Fevralın 15-də Gürcüstanın Konstitusiya Məhkəməsi 100 qrama qədər xam marixuana almaq və saxlamağa görə həbs cəzasını ləğv edib.
Bununla yüksək instansiya Bolnisi məhkəməsinin tələbini təmin edib və Cinayət Məcəlləsinin 260-cı maddəsinin sözügedən əmələ görə həbs cəzasının nəzərdə tutulduğu müvafiq hissəsini qanuni qüvvədən salıb.
Daha əvvəl ötən ilin oktyabrında məhkəmə “Beka Tsikarişvili Gürcüstan parlamentinə qarşı” işi çərçivəsində CM-nin həmin maddəsilə artıq qərar qəbul etmişdi. 28 yaşlı musiqiçi Beka Tsikarişvili 2013-cü ildə 7-11 il arası azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan marixuana istifadə etmək və saxlamaq ittihamı ilə həbs olunmuşdu. 18 günlük məhkumluqdan sonra o, girovla həbsdən çıxmış və Konstitusiya məhkəməsinə müraciət etmişdi. Məhkəmə 70 qrama qədər marixuana saxlamağa görə azadlıqdan məhrumetmənin Konstitusiyaya zidd olduğu haqda hökm çıxarmışdı.
Son qərarı ilə məhkəmə 100 qram xam marixuananın 50 qram qurudulmuşa ekvivalent olduğunu qət edib. Buna görə də, göstərilmiş çəkidə quru “ot” əldə etmək və ya saxlamaq da müvafiq olaraq həbslə cəzalandırılmır.
İndiyə qədər Gürcüstan qanunvericiliyi marixuanadan istifadə etməyə görə 500 lari (təxminən 200 dollar) cərimə olmaqla inzibati cəza, bu hal təkrarlandıqda isə 2 ilə qədər həbs cəzası nəzərdə tutur. marixuananın saxlanması və satışına görə 11 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Gürcüstan İctimaiyyətinin bir hissəsi artıq çoxdandır ki, marixuanadan istifadənin tam dekriminallaşdırılmasını tələb edir. Narko-siyasətin liberallaşdırılması tələbi ilə permanent qaydada aksiyalar keçirilir,
2016-cı ildə marixuanadan istifadə ilə bağlı problemlər səbəbindən tibb müəssisələrinə edilən müraciətlərin sayı cəmi 12 olub.
DİN hər il 50 min nəfərə yaxın insanı narkotik testlərindən keçirir.
Son 7 ildə büdcədən narkotik testlərinə 17 milyon lari (6.5 milyon dollara yaxın) vəsait ayrılıb.
Narkotik testlərindən keçmiş insanların 35 faizinin narkotik vasitələrdən istifadə etdiyi aşkarlanıb.