəkildə blokadadan çıxarılmış region və xüsusilə Qars-Gümrü dəmir yolunun mümkün bərpası, TRIPP proqramının icrası, eləcə də qonşularımızla ikitərəfli əməkdaşlıq təşəbbüsləri geniş iqtisadi və logistika imkanları yaradacaq. Söhbət bazarların şaxələndirilməsindən və regional ticarətin genişlənməsindən gedir”, – deyə sənəddə qeyd olunur.
TRIPP (Trump route for international peace and prosperity – “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutan yoldur.
Bir neçə il ərzində Yerevan və Bakı bu məsələ ilə bağlı razılığa gələ bilməmişdi. Azərbaycan “Zəngəzur dəhlizi” adlandırdığı yolun verilməsini tələb edirdi. Ermənistan hakimiyyəti isə bütün yolların blokadadan çıxarılmasına hazır olduğunu bildirir, lakin ölkənin həmin ərazi üzərində nəzarətini, yəni suveren hüquqlarını itirməsini nəzərdə tutan “dəhliz” terminini qəbul etmirdi.
Yalnız avqustun 8-də Vaşinqtonda tərəflər yolun Ermənistanın suveren nəzarəti altında qalması və ABŞ-nin blokadadan çıxarılma prosesinə biznes tərəfdaş kimi qoşulması barədə razılığa gəliblər. Bu səbəbdən layihə vasitəçinin adına uyğun olaraq “Tramp marşrutu” adlandırılıb.
Sənəddə həmçinin sərhədyanı regionların balanslı inkişafı üçün imkanların yaradılmasından bəhs olunur.
Burada həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan sərhədlərinin hər iki tərəfində yerləşən yaşayış məntəqələri nəzərdə tutulur:
“Bundan əlavə, Türkiyə və Azərbaycanla kommunikasiyaların bərpası regionda insanların, malların və xidmətlərin daha sürətli və daha az xərclə daşınmasına imkan yaradacaq. Bu isə regionun rəqabət qabiliyyətini və beynəlxalq cəlbediciliyini artıracaq”.
Eyni zamanda, hesabat müəllifləri regional təşəbbüslərin “burada fərqli maraqlar güdən müxtəlif oyunçular üçün hədəfə çevrilə biləcəyini” istisna etmirlər. Onların fikrincə, bu, həm fiziki məhdudiyyətlər, həm də informasiya hücumları və digər mənfi fəaliyyət cəhdləri formasında özünü göstərə bilər.
“Hibrid təhdidlər daha genişmiqyaslı olacaq”
2026-cı ilin iyununda Ermənistanda gözlənilən parlament seçkiləri fonunda ölkədə hibrid təhdidlər mövzusu fəal şəkildə müzakirə olunur. Siyasətçilər və vətəndaş cəmiyyəti nümayəndələri tez-tez xarici müdaxilə məsələsini gündəmə gətirirlər. Adətən söhbət Rusiyanın Ermənistan cəmiyyətinə qarşı həyata keçirdiyi hibrid hücumlardan, dezinformasiya cəhdlərindən və təsir göstərmək səylərindən gedir. Xarici Kəşfiyyat Xidmətinin hesabatında bu mövzuya da toxunulur.
Sənəddə qeyd olunur ki, ötən il Ermənistan hibrid təhdidlərin müxtəlif təzahürləri ilə üzləşib. Lakin 2026-cı ildə bu təhdidlər “daha mürəkkəb və daha genişmiqyaslı” olacaq. Xüsusilə TRIPP layihəsinin həyata keçirilməsinə mane olmaq məqsədi daşıyan hibrid hücumların gözlənildiyi vurğulanır.
Hesabata əsasən, hibrid əməliyyatların alətləri aşağıdakılardan ibarət olacaq:
- kiberhücumlar (maliyyə və bank təşkilatlarına, kommunikasiya və telekommunikasiya infrastrukturuna, elektrik enerjisinin paylanmasının rəqəmsal infrastrukturuna, dövlətin rəqəmsal infrastrukturuna yönəlmiş),
- informasiya hücumları (yalan, təhrif olunmuş, kontekstdən çıxarılmış məlumatlar, dezinformasiyanın yayılması üzrə əməliyyatlar),
- agentura şəbəkələrinin, təsir agentlərinin, biznes, dini və mədəni institutların nümayəndələri qismində siyasi proseslərdə iştirak edən müxtəlif subyektlərin fəallaşdırılması,
- iqtisadi təzyiq (idxal və ixrac üçün maneələrin yaradılması, miqrasiya qaydalarının seçmə şəkildə tətbiqi),
- enerji təzyiqi,
- yüksək vəzifəli dövlət məmurlarına və onların ailə üzvlərinə təzyiq, onlara qarşı böhtan kampaniyalarının aparılması.
Digər münaqişələrin Ermənistana təsiri
Sənəddə Rusiyanın Ukraynaya qarşı müharibəsinin və İsrail-İran gərginliyinin Ermənistana təsiri məsələsinə də toxunulur. Xarici Kəşfiyyat Xidmətinin proqnozuna görə, 2026-cı ildə Rusiya ilə Ukrayna arasında münaqişənin “uzunmüddətli nizamlanması” az ehtimallıdır. Eyni zamanda, İsrail və İran arasında qarşılıqlı zərbələr riski də qalmaqda davam edəcək.
Qiymətləndirməyə əsasən, hər iki münaqişə Ermənistan üçün iqtisadi problemlərdən tutmuş təhlükəsizlik risklərinədək müxtəlif çətinliklər yarada bilər.
“Böyük ehtimalla Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların əhəmiyyətli hissəsi qüvvədə qalacaq. Bu isə, o cümlədən ikincili iqtisadi sanksiyalar baxımından, Ermənistan iqtisadiyyatı üçün risklər yaratmağa davam edəcək.
İsrail və İran arasında qarşılıqlı zərbələr ehtimalı Ermənistanın təhlükəsizlik təminatının miqyasını genişləndirəcək. Bundan əlavə, iqtisadi və logistika problemləri yaranacaq, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi prosesini təhdid edən risklər artacaq”, – deyə sənəddə qeyd olunur.
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatı 2026