Gürcüstanın kitab mağazaları şəbəkəsi qalmaqallı video-müraciətə görə öz əməkdaşlarını məhkəməyə verib
Fevralın 17-də Gürcüstanın “Biblus” kitab mağazaları şəbəkəsi video-müraciət yayan hazırkı və keçmiş əməkdaşlarını məhkəməyə verib və müraciətdə səsləndirilən faktların təkzib olunmasını tələb edib.
Söhbət şirkətin dörd hazırki və iki keçmiş əməkdaşından gedir. Onlar fevralın 9-da video-müraciət yayaraq ağır iş şəraiti haqda danışıblar. Video müəlliflərindən birinin sözlərinə görə, mağazanın konsultantları gündə 10 saat işləyirlər, onların aylıq maaşı isə 300 laridir (113 dollar).
“Biz konsultantlar konsultantın funksiyaları ilə yanaşı kassir, xadimə, anbar işçisi və hambalın görməli olduğu bütün işləri yerinə yetirməyə məcburuq”, – əməkdaşlardan biri videoda danışır.
“Bilbus” şirkəti bu deyilənləri rədd edib və əməkdaşlarını yalan danışmaqda günahlandırıb. “Bilbus Qalereyası”nda bildirirlər ki, şirkətdə iş günü 8 saatdan (iki növbədə işləyirlər) ibarətdir, həmçinin əməkdaşlar üçün bonuslar sistemi tətbiq edilir.
Şirkət videonun iki müəllifini işdən azad edib, səbəb kimi isə onların şirkətin nüfuzuna xələl gətirməsi göstərilib. Bu qərara görə “Auditoriya 115” tələbə təşkilatı mağazanın içindəcə etiraz aksiyası keçirib, şirkət onları mağazadan patrul polisinin köməyilə çıxarmalı olub.
“Bilbus” əməkdaşlarının yaydığı video-çarx ictimaiyyət arasında geniş rezonans doğurub, eynən daha əvvəl “Fresko” hipermarketlər şəbəkəsinin əməkdaşlarının yaydığı video-müraciət kimi. Onlar da iş şəraitinin ağırlığından və əmək haqqının azlığından şikayət etmişdilər.
Dövlət Əmək Müfəttişliyi hələ ki bu müraciətlərə heç bir reaksiya verməyib. Səhiyyə və Sosial Müdafiə naziri David Serqeyenko jurnalistlərə bildirib ki, “Əmək Müfəttişliyi sosial şəbəkələrə reaksiya xidməti deyil”. Nazir narazı əməkdaşlara məhkəməyə müraciət etməyi məsləhət bilib.