Gürcüstanın ən varlı insanları: Forbes reytinqi və real hakimiyyət xəritəsi
Gürcüstanın ən varlı insanları
2026-cı il martın 23-də Forbes Georgia biznes nəşri ölkənin ən varlı 100 sahibkarının ilk siyahısını dərc edib.
Gürcüstanda sərvətlər kimə məxsusdur?
Reytinqdə yer alan 100 sahibkarın ümumi əmlakının həcmi 60,1 milyard larini ötür. Bu rəqəm ölkə iqtisadiyyatının təxminən 60%-nə bərabərdir və Gürcüstan büdcəsinin gəlirlərindən təxminən üç dəfə çoxdur.
Ölkədə kapital ən varlı şəxslərin əlində cəmlənib: ən təminatlı 100 sahibkardan on nəfəri bütün əmlakın təxminən 60%-nə, beş nəfəri isə demək olar ki, yarısına nəzarət edir. Reytinqdə orta əmlak dəyəri təxminən 600 milyon lari olduğu halda, median göstərici cəmi 227 milyon laridir. Bu fərq 100 şirkət daxilində sərvətin kəskin qeyri-bərabər paylandığını göstərir.
Kapitalın sahəvi strukturu da bu mənzərəni təsdiqləyir. Reytinqdə ən böyük pay maliyyə, telekommunikasiya, səhiyyə və daşınmaz əmlak sektorlarına düşür. Bunlar bazar mövqeyi və fəaliyyət miqyasının nəticəni müəyyən etdiyi sahələrdir: sərvət texnologiya sahələrinə xas sıçrayışlarla deyil, sabit pul axınları və bazar payının konsolidasiyası hesabına sistemli şəkildə toplanır.
“Forbes” qeyd edir ki: “Gürcüstanda sərvətin konsentrasiyası həm ümumi iqtisadiyyatda, həm də ölkənin iqtisadi elitası arasında aydın görünür. Lakin bu reytinqin məqsədi bu dinamikanı qiymətləndirmək deyil, onu təsvir etməkdir”.
Qazaxıstanda rəqəmsal və bank xidmətləri sektorunda fəaliyyət göstərən biznesmen Mixeil Lomtadze təxminən 16 milyard lari sərvətlə siyahıya başçılıq edib. O, həmçinin Forbes-un qlobal reytinqində 597-ci yeri tutur.
Hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri, tez-tez ölkənin “qeyri-rəsmi rəhbəri” adlandırılan Bidzina İvanişvili reytinqdə ikinci yeri tutub.
İqtisadiyyatda köhnə və yeni imkanlar
Forbes Georgia-nın qiymətləndirməsinə görə, sərvətin əsas hissəsi maliyyə, telekommunikasiya, səhiyyə, ticarət və daşınmaz əmlak sektorlarında cəmlənib. Bu sahələr böyük ölçüdə mövcud infrastrukturdan asılıdır.
Nəşr qeyd edir ki, texnologiya sektorundan fərqli olaraq, burada kapital tez və sıçrayışlı şəkildə toplanmır, ənənəvi sahələr zamanla toplanmış üstünlüklər hesabına mövqelərini möhkəmləndirir. Bu isə bazarlara çıxış və əlaqələrin həlledici rol oynadığı inkişaf etməkdə olan iqtisadiyyatın “institusional reallığını” əks etdirir.
Araşdırmaya görə, ölkədə innovasiyalara əsaslanan kapital formalaşsa da, sərvət iyerarxiyası hələ də böyük ölçüdə mövcud iqtisadi sistemlər üzərində nəzarətlə müəyyən olunur.
Qiymətləndirmə necə aparılıb?
Reytinqə yalnız Gürcüstanda yerləşən aktivlər daxil edilib, xarici və ofşor aktivlər nəzərə alınmayıb. Məlumatlar maliyyə hesabatlarına, mülkiyyət strukturuna, sahəvi analizə və çoxsaylı yoxlamalara əsaslanır.
Siyahı 2023-cü ilin maliyyə hesabatları, ictimai reyestr məlumatları, şirkətlərin rəsmi saytları və digər açıq mənbələr əsasında tərtib edilib.
Reytinqə yalnız açıq və yoxlanıla bilən məlumatlar əsasında qiymətləndirilmiş aktivlərə malik şəxslər daxil edilib.
Gürcüstanın ən varlı 100 nəfəri arasında cəmi 12 qadın var.
Siyahı iştirakçılarının orta yaşı 56-dır: ən gənci 25, ən yaşlısı isə 90 yaşındadır.
Onlardan yalnız ikisi, Mixeil Lomtadze və Bidzina İvanişvili Forbes-un qlobal reytinqində yer alır.
Top-10: ən böyük kapitala kim nəzarət edir?
Mixeil Lomtadze (50 yaş) — 15,853 milyard lari
Kaspi şirkətinin baş direktoru və direktorlar şurasının sədridir. Onun tətbiqindən Qazaxıstan əhalisinin yarıdan çoxu istifadə edir. Batumidən olan Lomtadze sərvətini Qazaxıstanda qazanıb. 2024-cü ildən İngiltərənin Wycombe Wanderers futbol klubunun sahibidir.

