Gürcüstanlı jurnalist Ukraynada oğurlanmağı və ölkədən çıxarılmağı haqda
Dünən axşam “Vilnüs” paromu Ukraynadan deportasiya olunmuş 8 gürcü vətəndaşını Poti limanına gətirib. Onların arasında “Rustavi-2” kanalının operatoru, əsasən Gürcüstanın eks-prezidenti, hazırda Ukraynada müxalifətçi siyasətçi olan Mixail Saakaşvilinin fəaliyyətini işıqlandıran Tamaz Şavşişvili də var.
Tamaz Şavşişvilini ailəsi və iş yoldaşları iki gün axtarıblar. O, Kiyevdəki mənzilindən oğurlandığını, gözləri bağlı bütün günü harasa aparıldığını və sonda gəmiyə gətirildiyini deyir.
Şavşişvilinin sözlərinə görə, onu Ukraynadan deportasiya ediblər və 3 il müddətində ölkəyə gəlməsini qadağan ediblər. “Halbuki bir həftə əvvəl Ukraynanın İnformasiya Nazirliyindən aldığım jurnalist akkreditasiyasında yazılıb ki, mənim Ukraynada işləmək hüququm var “, – Şavşişvili Poti limanında onu qarşılayan jurnalistlərə deyib.
“Saat 11:00 radələrində 15-ə yaxın avtomatla silahlanmış xüsusi təyinatlı içəri girdi. Sifətimə tapança ilə vurdular, yıxıb təpikləməyə başladılar. Nə baş verdiyini anlamırdım, gözlərimi skoçla bağlayıb, harasa apardılar. Məni mikroavtobusun baqajına soxub, naməlum istiqamətdə apardılar, heç nə görə bilmirdim. Bir müddət sonra maşını dəyişdilər. Daha sonra iki dəfə də maşını dəyişdirdilər. Sonradan vertolyot səsini eşidəndə, aeroportda olduğumuzu anladım. Məni vertolyota mindirdilər. Nəsə oxudular, oxuduqlarından başa düşdüm ki, mənə 3 il müddətinə Ukraynaya girmək qadağan edilir… Vertolyotda döşəməyə uzatdılar və biz naməlum istiqamətdə uçduq. İki saata yaxın uçduq. Yerə endikdən sonra yenə xüsusi təyinatlılar olan maşına oturtdular. Sonra məni gəmiyə gətirdilər. Bütün bunlar gün uzunu davam etdi. Mən sifətimdəki yaralardan axan qandan başqa heç nə hiss etmirdim. Belə çıxır ki, məni evdən oğurlayıblar”, – Tamaz Şavşişvili jurnalistlərlə söhbətində bunları deyib.
https://www.youtube.com/watch?v=PitQzL6tw20
Onun sözlərinə görə, bütün gün ərzində onu gözləri skoçlu vəziyyətdə daşıyıblar və sadəcə ətrafdakı danışıq səslərinin dəyişdiyindən insanların da dəyişdiyini anlayıb. “Onlar ancaq öz aralarında danışırdılar. Niyə mənimlə bu cür davrandıqlarını soruşurdum, cavab vermirdilər”, – Şavşişvili deyir.
Onun sözlərinə görə, paromda onunla birlikdə Ukraynanın müxtəlif şəhərlərindən deportasiya olunan ona yaxın həmvətəni varıydı.
Gürcüstanın Kiyevdəki səfirliyi Ukrayna təhlükəsizlik xidmətinin məlumatlarına əsasən, 8 Gürcüstan vətəndaşının “Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsi üzrə maraqlarına uyğun olmayan fəaliyyət”ə görə zorla vətənə göndərildiyini təsdiqləyib.
Səfirlik bildirir ki, Ukrayna tərəfi baş verənlərlə bağlı detallara varmadan, lakonik məlumat verdiyini də bununla izah edir.
Rezonans
Gürcüstanın Ukraynadakı səfirliyi öz həmvətənlərinin deportasiyası ilə bağlı bəyanat yayıb. Diplomatik nümayəndəliyin bəyanatında qeyd olunur ki, 17 noyabr tarixində 8 Gürcüstan vətəndaşının Ukraynadan çıxarılması xəbərini alan kimi səfirlik əməkdaşları bu məsələ ilə bağlı Ukrayna XİN-nə müraciət edib, ölkə XİN-i və başqa qurumlarla danışıqlar davam edir. Bununla belə səfirlik qeyd edir ki, Ukrayna tərəfi baş verənlərin detallarına varmadan, səbəb kimi deportasiya olunmuş Gürcüstan vətəndaşlarının Ukraynanın milli təhlükəsizlik maraqlarına zidd fəaliyyətini göstərir. Bəyanatda qeyd edilir ki, Ukrayna təhlükəsizlik xidmətinin məlumatına görə, onlar ölkədən milli polis, dövlət emiqrasiya, həmçinin sərhəd xidmətinin birlikdə həyata keçirdiyi xüsusi tədbirlər nəticəsində ölkədən Gürcüstana göndərilib.
Bu gün Ukraynada müxalif partiyalardan birinə rəhbərlik edən, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkədə hadisəni şərh edib. Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının saxlanılması əməliyyatına şəxsən Ukrayna prezidentinin mühafizə xidmətinin rəisi rəhbərlik edib. “Yeni qüvvələr hərəkatı”nın lideri yazır ki, gürcülər Kiyevdən Odessaya 3 vertolyotla çatdırılıblar, paroma isə onları 50 xüsusi təyinatlı döyüşçünün müşayiəti ilə mindiriblər. Mixail Saakaşvili bildirir ki, Pyotr Poroşenkonun şəxsi mühafizə rəisinin əməliyyatda iştirakı qanun pozuntusudur.
“Poroşenko şəxsən məndən çəkinir, ona görə ki məni Putinin agenti elan edə bilmir, çünki mənim uğurlu tarixim var”, – Saakaşvili yazır.