Gürcüstanla sərhəddə saxlanılan azərbaycanlı jurnalist azadlığa buraxılıb
Paylaşmaq
Paylaşmaq
Bir neçə müxalifyönlü KİV-lə əməkdaşlıq edən azərbaycanlı jurnalist Kamran Mahmudov Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyərkən saxlanılandan sonra azadlığa buraxılıb.
Jurnalist səhər saat beş radələrində pasport yoxlanışı zamanı nəzarət-keçid məntəqəsində saxlanılıb və Qazax rayonunun polis şöbəsinə aparılıb.
Onun yanında olan vəkil Cavid Rzazadə özünün Facebook səhifəsində yazıb ki, sərhədçilərin sözlərinə görə, Mahmudov axtarışda olduğu üçün saxlanılıb. Vəkil əlavə edib ki, Mahmudovun üzərindən 127 manat pul, plastik kart və başqa şəxsi əşyaları götürülüb. Axtarış vəkil və hal şahidlərinin iştirakı olmadan aparılıb.
Bir neçə saat sonra polis əməkdaşları vəkilə bildiriblər ki, Mahmudov DİN-nin 27 aprel 2017-ci il tarixli əmri əsasında saxlanılıb, jurnalist ölkədən çıxış qadağası olan şəxslər siyahısına daxil edilib. Mahmudovun bu siyahıya daxil edilməsi səbəbləri açıqlanmayıb.
Jurnalist saat 12:15-də sərbəst buraxılıb, ona Bakıya qayıtmağı məsləhət görüblər.
“Mənə çox şey qaranlıq qaldı. Bilmirəm saxlanmam haqqında əmrin səbəbi nədir.
Ölkəmizdə hökumətin jurnalistlərə “diqqətini” nəzərə alaraq, hər şey gözləmək olar”, – Mahmudov sərbəst buraxılandan sonra “Turan” agentliyinə bildirib.
Jurnalist əlavə edib ki, müsadirə olunan bütün əşyalar, pullar və sənədlər ona qaytarılıb. Jurnalist ölkədən çıxışının qadağan olunmasının səbəblərini araşdırmaq üçün məhkəməyə müraciət etmək niyyətindədir.
Kamran Mahmudov hazırda bağlı olan “ANS-ÇM” radio kanalının aparıcısı kimi tanınıb. O, həm də Azərbaycan ərazisində bloklanan Azadlıq Radiosu və “Kanal-13” internet televiziyası ilə əməkdaşlıq edib. Ölkədən çıxış qadağası olan şəxslər siyahısına daxil edilmə vaxtı belə bir fikir yaradır ki, bu qərar “Kanal-13”ün işi ilə bağlı verilib, bu kanalın rəhbəri Əziz Orucov təxminən həmin vaxt həbs edilib.
“Kanal-13”ün direktoru Əziz Orucovun həbsi barədə məlumatı JAMnews-un xəbərində oxumaq olar.