Bidzina İvanişvili (70) — 7,254 milyard lari
Gürcüstanın sabiq baş naziri və “Gürcü arzusu”nun təsisçisidir. Sərvətini əsasən Rusiyada bank və metallurgiya sektorlarında qazanıb. Onun İsveçrənin Credit Suisse bankı ilə uzunmüddətli mübahisəsi var.

Giorgi Coxtaberidze (72) — 2,764 milyard lari
Gürcüstanın aparıcı telekommunikasiya şirkəti Magticom-un 75% səhmlərinin sahibidir. Keçmiş prezident Eduard Şevardnadzenin kürəkənidir və müasir gürcü incəsənətinin kolleksiyaçısıdır.

İrakli Ruxadze (59) — 2,227 milyard lari
Magticom-un 25% səhmlərinə, Liberty Bank-da əsas paya və Rustavi Steel şirkətinə sahibdir. Həmçinin yaxın vaxtadək Imedi telekanalının sahibi olub.

Temur Çkonia (75) — 1,745 milyard lari
Coca-Cola Bottlers Georgia və Gürcüstandakı McDonald’s restoran şəbəkəsinin əsas idarəedicisidir. 1990-cı illərdən bəri biznesdə mühüm rol oynayır.

Paata Kurtanidze (58) — 1,562 milyard lari
Aversi apteklər şəbəkəsinin sahibi və farmasevtik şirkətin əsas səhmdarıdır.

Giorgi Ramişvili (58) — 1,485 milyard lari
Silk Road Group-un sahibidir. Qrupa Silknet telekommunikasiya operatoru və digər iri şirkətlər, o cümlədən otellər daxildir.

Kaxaber Okriaşvili (59) — 1,141 milyard lari
PSP apteklər şəbəkəsinin, GM Pharma və bir neçə tibb mərkəzinin sahibidir. Müxtəlif dövrlərdə Gürcüstan parlamentinin üzvü olub.

Xviça Makatsaria (61) — 1,132 milyard lari
Enerji sektorunda mühüm fiqurdur. Tbilisi Energy və Telasi şirkətlərində paylara sahibdir.

Gia Qorqoşadze (55) — 1,045 milyard lari
Ölkə üzrə fəaliyyət göstərən Gorgia tikinti və təmir şirkətinin təsisçisidir.

Digər mühüm fiqurlar
Reytinqə həm biznesmenlər, həm də fəaliyyət göstərən və sabiq siyasətçilər daxil edilib.
Maka Asatiani (12-ci yer) — enerji və daşınmaz əmlak sektorlarında fəaliyyət göstərən sabiq model və iş qadını.

Mamuka Xazaradze (18-ci yer) — Lelo müxalifət partiyasının lideri və TBC Bank-ın həmtəsisçisi. Hazırda ona qarşı cinayət işi açılıb.

Badri Caparidze (23-cü yer) — TBC Bank-ın digər həmtəsisçisi, Mamuka Xazaradze ilə birlikdə cinayət işi üzrə təqsirləndirilir.

Kaxa Bekauri (36-cı yer) — Gürcüstanın Milli Kommunikasiya Komissiyasının sabiq rəhbəri, Ori Nabiji supermarketlər şəbəkəsinin şərik sahibidir.

Anton Obolaşvili (46-cı yer) və Şota Berekaşvili (73-cü yer) — hakim partiyadan deputatlardır, farmasevtika və tikinti sektorlarında biznes aktivlərinə malikdirlər.
Zaal Duqladze (80-ci yer) — Gürcüstan parlamentinin deputatı və şərab biznesinin şərik sahibidir.
Kontekst
Sosial Ədalət Mərkəzinin direktoru Tamta Mikeladze qeyd edib ki, bu məlumatlar yalnız “Gürcüstanda kimlərin varlı olduğunu” deyil, həm də iqtisadi struktur, hakimiyyətin bölgüsü və inkişaf modelini göstərir.

