Gürcüstanın keçmiş baş naziri: məni ölkəni qeyri-formal idarə etməkdə günahlandıranların ictimai nəzarət anlayışından xəbərləri yoxdur
Gürcüstanın keçmiş baş naziri və “Gürcü arzusu” iqtidar partiyasının lideri Bidzina İvanişvili siyasətə qayıdandan sonra İctimai Televiziyanın “Aktual mövzu” verilişində ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Verilişin aparıcıları İvanişviliyə onun iqamətgahında baş çəkiblər.
İvanişvilinin müsahibəsi bir neçə mövzunu, o cümlədən də onun ölkəni qeyri-formal idarə etməsi, baş nazir Giorgi Kvirikaşvilinin istefası, Gürcüstanın bank sisteminin islahatları, yoxsulluq, KİV, dendroloji parkın yaradılması və əsrlik ağacların ora köçürülməsi məsələlərini də əhatə edib.
“Onlar ictimai nəzarət və qeyri-formal idarəetmə arasında fərq görmürlər!”
Bu yaxınlarda “Gürcü arzusu” partiyasının sədri qismində yenidən siyasətə qayıdan Bidzina İvanişvili dövləti qeyri-formal olaraq idarə etdiyini qəti şəkildə inkar edib.
“Mən ictimai nəzarəti həyata keçirirdim, daha qeyri-formal idarə etmirdim”, – deyə o bildirib. İvanişvilinin sözlərinə görə, o, keçmiş baş nazir Giorgi Kvirikaşvilini idarə etməyib, onun işinə və funksiyalarına qarışmayıb. Bununla belə o, qeyd edib ki, bir dəfə bank sistemi sahəsindəki işlərə qarışmaq istəyib. İvanişvili həmçinin baş nazirliyə yeni namizədin seçilməsində iştirak etdiyini də inkar etməyib və nəticədə bu vəzifəyə Mamuka Baxtadze seçilib.
“Banklar ölkəni yeyib-bitiriblər, nizamlamalar qəbul etmək lazımdır, amma mən buna nail ola bilmədim. Başqa məsələlərlə bağlı mən ona [Giorgi Kvirikaşviliyə] müraciət etməmişəm və məndən onun ofisinə tez-tez zəng olunmayıb. Əgər telefon danışıqları olubsa da, bir qayda olaraq o zəng vurub, formal məsələlərlə bağlı, mən isə imkan daxilində onun suallarına cavab vermişəm. Məni günahlandırdıqları şey qeyri-formal idarəetmə adlanmır, bu sadəcə ictimai nəzarətdir; məni günahlandıranların ictimai nəzarətin nə olduğundan başı çıxmır və bilmirlər ki, cəmiyyətin müəyyən etibarına sahib olduğum üçün mənim buna haqqım var. Bu haqdan mən istənilən zaman yararlana bilərəm və hakimiyyəti tənqid edə bilərəm”, – İvanişvili bildirib.
Onun sözlərinə görə, Giorgi Kvirikaşvilinin istefasının səbəbi onun ölkəni idarə edə bilməməsi və onun işinin səmərəsizliyinin iqtidar komandasını dağılmaq təhlükəsi altına qoyması ilə bağlıdır. İvanişvili hesab edir ki, “dövlət və biznes arasında maraqlar balansı pozulub və Kvirikaşvilinin istefadan başqa çıxış yolu qalmayıb və o, vəzifəsini tərk edib”.
Bidzina İvanişvili müsahibə əsnasında bildirib ki, yeni baş nazir Mamuka Baxtadze vergi siyasətinin reallaşdırılmasında iki illik baş nazirliyi müddətində Giorgi Kvirikaşvilidən və iqtisadi inkişaf naziri Dmitri Kumsişvilidən ümumilikdə daha böyük rol oynayıb. Məhz Baxtadze ölkədə mövcud olan borcların çoxluğu və bank nizamlamalarının vacibliyi məsələsini qaldırıb.
“İki bank bütün ölkəni yeyib-bitirib”
İvanişvilinin sözlərinə görə, o, tez-tez Giorgi Kvirikaşviliyə “iki bankın ölkəni yeyib-bitirdiyini deyirmiş”. Borcların həddən artıq çoxluğu onun baş naziri günahlandırdığı yeganə məsələ olub. İvanişvili bəyan edib ki, onun üçün əhalinin borcları ilə bağlı məsələ UNISEF-in hesabatı ilə tanışlıqdan sonra daha faciəvi olub. Hesabatda qeyd edilib ki, “Gürcü arzusu”nun idarəçiliyi müddətində ölkədə yoxsulluq səviyyəsi artıb.
