Həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Paylaşmaq
Paylaşmaq
Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” çərçivəsində azərbaycanlı jurnalist Əfqan Muxtarlını Pavel Şeremet adına mükafata layiq görüb.
Təqdimetmə mərasimi Tallində vətəndaş cəmiyyəti konfransı çərçivəsində keçirilib. Vətəni Azərbaycanda həbsdə olan Əfqan Muxtarlının əvəzinə mükafatı onun həyat yoldaşı Leyla, Mustafayeva qəbul edib.
Şeremet adına mükafat “Şərq tərəfdaşlığı” ölkələrinin media nümayəndələrinə cəsarətinə və jurnalistika standartlarına sadiqliyinə görə verilir.
Rusiya və Belarus telejurnalisti, araşdırmaçısı Pavel Şeremet 2016-cı ilin iyununda qətlə yetirilib. İstintaq bu günə qədər qatilləri ortaya çıxarmayıb
Leyla Mustafayeva mərasimdə bildirib ki, həyat yoldaşı Əfqan Muxtarlının həbsi yalnız Azərbaycanın problemi deyil.
“Onun oğurlanması və həbsinə görə “Şərq tərəfdaşlığı” proqramına daxil olan digər ölkə – Gürcüstan da məsuliyyət daşıyır”, – Mustafayeva deyib.
Onun fikrincə, yalnız Əfqan Muxtarlının deyil, Azərbaycanda siyasi motivlərlə həbs olunan digər 160 nəfərin də azad olunmasını tələb etmək lazımdır. Onların arasında 10 nəfərə yaxın jurnalist var. “Avropa öz iqtisadi maraqlarına görə Azərbaycanda insan haqlarının pozulmasına göz yummamalıdır”, – o deyib.
Leyla Mustafayeva onu da əlavə edib ki, həyat yoldaşının çıxışını da oxumaq istərdi, amma həbsxana rəhbərliyi onun mətnini müsadirə edib və çıxışı azadlığa ötürmək alınmayıb.Bu məlumatı Ukrainanın Hromadske Radiosu yayıb.
Əfqan Muxtarlı son zamanlar Tbilisidə yaşayıb, orada Azərbaycanın hakim ailəsinin şəxsi biznesi də daxil olmaqla müxtəlif mövzularda jurnalist araşdırmaları aparıb. Bu ilin mayında Əfqan Muxtarlı Tbilisinin mərkəzində oğurlanıb. Hüquq müdafiəçiləri Gürcüstandan jurnalistin oğurlanması faktını araşdırmağı tələb edir.
Oğurlanandan sonra (bu işdə Gürcüstanın hüquq-mühafizə əməkdaşları şübhəli bilinir) Muxtarlı Azərbaycana gətirilib və ona qarşı sərhədi qanunsuz keçmək və qaçaqmalçılıqla bağlı ittihamlar irəli sürülüb.