Tamta Mikeladze: Gürcüstanın siyasi və iqtisadi sistemini izah edən bir neçə mühüm tendensiya var, onları hər ailə və hər bir vətəndaş öz həyatında görür və hiss edir.
- Sərvətin azlıq arasında cəmlənməsi və oliqopolist iqtisadiyyatın açıq əlamətləri. Siyahının ilk onluğu sərvətin 60%-nə, ilk beşliyi isə 50%-nə nəzarət edir. Üstəlik, cəmi iki nəfər — İvanişvili və Lomtadze — 100 ən varlı şəxs arasında kapitalın üçdə birinə sahibdir.
Bu o deməkdir ki, iqtisadiyyatda zənginlik qeyri-bərabər paylanıb və ən mühüm iqtisadi resurslar və təsir alətləri azsaylı qrupun əlindədir. Belə sistemdə yeni oyunçuların bazara daxil olması çətindir və bu cür böyük iqtisadi güc asanlıqla siyasi təsirə çevrilə bilər.
Müəyyən mənada demək olar ki, bu sistemdə bazar struktur olaraq güclülərin xeyrinə formalaşıb və qərəzlidir, biz isə klassik azad bazar sistemi ilə deyil, başqa bir model ilə qarşı-qarşıyayıq.
- Diqqətəlayiqdir ki, iqtisadiyyatda maliyyə və bank sektoru, monopolist xidmətlər, daşınmaz əmlak və infrastruktur, həmçinin qlobal brendlərə bağlı idxal üstünlük təşkil edir. Ən əsası isə sənaye bazası zəifdir, yüksək texnologiyalı istehsal, ixracyönümlü sənaye və innovativ sektorlar demək olar ki, mövcud deyil. Başqa sözlə, Gürcüstan iqtisadiyyatı istehsal edən və məhsuldar olan “real iqtisadiyyat” deyil, çünki o, əsasən xidmətlərdən, idxaldan və maliyyədən asılıdır.
Hesablamalara görə, sərvətin 45%-i monopolist oyunçuların qaydaları (tənzimləmə, qiymətlər və s.) müəyyən etdiyi konsentrasiya olunmuş bazarlarda cəmlənib.
- Bu tip iqtisadiyyatın əhalinin rifahına və sosial reallığa struktur təsiri son dərəcə ciddidir:
Bu iqtisadi model kütləvi və yüksək məhsuldar iş yerləri yaratmır və nəticədə sərvət “aşağıya sızmır”. Məhz buna görə belə iqtisadiyyatın birbaşa nəticəsi sosial durğunluq, aşağı sosial mobillik, gənclərin miqrasiyası və orta təbəqənin zəifləməsidir.
Bundan əlavə, sizi təəccübləndirə bilər ki, xidmət sektorunda rəqabətin olmaması səbəbindən tez-tez (və bu, hamımız üçün reallıqdır) qiymətlər həddindən artıq artır və nəticədə bu yük vətəndaşların üzərinə “gizli vergi” kimi ötürülür. Bu sosial yük və xərclər belə iqtisadiyyatda daha az görünən olduğu üçün, onların əhalinin rifahına təsiri birbaşa və sistemli olsa da, nadir hallarda siyasi müzakirələrin mövzusuna çevrilir.
Əminliklə demək olar ki, biz elə bir reallıqla üz-üzəyik ki, burada əhali bu iqtisadiyyatdan fayda əldə etmir, əksinə bu qeyri-bərabər sərvət konsentrasiyasını maliyyələşdirir.
- Daha geniş və tənqidi mənada demək olar ki, bu model aşağı gəlirli əhalinin sadə insanların əməyindən varlanan dar iqtisadi elita ilə qarşı-qarşıya qoyulduğu bir reallıq yaradır. Deməli, bu, sadəcə sərvətin cəmlənməsi deyil, o cümlədən ədalətsiz şəkildə şişirdilmiş ödənişlər hesabına vətəndaşların əməyindən kapitalın çıxarılmasıdır.
- Postsovet kapitalizminin irsi aydın görünür: 90-cı illərdə toplanmış sərvət, özəlləşdirmə nəticəsində əldə olunan resurslar və ən əsası, varlı sahibkarların yaşı. Ən varlı 100 nəfərin 70-i 50 yaşdan yuxarıdır ki, bu da sərvətin 70%-nin köhnə biznes elitasına məxsus olduğunu göstərir. Bu şəxslər 90-cı və 2000-ci illərin böhranları dövründə varlanıblar.
Maraqlıdır ki, bu sərvətin 15–20%-i coğrafi olaraq postsovet kapitalı ilə bağlıdır.
Bundan əlavə, ailə kapitalizmi də diqqət çəkir. Faktiki olaraq bu bizneslərin 25–30%-i ailə və ya klan strukturlarına məxsusdur. Yəni sərvət eyni dairədə dövr edir və mobillik ilə xarakterizə olunmur.
Gürcüstanın resurs baxımından zəngin olmaması bu klan, oliqopol və qapalı iqtisadi sistemin zərərini müəyyən qədər azaldır, əks halda burada Mərkəzi Asiyaya bənzər avtoritar bir vəziyyət müşahidə oluna bilərdi.
- Tam aydındır ki, siyahının ən bariz xüsusiyyəti iqtisadiyyatla siyasətin iç-içə keçməsi, həmçinin biznesdən siyasətə və əksinə, siyasətdən biznesə açıq keçidlərdir. Siyahıdakı 100 nəfərin 35–40%-nin birbaşa və ya dolayı siyasi əlaqələri var. Belə şəraitdə siyasətin seçicilərin və xalqın deyil, elitanın maraqlarına daha həssas olması qaçılmazdır.

