Güzəştli mənzillər saniyələr içində satıldı: MİDA yenidən narazılıqların mərkəzində
Güzəştli mənzillər
Dekabrın 3-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı 627 güzəştli mənzil saniyələr içində satılıb. Satış prosesi günlərlə davam etməli olduğu halda, alıcıların əksəriyyəti sistemin çökdüyünü və seçim edə bilmədiklərini bildirir.
Paralel olaraq, Daxili İşlər Nazirliyi MİDA mənzillərinin qanunsuz satışı ilə bağlı 12 şəxsin saxlanıldığını açıqlayıb.
Satış başlayır və… bitir
Saat 11:00-da start verilən növbəti güzəştli mənzil satışında Bakının Binəqədi rayonu və Hövsan qəsəbəsi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevlaxda yerləşən ümumilikdə 627 mənzil satışa çıxarılmışdı. Rəsmi açıqlamaya görə, proses 12 dekabr saat 11:00-a qədər davam etməli idi.
Lakin sosial şəbəkələrdə yayılan məlumatlar göstərir ki, mənzillər “bir neçə saniyə ərzində” satılıb. İstifadəçilərin böyük hissəsi sistemə daxil ola bilmədiyini, səhv mesajları ilə üzləşdiyini və növbəti mərhələyə keçidin mümkün olmadığını yazıb.
Texniki problem yaşayanların sayı o qədər çox olub ki, satışın ədalətli keçirildiyinə dair şübhələr var.
- Bakıda söküntü: “Çıxmasan, oğlunu həbs edəcəyik” – polis zorakılığı və hüquqsuzluq iddiaları
- Bakıda “satmaq öhdəliyi ilə kirayə” mənzilləri: Sosial layihə, yoxsa elit seqment?
- “Burada heç nə yoxdur, ancaq problemlər var”. Şəfəq adlı qaranlıq qəsəbədən reportaj
DİN: “Güzəştli mənzillərin qanunsuz satışı ilə bağlı 12 nəfər saxlanılıb”
Satışla paralel olaraq Daxili İşlər Nazirliyi açıqlama yayaraq Bakıda güzəştli mənzillərin qanunsuz satışı və kirayə reklamı ilə məşğul olduğu iddia edilən 12 nəfərin saxlandığını bildirib. Nazirlik açıqlamasında həmin şəxslərin dövlət tərəfindən güzəştli şərtlərlə verilən mənzilləri onlayn platformalar və sosial şəbəkələr üzərindən satmağa çalışdıqlarını qeyd edib.
Saxlanılan şəxslərin adları açıqlanmayıb.
Bu məlumat cəmiyyətdə illərdir müzakirə olunan sualı yenidən gündəmə gətirir: güzəştli mənzillər həqiqətən də ehtiyacı olanlara çatırmı?
Sistemdə nə baş verdi?
İKT üzrə ekspert və istifadəçilər bildirir ki, satış başladığı anda MİDA sisteminin üzərinə minlərlə sorğu düşüb, nəticədə serverlər yüklənib və səhvlər yaranıb. Bəzi sorğular emal olunsa da, əksəriyyət üçün satış prosesinə daxil olmaq mümkün olmayıb.
Texnologiya üzrə ekspert Fərid Pərdəşünas qeyd edir ki, texniki baxımdan bəzi istifadəçilərin sistemə girə bilməsi, digərlərinin isə xəta alması mümkündür. Amma bu, prosesin ədalətli olduğu mənasına gəlmir:
“Vətəndaşların bərabər imkanlarla iştirak etməsi təmin olunmalıdır. Hazırkı model sürət yarışıdır. Mənzillər faktiki olaraq texniki şansı yüksək olanlara çatır”.
Onun fikrincə, güzəştli mənzillərin seçimi onlayn sürətə bağlı olmamalı, daha ədalətli mexanizm – məsələn, canlı püşkatma tətbiq edilməlidir.
Üç il əvvəl də eyni problem: nəticələr ləğv edilmişdi
Bu, MİDA-nın ilk belə qalmaqalı deyil. Üç il əvvəl də oxşar şikayətlərdən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məsələyə müdaxilə etmiş və satışın nəticələri ləğv olunmuşdu. Daha sonra agentliyin sistemində müəyyən təkmilləşdirmələr aparılmışdı.
Amma görünür ki, bu dəfə yenidən eyni suallar ortaya çıxıb: sistem dözümlüdürmü? kibermüdaxilə olubmu? satış prosesi şəffafdırmı? Bu dəfə diqqətçəkən başqa bir məqam da var – MİDA hələlik satışın necə keçdiyi barədə rəsmi açıqlama yaymayıb.
“Ədalətli deyil, çünki rəqəmsal bacarığı olmayan əvvəlcədən uduzur”
İnformasiya Kommunikasiya Təhlükəsizliyi üzrə ekspert Osman Gündüz də prosesin şəffaflığı və texniki etibarlılığı ilə bağlı şübhələrin olduğunu deyir:
“İstifadəçilər eyni anda sistem çökməsi, xəta ekranları ilə üzləşiblər. MİDA bu dəfə ictimai nəzarət mexanizmini də tətbiq etmədi. İlk satışın nə qədər müddətdə baş tutduğu, hansı qurumların prosesə cəlb edildiyi barədə bilgi yoxdur”.
O, əlavə edir ki, rəqəmsal bacarıqları zəif olan vətəndaşların bu sistemdə qazanmaq şansı “lap əvvəldən sıfıra yaxın” olur. Bu isə sosial ədalət məqsədinə ziddir.
MİDA nə üçün yaradılıb?
Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Əsas hədəflərindən biri gənc ailələrə və sosial həssas kateqoriyalara güzəştli mənzillərin əlçatanlığını artırmaqdır.
Agentliyə müraciət edən gənc ailələrin yaşı 35-dən yuxarı olmamalıdır. Mənzillər illik 4 faiz olmaqla 3-30 il müddətinə ipoteka krediti ilə təklif edilir. İlkin ödəniş minimum 10 faizdir.
Bu şərtlər nəzərə alınarsa, güzəştli mənzillərə tələbin kəskin olması təəccüblü deyil.
Müzakirələr davam edir
Hazırkı vəziyyət bir daha göstərdi ki, onlayn sürət əsaslı model bərabər imkan yaratmır və ictimai narazılıq doğurur. Bu səbəbdən ekspertlər və istifadəçilər yeni mexanizmlərin tətbiqini zəruri hesab edir: şəffaf püşkatma, daha güclü server infrastrukturu, ictimai nəzarət, qanunsuz satışların qarşısının alınması və s.
Gözlər indi MİDA, DTX və əlaqədar qurumların bu proseslə bağlı verəcəyi rəsmi açıqlamadadır.
Güzəştli mənzillər