Həbsdə aclıq edən blogerə dəstək aksiyası: cərimələr və həbslər
Foto: Ramin Deko
Bloger Mehman Hüseynova dəstək aksiyasının dörd iştirakçısı icazəsiz aksiyada iştirak ittihamı ilə 21 və 22 sutka inzibati həbs cəzası alıb. Onların arasında iki nəfər jurnalist və iki nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü var.
Daha dörd aksiya iştirakçısı 300 manatdan 400 manata qədər (təqribən 177 və 236 dollar) cərimə olunub.
Aksiyaya məhbəsdə olan Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması səbəb olub. Buna cavab olaraq Mehman aclıq elan edib. Bu vəziyyət onun həmkarlarını və müxalifət fəallarını qəzəbləndirib.
• Mehman Hüseynova qarşı yeni ittiham
Aksiya
Yanvarın 3-də onlarla jurnalist və fəal Bakının Neftçilər metrostansiyası yaxınlığında toplaşıb. Onlar “Mehmana azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndiriblər.
Beş dəqiqədən sonra polis aksiyanı dağıdıb və 15 nəfəri saxlayıb.
Polisə aparılandan sonra saxlanılanlardan beş qadın buraxılıb, qalanları isə Nizami rayon məhkəməsinə aparılıb. Orada daha üç qadın azad edilib, beş kişi isə məhkəmə qərarına qədər həbsdə saxlanılıb.
Yanvarın 4-də məhkəmə hökmü elan edilib :00urnalist Əfqan Sadıqov 22 sutka, digər jurnalist Nurlan Qəhrəmanov, AXCP üzvləri Elmxan Ağayev və Səxavət Nəbiyev 21 sutka inzibati həbs cəzası alıb.
• Əfqan Sadıqovun əvvəlki həbsi
• Qırmızı xətt Azərbaycan jurnalistləri üçün haradan keçir?
Azərbaycanlı video-bloger Mehman Hüseynov məmurların kəskin tənqidçisi kimi tanınır.
2017-ci ilin əvvəlində o, polis tərəfindən saxlanılıb. Azad ediləndən sonra Hüseynov işgəncəyə məruz qalması ilə bağlı şikayət edib və nəticədə böhtan ittihamı ilə iki il azadlıqdan məhrum edilib.
Mehman cəzasını çəkdiyi müddətdə onu siyasi repressiya qurbanı hesab edən jurnalistlər, müxalif fəallar və hüquq müdafiəçiləri mütəmadi olaraq onun müdafiəsi ilə məşğul olub.
2018-ci il dekabrın 26-da, cəzasının bitməyinə bir neçə ay qalmış Hüseynov cəza müəssisəsinin əməkdaşını döyməkdə ittiham olunub. Hazırda ona qarşı yeni cinayət işi açılıb. Buna cavab olaraq bloger aclıq aksiyasına başlayıb.
“Kavkazskiy uzel” yazır ki, dekabrın 30-da onun vəziyyəti pisləşib və qardaşının israrı ilə o, su içməyə razı olub. Bütün bunlar haqda Mehmanın yaxınları məlumat verib.
Penitensiar Xidmətin iclimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, Hüseynov aclıq etmir və səhhətilə əlaqədar heç bir problemi yoxdur.
Mehmanın atası onunla istintaq təcridxanasında görüşmək istəyib, amma tələbi rədd edilib. Vəkillərin də onun aqibəti ilə bağlı heç bir məlumatı yoxdur.
Digərləri ilə yanaşı beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatı da Mehman Hüseynovun müdafiəsinə qalxıb.