Gürcüstan DİN-in əməkdaşları Daba Qudaurinin dörd sakinini Rusiya vətəndaşlarını qrup şəklində döydükləri və onların əmlakına ziyan vurduqları üçün saxlayıblar.
Saxlanılanlar RF vətəndaşları Fyodor Çelışev və Sergey Dementyevi döyməkdə ittiham olunurlar. Həkimlərin sözlərinə görə, Çelışevin beyni silkələnib və burnu sınıb. O, xəstəxanada müalicə alır. Dementyevin isə avtomobilini sındırıblar.
DİN-in məlumatına görə, gürcü və rus paraplanerçilərin arasında iyunun 9-da baş verən davadan əvvəl – iyunun 8-də gürcü və ukraynalı paraplanerçilər arasında münaqişə yaşanıb.
Gürcü paraplanerçilərinin təsadüfən ukraynalıların icarə etdiyi əraziyə gedib çıxması sonuncuların narazılığına səbəb olub. Bu zaman Dementyev və Çelışev ukraynalı tərəfdaşları ilə birlikdə olublar. Sosial şəbəkələrdə davanın videosu yayılıb. Bu video zərərçəkənlərin avtomobilinin video-qeydiyyatçısına düşüb.
Gürcü paraplanerçilərin saxlanılması yerli sakinlərin narazılığına səbəb olub.
“Reqinfo”nun məlumatına görə, bir saat ərzində onlar Mtsxeta-Stepantsminda-Lars yolunu bağlayıblar. Aksiya iştirakçıları rusiyalı və ukraynalı paraplanerçiləri təxribatda günahlandırıblar.
“Bizim oğlanlar öz ləyaqətlərini qoruyublar. Hadisədən əvvəl ruslar münaqişəni gərginləşdiriblər. Bizimkilər cavab veriblər. Bütün bunların video yazısı var. Fyodor Çelışev gürcü polislərin xəbərdarlıq etməsinə baxmayaraq, uçuş zamanı gürcülərin toplaşdığı yerə yaxınlaşıb və balondan onların üzərinə nəsə maddə tökməyə başlayıblar və təbii ki, bizim paraplanerçilər də reaksiya veriblər. Bütün bunlar çəkilib”, – iyunun 10-da “Reqinfo” agentliyinə aksiya iştirakçılarından biri Vako Zakaidze bildirib.
Mtsxeta-Mtianeti polis departamentinin rəisi Dmitri Zurabişvili yerli sakinləri bütün saxlanılanların 48 saat ərzində girov hesabına azad ediləcəyinə və yüngül cəza alacağına əmin edəndən sonra onlar Mtsxeta-Stepansminda-Lars yolunu açıblar.