Gürcüstanın Tuşeti ucqar regionuna ərzaq daşınması büdcəyə ərzağın öz dəyərindən 20 dəfə baha başa gəlib
Axmet rayonunun qamqeobası (administrasiyası) yeni il hədiyyəsi olaraq Tuşeti dağlıq regionunun 25 nəfər sakininə dəyəri 50 lari (20 dollara yaxın) olan ərzaq bağlaması çatdırıb. Ümumi dəyəri 1250 lari (500 dollara yaxıb) olan ərzaqın vertolyotla daşınmasına yerli büdcədən təqribən 20 dəfə artıq pul xərclənib.
“Mtis ambebi” internet nəşri rəsmi sənədlərə istinad edərək məlumat verir ki, administrasiya ərzaqları tender yolu ilə fərdi şəxsdən alıb. Hər bağlamaya 3,5 kq şəkər, 5 kq makaron, 1 kq karamel, günəbaxan yağı, 1,5 kq şokolad, 1 qutu peçenye, hərəsindən 100 qr üyüdülmüş və qarışdırılma qəhvə daxildir. Tuşeti sakinləri təqribən bu tərkibdə bağlamanı 2011-ci ildən etibarən ildə iki dəfə alır – Yeni il və Pasxa ərəfəsində. Bu, bələdiyyə büdcəsinə ildə 2500 lariyə başa gəlir (970 dollar).
Amma proqramın ən baha başa gələn hissəsi ərzaqın çatdırılmasıdır. Xidmətlərinə görə “Tuşeti” aviaşirkətinə büdcədən 25500 lari (10 min dollara yaxın) pul ödənir.
Nəşrin məlumatına görə, ərzağı paylamaq məqsədilə Kaxeti regionunun qubernatoru, bələdiyyə başçısı (qamqabeli), onun müavini, Sakrebulo (yerli özünüidarə orqanı) sədri və Gürcüstan Parlamentində Telavini təmsil edən majoritar deputat vertolyotla Tuşetiyə yola düşüb. Gürcüstanın mərkəzi telekanallarından birinin çəkiliş qrupu da yerli məmurlarla birlikdə gedib.
“Mtis ambebi” Tuşetiyə yollanan məmurlar “süfrə arxasında yaxşı zaman keçirib”.
“Kaxeti informasiya mərkəzi” QHT-i 2015-ci ildə “Küləyə verilmiş büdcə” adı altında araşdırma dərc edib, orada qeyd olunur ki, 3 il ərzində Tuşetiyə 7500 larilik (3 min dollara yaxın) ərzaq çatdırılıb, onların nəqliyyat xərci isə büdcəyə təxminən 13,5 dəfə baha başa gəlib.
Tuşeti – Gürcüstanın şərqində Baş Qafqaz silsiləsinin yamacında yerləşən yüksək dağlıq regiondur, ildə bir neçə ay Gürcüstanın qalan hissəsindən tamam təcrid olunmuş vəziyyətdə qalır. Buna görə də, qış mövsümündə əhalinin bir hissəsi Tuşetini tərk edir.
Məşhur “Mimino” filminin çəkilişləri Tuşetinin Omalo və Şenaki kəndlərində aparılıb.