Mamuka Baxtadze, Gürcüstanın baş naziri vəzifəsinə namizəd. REUTERS/ David Mdzinarişvili
Gürcüstanın baş naziri vəzifəsinə namizəd Mamuka Baxtadze 2-3 həftə sonra hökumətdə köklü dəyişikliklər və yenilənmələr planlaşdırır. O zamana qədər hökumətin formal tərkibi parlamentə təqdim olunub, onların bir qismi yenilənmiş hökumətə daxil olmayacaq.
Baş nazirliyə namizəd bu addımını onunla izah edir ki, onun həyata keçirməyi planlaşdırdığı struktur islahatı qanunvericilik dəyişikliklərini özündə əks etdirir, buna isə texniki cəhətdən 2-3 həftə tələb olunur.
Gözlənilən dəyişikliklər haqda o, parlament çoxluğu ilə görüşdən sonra “Gürcü arzusu” iqtidar partiyasının ofisində baş verən brifinqdə məlumat verib.
Baş nazirliyə namizədin anons etdiyi əsas struktur dəyişikliyi kiçik hökumətin formalaşdırılmasıdır. İslahat nazirlərin sayını 14-dən 11-ə qədər azaltmağı nəzərdə tutur.
Baxtadzenin sözlərinə görə, dəyişikliklər altı nazirliyi əhatə edəcək, amma məhz hansı nazirliklərdən söhbət getdiyini o dəqiqləşdirməyib. Ehtimal olunur ki, hökumətin yeni tərkibinə XİN rəhbəri Mixail Canelidze və iqtisadiyyat naziri Dmitri Kumsişvili daxil olmayacaq. Bununla belə başqa hansı nazirin vəzifəsindən məhrum olacağı dəqiqləşdirilmir.
Brifinqdə Mamuka Baxtadze sadəcə deyib ki, yeni hökumətdə həqiqətən də yeni simalar olacaq.
Baş nazir Giorgi Kvirikaşvili istefa verəndən sonra maliyyə naziri Mamuka Baxtadze “Gürcü arzusu” iqtidar partiyası tərəfindən iyunun 14-də baş nazir vəzifəsinə namizəd olaraq irəli sürülüb. Kvirikaşvili istefaya getməsinin səbəbini partiya sədri Bidzina İvanişvili ilə aralarında fikir ayrılığını göstərib.
Kvirikaşvilinin istefasından əvvəlki iki həftə çox gərgin keçib – Rustaveli prospektindəbir-birinin ardınca minlərlə insanın iştira etdiyi etiraz aksiyaları keçirilib. İyunun əvvəlində parlament binası yanında keçirilən mitinqlər Xorava küçəsində iki məktəblinin qətli ilə bağlı araşdırmanın qeyri-obyektiv keçirilməsinə qarşı olub. Bu aksiyaların əsas tələblərindən biri baş nazirin istefası olub.
Baş nazir Kvirikaşvili vəzifədən gedəndən sonra qanunvericiliyə əsasən, bütün hökumət üzvləri vəzifə adlarının qarşısında “səlahiyyətlərini icra edən” ifadəsi əlavə olunub. Yeni baş nazirin namizədliyini, yeni hökuməıtin tərkibini və ona etimad məsələsinə parlament cari həftənin sonunda baxacaq.