“Bu göstəricinin böyük hissəsini məhz borcların çoxluğu təşkil edib. Əhali əsarətddən çıxa bilmir və bu, heç normal deyil. Bu fonda “Sakartvelos bank” və TBC-bank rentabelliyinə görə dünya reytinqlərində aparıcı yerləri tutur, bununla qürur duymaq olar, amma eyni zamanda medalın digər üzü də var – əhali gəlirlərinin üçdə birindən çoxunu bank borclarının ödənməsinə sərf edir və bu artıq biabırçılıqdır. Bu iki komponent bir araya sığmır”, – İvanişvili bildirib və banklardan uzaq durmaqla bağlı səslənən təklifə, həmçinin ümumilikdə bankların əleyhinə deyil ki, sualına skeptik yanaşıb.
Keçmiş baş nazir onun ailəsinə məxsus “Karta bank” məsələsinə də toxunub və vurğulayıb ki, bu bank xüsusi rentabelliklə seçilmir və onun kapitalı bu gün yaradıldığı zaman olan kapitalından daha azdır. İvanişvilinin sözlərinə görə, o, “Karta bank”ın yaradılmasına 200 milyon vəsait yatırıb, indi isə bankda bu qədər pul yoxdur. O bildirib ki, “Karta bank”ın satışı məsələsini gözdən keçirir, amma bunu uyğun zamanda reallaşdıracaq. Onun dediyinə görə, bazarda iki bank azdır, üçüncü güclü banka ehtiyac var.
İvanişvili “Gürcü arzusu”nun prezidentliyə namizəd irəli sürməsinin əleyhinədir
Bidzina İvanişvili bəyan edib ki, prezident kampaniyasında iştirak etməsi üçün partiyada bir neçə nəfərin namizədliyi müzakirə olunub. Onların arasında İvanişvilinin özü, qaçqın və məcburi köçkünləin işi üsrə keçmiş nazir Sozar Subari, baş nazirin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze, səhiyyə naziri David Sergeyenko, ədliyyə naziri Teya Tsulukiani var.
Bununla belə İvanişvili vurğulayıb ki, o özü “Gürcü arzusu”nun prezidentliyə namizəd irəli sürməsinin əleyhinədir və hesab edir ki, partiya bitərəf namizədlərdən ən layiqlisini dəstəkləməlidir. Amma belə namizəd ortaya çıxmasa, “qoy o zaman [bu vəzifəni] müxalifət götürsün”. Onun sözlərinə görə, bu gün yerli administrasiyalardan tutmuş baş nazirə qədər ölkədəki bütün rəhbər vəzifələri “Gürcü arzusu”nun nümayəndələri tutur.
“Parlamentdə biz konstitusuon çoxluğa sahibik və Avropa üçün bu müəyyən mənada əcaib bir şeydir. Təəssüf ki, iqtisadiyyatımız kasıb olduğu kimi siyasi isteblişmentimiz də çox kasaddır”, – İvanişvili deyib.
İvanişvili: “Əsrlik ağacların köçürülməsi üçün əhaliyə 112 milyom lari ödəmişəm”
Birinci İctimai Yayım kanalına müsahibəsində Bidzina İvanişvili əsrlik ağacları Qərbi Gürcüstandan yaratdığı dendroparka köçürməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, müxalifət onu Açara və Sameqreloya barbar münasibətdə, ağacların köçürülməsi zamanı dəmiryolunun bağlanmasında, elektrik təchizatında problemlərin yaranmasında, regionun yaşıl örtüyünün məhv edilməsində, ekologiyaya bərpa olunmayan ziyanın vurulmasında günahlandırır.
İvanişvili bəyan edib ki, kompensasiya olaraq o, yerli əhaliyə 12 milyon lari ayırıb, bütün köçürülmə prosesi isə büdcəyə əlavə 14 milyon lari qazandırıb. O, vurğulayıb ki, Gürcüstan Dəmiryollarına yetəri qədər böyük məbləğdə vəsait ödəyib və ağacların köçürülməsinin qatarların qrafikinə qətiyyən təsir etmədiyini, sadəcə bir neçə dəfə 5-10, uzağı 15 dəqiqəlik ləngimələrin olduğunu qeyd edib. İvanişvili bildirib ki, dendroparkın yaradılması əslində olduğundan baha başa gəlir, amma bu park cəmiyyətə məxsusdur və həmişə Gürcüstanda yerləşəcək.
Keçmiş baş nazir Qaradəniz sahilində Şekvetilidə şəxsi torpaq sahəsində dendroloji park salır, bunun üçün də ora Qərbi Gürcüstandan unikal ağaclar köçürür.