Roman Qotsiridze, iqtisadçı: “Gürcü Forbes ilk dəfə 100 gürcü milyonçunun siyahısını dərc edib. Bu yaxşı cəhddir. Sonradan siyahı tədricən dəqiqləşdiriləcək. Mənim fikrimcə, bəzi fiqurlar həddindən artıq qiymətləndirilib, digərləri isə aşağı qiymətləndirilib. Mən zarafatla reytinqə düşən tanışımı Messenger-də təbrik etdim, o isə təəccüblə dedi ki, belə sərvətə sahib olmağı çox istərdi.
Diqqətimi iki məqam çəkdi:
Ən varlı 100 nəfərdən yalnız üç-dörd nəfər hazırda əsas televiziya kanallarında reklam olunur və digərlərinin harada reklam olunduğu (və ya keçmişdə olunduğu) artıq aydındır.
İvanişvili daha varlı olub, yoxsa kasıblaşıb? O daha da varlanıb və bütün istiqamətlər üzrə: onun səhmlərinin, rəsmlərinin, daşınmaz əmlakının dəyəri artıb və o, hətta İsveçrə bankı ilə mübahisədə dəymiş zərəri kompensasiya edib. Bu vəsaitin bir hissəsi, 463 milyon dollar artıq köçürülüb, 600 milyon isə dondurulub, baxmayaraq ki, İvanişvili məhkəməni udub. Bundan əlavə, o, Gürcüstanda da böyük məbləğdə vəsait qazanıb. Onun şirkətləri tenderləri udur və əksəriyyəti müxtəlif vergi və qeyri-vergi güzəştlərindən istifadə edir. İndi isə Baçiaşvili də (İvanişvilinin keçmiş müşaviri və Gürcüstanın Birgə İnvestisiya Fondunun sabiq rəhbəri – JAMnews) milyonçuya çevrilib.
Gürcü Forbes əsas Forbes-dan məlumatları birbaşa köçürmədiyi üçün İvanişvili bu siyahıda ikinci yerdə göstərilib, halbuki o, qazaxıstanlı biznesmen Mixeil Lomtadzedən daha varlıdır.
Lomtadzeyə gəldikdə isə, onun bu siyahıya daxil edilməsi təxminən “100 gürcü xoreoqraf” siyahısının hazırlanmasına və ora amerikalı baletmeyster Giorgi Balançivadzenin (Corc Balançin) daxil edilməsinə bərabərdir.
Lomtadze bu reytinqdə yalnız Gürcüstanda doğulduğu və gürcü pasportundan imtina etmədiyi üçün yer alır. Beynəlxalq Forbes siyahısında gürcü kimi qeyd olunduğuna görə, yerli Forbes da onu bu siyahıya daxil etməyi məqsədəuyğun hesab edib. Yəqin ki, bu doğrudur. Lakin bir vacib məqam var: məlumatlar təhlil edilərkən onun əmlakı tam şəkildə nəzərə alınmamalıdır, çünki onun Gürcüstan iqtisadiyyatında iştirakı sıfıra bərabərdir”.
Gürcüstanın ən varlı insanları